Nağıllar, hekayələr

Bolqar nağılı. İki yüz iyirmi hiylə

Tülkü lələ və kirpi möhkəm dost olmuşdular. Hər yerə birlikdə gedirdilər: Kirpi hara getsə tülkü kirpinin yanında, tülkü hara getsə kirpi tülkünün yanında olardı. Bir dəfə tülkü dedi:

 

- Kirpi, gəl üzüm bağına gedək!

 

- Getməyinə gedək, tülkü. Bəs gözətçi necə olacaq?

 

- Ay səni! Sən hər şeydən qorxursan. Mən səninləyəm! İki yüz iyirmi hiylə bilirəm. Kirpi, heç olmasa birini bilirsən?

 

- Yalnız üçünü bilirəm, lakin - etibarlı üçünü.

 

- Yaxşı, o zaman gedək! - Tülkü lələ dedi.


 Üzüm bağına gəldilər və gizlincə üzüm toplamağa başladılar.

 

- Bəh-bəh, necə də şirindi! - tülkü dedi. - İrəli get kirpi, qardaşım! Bundan sonrakı üzüm daha şirindir!

 

- Burda da şirindi, tülkü!

 

- İrəli, daha irəli gedək! Gör qabaqdakılar nə qədər sarıdılar! Gözlə, qırmızı rəngi olanında dadına baxacam! Ə-əla!

 

Tülkü sözünü bitirməmişdi ki, tap, - tələyə düşdü.

 

- Aman Allah! Bəla! - tülkü həyacanla qışqırmağa başladı - Xahiş edirəm, kirpi! Sən mənim qardaşımsan, mənim bacımsan! Bir hiylə de, burdan azad olum! 

 

- Nə danışırsan, tülkü! Məndən hiylə gözləyirsiniz? Özün iki yüz iyirmi hiylə bilirsən, mən isə yalnız üçünü!

 

- Ah, çoxunu bilirdim, kirpi! Tələyə düşən kimi hamısı başımdan uçub getdi. Mənə ən azı birini de!

 

- Yaxşı, - kirpi dedi.- Gözətçi gələndə özünü yazıq kimi göstər; ona yaltaqlanmağa başla; quyruğunu bula; Səni əhilləşmiş biri kimi tanıyacaq; səni  öldürməyib evinə aparmaq istəyəcək. Oradan qaçarsan. Görüşərik, dosdum! Meşədə səni gözləyəcəm!

 

Kirpi qaçıb getdi. Gözətçi gəldi, tülkünü görüb dedi: 

 

Ahaaaa! Əlimə düşdün, Tülkü lələ! Ancaq tülkü quyruğunu yellədi, gözətçinin ətrafında fırlanmağa başladı.

 

- Yəqin ki, öyrədilmiş tülküdür! - gözətçi düşündü. Tülkünü evinə apardı, ağaca bağladı. Yenə üzüm bağını dolaşmağa getdi.

 

Hiyləgər tülkü isə ipi gəmirərək qırdı və oradan qaçdı. Ertəsi gün tülkü yenidən kirpiyə dedi:

 

- Gəl, kirpi, üzüm üçün üzüm bağında gedək!

 

- Bəs tələ, tülkü?

 

- Boş şeydir, - tülkü dedi. - Mən heç nədən qorxmuram. Hətta hiylələrimi belə xatırlayıram. İki yüz iyirmi hiylə Mənə də, Sənə də yetər. Gəl gedək!

 

Yaxşı, gedək! - kirpi dedi.

 

Birlikdə yenə üzüm bağına gəldilər. Təzəcə üzüm bağına daxil olmuşdular ki, tap... - tülkü yenə tələyə düşdü.

 

- Ah, kirpi, fəlakət! Xahiş edirəm, tez mənə bir hiylə öyrət!

 

- Mən necə hiylə öyrədə bilərəm, tülkü? Mənim yalnız iki hiyləm qalıb, sən də isə iki yüz iyirmisi var.

 

“Yenidən onları unutdum, qardaş. Sən mənim atamsan, sən mənim anamsan! Mənə bir hiylə daha ver!

 

Kirpinin yazığı gəldi. Dedi:

 

- Gözətçi gələndə özünü ölü kimi göstər. Səni vuracaq, təpikləyəcək və kənara atacaq. Tez dur ayağa, uzaqlaş ordan!

 

Kirpi meşəyə qaçdı. Gözətçi gəldi. Tülkünü görüb  dedi:

 

- Yenə sən, tülkü, yaxalandın! İndi sənin dərsini verəcəm!

 

Gözətçi ayağı ilə tülküyə vurdu - tülkü tərpənmədi. 

 

Gözətçi öldüyünü sandı və tülkünü özü ilə  kəndə apardı.

 

Evə gəlib arvadına öyünərək dedi:

 

- Çıx bayıra, arvad! Mən sənin kürkün üçün tülkü dərisi gətirmişəm! 


Gözətçi tülkünün dərisini soymaq üçün evə bıçaq dalınca gəlmişdi, tülkünü isə ağac kötüyünün üstünə qoymuşdu.


Arvad həyətə çıxdı. Ora baxdı, bura baxdı, amma nə dəri, nə də tülkü gördü. Gözətçi də çölə çıxdı. Bıçağı itiləməyə başladı.

 

- Nə danışırsan, kişi, - arvad deyindi, - zarafat edirsən? Bəs bəri haradadır?

 

- Kötüyünü üstündə!

 

Gözətçi ətrafa baxdı. Tülkü yoxdur.

 

- Ah səni, Tülkü lələ! Yenidən qaçdın! Yaxşı, gözlə, əlimə yenə düşəcəksən!

 

Çox vaxt keçmədi, tülkü yenidən kirpiyə dedi:

 

- Gəl, kirpi, üzüm bağına gedək!

 

- Eh, tülkü, ağlın var, yoxsa yox? Tələni nə tez unutmusan?

 

- Bu o zaman idi! Mənim hiylələrim çoxdur. Onlar Mənim üçün, Sənin üçun də kifayətdir. 

 

Kirpini inandırdı. Gəldilər üzüm bağına. Baxdılar - üzüm bağının girişində xəndək qazılıb.

 

Tülkü hoppandı- atladı, kirpi hoppandı- düşdü xəndəyə.

 

- Xahiş edirəm, tülkü, kömək et! - kirpi dostu-tülküyə üz tutdu - Mənə bir hiylə de!

 

- Eh, kirpi, hiylələrin çoxunu bilirdim, amma indi tullananda hamısı başımdan uçub getdi.

 

- Elədirsə, mənim sonumdur! - kirpi dedi, - Həyatımın sonu gəldiyinə görə, dostum, gəl vidalaşaq! Gəl dodaqlarımızdan öpək!

 

Tülkü ona tərəf əyildi. Kirpi sanki öpmək istəyirmiş kimi tez tülkünün dodağından tutdu. Tülkü göyə sıçradı - kirpini isə çuxurdan çıxardı. Kirpi isə tutub tülkünün dodağından, buraxmır.

 

Gözətçi uzaqdan göründü. Tülkü lələ bacardığı qədər qaçmağa başladı, kirpini isə özü ilə sürüklədi.

 

Tülkü meşəyə qaçdı. Yalnız orada kirpi onu buraxıb dedi:

 

- Əlvida, tülkü! Sənin kim olduğunu başa düşdüm. Sənin hiylələrinə ehtiyacım yoxdur. Yalnız üç hiylə bilirəm, üçü də - etibarlı.