Simax Şeyda. Azad edək
Şuşa, Şuşa deyirsən
Bu qədər neçin, ata?
Kədər ilə salırsan
Hər gün onu
sən yada.
-Mənim ağıllı balam
Sözlərimə qulaq as,
Şuşa kimi şəhərdən
Bu dünyada tapılmaz.
Gözəldir başdan-başa,
Onun hər bir qucağı,
Vardı təmiz havası,
Neçə sərin bulağı.
Durur "Cıdır düzü" də
Kədər içində indi.
Vaqifin məqbərəsi
Kim bilir nə gündədi.
Gözlərimi açmışam
Bu torpaqda bir səhər
Mənim canım-ciyərim
Sevincimdi bu şəhər.
Vardı ayaq izlərim,
Hər küçədə, hər tində.
Neçə ildir, əsirdir
Şuşa düşmən əlində.
Fikrə gedib bir qədər
Belə söylədi Babək.
-Ata, gedib Şuşanı
Düşməndən azad edək!
13.07.2020