Nağıllar, hekayələr

Yunan mifologiyasının qəhrəmanı – Yason

Qədim yunan mifologiyasının əfsanəvi qəhrəmanı Yason, İolk çarı Eson və Polimedin oğlu, Kolidon ovunun iştirakçısı və "Arqo" gəmisində Kolxidə "qızıl qoyun dərisi" dalınca yola düşən arqonavtların başçısı olub. O, qəzəbli tanrı Artemidanın Oyneya çarının torpağına göndərdiyi dəhşətli və qorxulu qabana qarşı Kolidon ovunda Yunanıstanın digər cəsarətli döyüşçüləri ilə birlikdə iştirak edib. Yason haqqında əfsanə Homerin İliada və Odissey dastan poemasında qeyd olunur.


Salmoneya çarının qızı Tiro atasının ölümündən sonra əmisi çar Krefeyin İolkdakı sarayına köçür. Qızcığaz böyüdükdən sonra çay tanrısı Enipeyayə vurulur. Bu məhəbbətinin qarşılığını görməyən Tiro hər gün çay sahilinə gələrək göz yaşları tökür. Bir dəfə tanrı Poseydon qıza vurularaq, Enipeya cildinə girərək onun könlünü alır. Sonra Poseydon öz cildinə qayıdaraq qıza bu əlaqəni sirr olaraq saxlamağı tapşırır. Poseydondan əkiz uşağa qalan Tiro sarayı tərk edərək çay qırağında əkizləri dünyaya gətirir və onları bir zənbilə qoyub çayla axıdır. Bir mehtər əkizləri tapır, onlara Peliy və Neliy adları verərək böyüdür. Sonralar təsadüfən mehtərdən xəbər tutan Tiro uşaqları qəbul edir. Bu zaman Tiro artıq çar Krefeyə ərə getmiş və ondan üç oğlu: Eson, Amifaon və Feret dünyaya gəlmişdir. Krefey öldükdən sonra onun yerinə keçən Eson sonralar Peliy tərəfindən hakimiyyətdən zor gücünə devrilir. Bunu gürən Eson oğlu Yasona görə narahat olaraq, uşağın guya ölmüş olduğunu bildirərək, onu gecə ilə Peliona, kentavr Xironun mağarasına yola salır. Burada Xironun təsiri ilə bədənini və ruhunu möhkəmləndirən Yason iyirmi yaşına çatdıqdan sonra İolka ata mülkünə sahib olmaq üçün yola düşür.


Yolda gənc Yason qoca qarı cildində Hera ilə rastlaşır. Qarını belinə alaraq Anavr çayını keçməkdə ona yardım edir. Bu zaman o, ayaqqabısının bir tayını çayda itirir. İloka bir ayaqqabı ilə gəlib çatır. Poseydona qurban verməyə hazırlaşan İlok əhalisi Apollona bənzəyən sarışın burma saçlı yaraşıqlı gənci görcək valeh olurlar. Öz arabasında hadisə yerinə gələn Peliy bundan bərk narahat olur. Yason ondan hakimiyyəti təhvil verməyi tələb edir. Peliy guya buna etiraz etmədiyini bildirir. Lakin bunun müqabilində ona uzaq Kolxidadan "qızıl qoyun dərisini " gətirməsini tapşırır. Peliy Yasondan azad olmaq məqsədi ilə onu bu qorxulu səyahətə yola salmaq istəyir. Peliyin təklifini qəbul edən Yason səyahətə hazırlaşır.


İlk növbədə 50 avarlı gəminin düzəldilməsi üçün Yason usta Arqa müraciət edir. İlahə Afinanın yardımı ilə gəmi möhkəmlik və eyni zamanda ekipajın daşıya biləcəyi qədər yüngülüyə malik olur. Gəmi yüksək sürətə malik olduğundan "Arqo" (argos - sürətli) adını almış olur. Gəmi hazır olduqdan sonra Yason Yunanıstanın hər yerindən cəsur qəhrəmanları bu səyahətdə ona yoldaşlıq etməyə dəvət edir. Beləliklə dənizçi Arqonavtlar yaranır.


Kolxidaya çatan Yason Eetin yanına gələrək gəlişinin məqsədini ona açıqlayır. Eet bilirdi ki, "qızıl qoyun dərisi" palıd ağacından asıldıqca onun çarlığı da bir o qədər ömürlü olacaq. Buna görə də Yasona mane olmaq üçün onunla şərt kəsir ki, mis ayaqlı xam öküzü ram edərək kotana qoşub yeri şumlayarsa və əjdaha dişlərini toxum yerinə səpərsə onda dərini ona verə bilər. Bu işdə Yasona Heranın təsiri altında ona vurulmuş Eetin qızı Medey köməklik göstərərək, öküzün burnundan püskürən alovdan qorunmaq üçün Yasona sehrli məlhəm verir. Məlhəmin köməyi ilə Yason öküzü asanlıqla ram edib, qoşquya qoşaraq yeri şumlayıb, əjdaha dişlərini toxum yerinə səpir. Toxumlardan peyda olan nəhənglər onu əhatə etdikdə , əvvəlcədən ona deyildiyi kimi onların arasına daş ataraq nifaq salır və nəhənglər bir birini məhv etməyə başlayır. Beləliklə Eet çərti uduzur, lakin buna baxmayaraq o, dərini verməkdən imtina edir. Bu zaman Medey Yasonun köməyinə gələrək "qızıl qoyun dərisini" qoruyan əjdahanı yuxuya verərək, dərini əldə etməkdə onlara yardım edir və arqonavtlarla birlikdə Kolxidanı tərk edir. Alkinoy çarlığına - Feaklar adasına yetişən Yason və Medey Alkinoyun arvadı Aretin məsləhəti ilə evlənirlər.


Geri döndükdə Yason Peliyin onun atasını və qohumlarını öldürdüyünü görür və Medeyin köməyilə qisas almaq qərarına gəlir. Medey Peliyin qızlarını inandırır ki atalarının cavanlaşmasını istəyirlərsə gərək onu gecə yatarkən öldürsünlər. Medeyin bu hiyləsinə aldanan qızlar ataları Peleyi öz əlləri ilə öldürürlər. Yason qisasını alır.


Yasonun necə öldüyünə dair bir neçə fərziyyə var. Bəzi fərziyyələrə görə qəhrəman ya özünü asaraq ölüb, ya da Kreontun qızı ilə birgə Argos tanrısı Heranın müqəddəs məkanında öldürülüb. Dördüncü versiyaya görə isə, yaşlanmış Yason öz gəmisinin dağıntıları altında qalaraq ölür.