Nağıllar, hekayələr

Maqsud İbrahimbəyov. Püstə ağacı

ixtisarla


Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən - məhəllə uşaqlarından başqa, heç kəs buna təəssüflənmədi. Hədər yerə gecədən xeyli keçənədək binanın damında oturub hava hücumunu gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da asılı qaldı.


Lövhə divardan asılmışdı və orada hava hücumu vaxtı nə etməyin lazım gəldiyi göstərilmişdi. Biz onu əzbər bilirdik, amma hədər yerə. Bunlar hamısı bütün müharibə dövründə asılı vəziyyətdə qaldı.


Bizim cürbəcür silahlarımız vardı. Qılıncları özümüz quraşdırırdıq, çəlləyin ağaclarını çıxarıb, əyrisini düzəldir, dəstəyinə əsgi dolayırdıq və nəticədə çox yaxşı qılınc alınırdı.


Qılıncdan başqa, bizim qundaqsız tüfənglərimiz, iki mağazasız tapançamız, alman dəbilqəmiz vardı. Bütün bunları biz Salyan kazarmalarının yaxınlığındakı zibillikdən tapmışdıq. Orada otun üstündə cürbəcür silahlardan təpə vurulmuşdu, zenit toplarının lüləsi, qumbara dəstəyi, tırtılsız tanklar və üstündə xaç çəkilmiş iki təyyarə vardı. Danışırdılar ki, oranı yaxşı axtarsaq, dəzgahlı pulemyot və ya tank əleyhinə mina da tapmaq olar. Biz çox axtardıq, ancaq nə mina, nə də pulemyot tapdıq. Güllələri konserv qutularına yığırdıq, zirzəmidə bu qutuları ocağın üstünə qoyur, həyətdə oturub nə baş verəcəyini gözləyirdik.


Hər dəfə eyni bir hadisə olurdu — zirzəmidə dəhşətli atışma başlayır, qutudakı güllələr partlayırdı. Bütün qapılardan qorxuya düşmüş qonşular bayıra atılırdı. Onlar nə baş verdiyini anlaya bilmirdilər. Biz də, əlbəttə, özümüzü elə göstərirdik ki, guya, heç nədən xəbərimiz yoxdur, amma, əlbəttə, dava-dava oynamaqda davam edirdik.


Bizim yaşadığımız ev böyük və çox gözəl idi. Ev ikimərtəbəli idi, bütün ikinci mərtəbə boyu balkonlar sıralanırdı. Həyətdə isə böyük bir püstə ağacı bitmişdi. Elə böyük idi ki, ikinci mərtəbənin balkonuna kölgəsi düşürdü.


Bizim üçün çox əlverişli ağac idi. Kəşfiyyat oyunu oynayanda onun budaqları arasında gizlənirdik və heç kəs bizi tapa bilmirdi. Bakının heç bir həyətində belə böyük püstə ağacı yox idi. Payızda püstə yetişəndə biz onları yığıb bütün qonşular arasında bərabər bölürdük. Püstəni əvvəlcə qərargaha toplayır, sonra hər mənzilə bir böyük kağız torbada paylayırdıq. Hamı da bizə “sağ ol” deyirdi.


Biz bütün işlərimizi qərargahda həll edirdik. Birimizin əlinə pul düşəndə Bazar küçəsindəki dükandan poqon və ulduz alırdıq. Hər igidliyə görə biz yeni ulduz verirdik, belə ki, tezliklə həyətimizdə bir nəfər də sıravi yox idi, hamı polkovnik, general, marşala çevrilmişdi. İki qız - Həmidə və Tamaşa isə sanitar-general rütbəsi almışdı. Hamımız bilirdik ki, qızlardan general olmaz, amma onlar yaralıların yarasını sarımağa razı olmurdular. Biz küçəmizdəki iki həyətin uşaqları ilə döyüşürdük. Yaxşıca vuruşma olurdu.


Hamı küçəyə çıxır, qılınclaşırdı. Hətta küçədə hərəkət dayanır, bütün qonşular döyüşə tamaşa etmək üçün pəncərələrdən boylanırdılar. Döyüşdən sonra əsirləri, ələ keçirdiyimiz qənimətləri dəyişirdik. Bizim həyət döyüşdə tez-tez qalib gəlirdi, təcrübəli sərkərdələrimiz və igid döyüşçülərimiz çox idi. Hər gün biz dava-dava oynayırdıq, amma haradasa əsl müharibə gedirdi. Biz onun haqqında yaşlılardan eşidirdik, amma onu dəhşətli saymırdıq.


Bir gün bizim həyətə yeni qonşular köçdü. Oğlan və qız. Onlar bizdən kiçik idilər, hətta adlarını da bilmirdik. Onlar heç vaxt bir-birindən ayrılmır, pilləkəndə oturub həyət boyu yürüşümüzə və qılınclaşmağımıza baxırdılar.


Onlara birinci mərtəbədə mənzil vermişdilər və orada öz anaları ilə yaşayırdılar. Məncə, o, heç bir yerdə işləmirdi, çünki heç vaxt evdən çıxıb getmir, həmişə paltar yuyurdu. O, fasiləsiz olaraq püstə ağacının kölgəsində paltar yuyurdu. Səhərdən axşamacan paltar yuyurdu. Hərdən dikəlib belini ovuşdurur, saçlarını yığır və yenə də təknənin üzərinə əyilirdi. Qonşularımız deyirdi ki, paltaryuyandır, camaşırxanadan evdə yumaq üçün paltar götürür. Yəqin ki, düz idi.


Bir ailədə onun yuduğu qədər paltar ola bilməzdi. Paltarları yuduqdan sonra həyətdə harada mümkünsə iplərdən asır və kimsə onlara toxunanda bərk hirslənirdi.


Bu qadının xasiyyəti elə pis idi ki, doğma uşaqları da ondan qorxurdu. Bir sözlə, bizim həyətdə yaşamaq olduqca çətinləşmişdi. Nəinki döyüşmək, heç tüstü pərdəsi də yaratmaq mümkün deyildi.


Biz kino lentini kağıza büküb yandırmaqla tüstü pərdəsi yaradırdıq. Qonşu qadın deyirdi ki, tüstüdən paltarlara his çökür. O, paltarı yuyur, sonra isə təknədəki suyu püstə ağacının dibinə tökürdü. Təknədəki su qələvili idi, müharibə vaxtı sabun tapılmırdı. İlk vaxtlar o, paltar yuduqdan sonra suyu çirkab çalasına tökürdü, amma sonra, görünür, çirkab quyusu həyətin o biri başında, darvazanın yanında olduğu üçün çətinlik çəkdi. Axı o, nərmənazik idi, paltar yuyanda əlinin damarları şişirdi. Anam deyirdi ki, çətin həyat insanların xasiyyətini korlayır, amma axı müharibə vaxtı hamı çətinlik içində idi. Biri elə mənim anam, səhərdən axşamadək işləsə də, evə gəlib mənim döşəməni və ya qabları yuduğumu gördükdə gülümsəyir və mən görürdüm ki, onun bütün yorğunluğu keçib-gedir.


Əgər bütün adamların xasiyyəti qonşu qadının xasiyyəti kimi olsa, gərək baş götürüb qaçasan.


O isə paltar yumaqda davam edir, uşaqları kədərli gəzir, yuduğu paltarların suyunu püstə ağacının dibinə tökürdü. Bir dəfə evlər müdiri onu məzəmmət etdi, amma o, təknədən kənara çəkilib əllərini sildi və yavaşca cavab qaytardı. Evlər müdiri qızardı və dərhal çıxıb getdi.


Amma biz buna baxmayaraq, dava-dava oynamaqda davam edirdik və şənbə günü dərsdən sonra döyüş təyin etmişdik. Birdən bu püstə ağacı əhvalatı baş verdi.


Səhər biz, adət üzrə, məktəbə birlikdə getmək üçün həyətdə görüşəndə, kim isə püstə ağacına nəzər saldı və qışqırdı. Biz hamımız ağaca baxdıq və gözlərimizə inanmadıq. Elə bil bu, bir yuxu idi, ağac çılpaq idi, bir gecədə bütün yarpaqlarını tökmüşdü, lüt budaqlarda qalmış püstə salxımları görünürdü.


Həyətdə elə səs-küy qalxdı ki! Hamı eyni vaxtda qışqırır, ağız deyəni qulaq eşitmirdi. Mən ancaq qonşu qadınlardan birinin o birinə dediyi: “Yeni qonşu, axır ki, ağacı məhv etdi”, - sözlərini eşitdim. Digər qadın isə deyirdi ki, aqronom çağırmaq lazımdır, bəlkə, o, ağacı xilas edə.


Yeni qonşu qadın səs-küyə çıxdı, sakitcə qulaq asdı, sanki bütün bu haray-həşirin ona dəxli yox idi, sonra var-gücü ilə qapını çırpıb mənzilə girdi.


Aqronom elə həmin gün gəldi. O, püstə ağacına baxıb dedi ki, biz heç nə edə bilmərik. Bu gün ölən təkcə ağaclar deyil. Bu ağacdan yalnız odun olar.


Həmin gün şənbə idi. Biz qərargahda oturmuşduq. Hamı yığışmışdı və yeni qonşuya nə deyəcəyimizi müzakirə edirdik. Biz qərara gəldik ki, o, çox kinli, axmaq qadındır və onun bizim evdə yaşamasını istəmirik.


Hamımız birlikdə onun qapısına yaxınlaşdıq və qapını döydük. Qapını bir neçə dəfə döysək də, heç kəs cavab vermədi və biz otağa girdik.


O, çarpayıda oturub ağlayırdı. Mən heç vaxt bir adamın belə ağladığını görməmişdim. O, bizə fikir vermədən paltar yumaqdan şişmiş, göy damarları çıxmış əlləri ilə üzünü tutub ağlamaqda davam edirdi. Onun oğlu və qızı biz gələndən bir neçə saniyə sonra qorxu içində susdular, az sonra yenə səs-səsə verib ağlamağa başladılar və analarının üstünə atıldılar.


Biz isə, polkovniklər, generallar, marşallar onun qarşısında durub susurduq. Hamımızı qəhər boğurdu. Biz ona demək istəyirdik ki, dünyanın ən gözəl ağacı onun göz yaşlarına dəyməz və yaşlı olsaydıq, yəqin ki, elə belə də deyərdik... Bir də ki belə hallarda yaşlıların nə dediyini haradan biləsən.


Biz geri dönüb öz qərargahımıza qayıtdıq. Poqonlar və ulduzlar üçün yığdığımız bütün pulları götürdük. Kubinkaya getdik. Kubinkada ağac tingləri satılan yeri çox axtardıq. Deyirdik ki, biz ancaq püstə ağacı axtarırıq. Axır ki, çoxlu ağac tingi yığılmış yeri tapdıq, bankalarda da cürbəcür toxumlar var idi. Biz satıcıya yaxınlaşıb püstə ağacı istədik.


- Banan ağacı? - deyə satıcı soruşdu və qonşusuna göz vurdu.


Biz püstə ağacı istədiyimizi dedik və bütün pullarımızı ona verdik.


Satıcı yerdəki ting topasının içindən birini seçib bizə uzatdı. Dedi ki, əsl püstə ağacıdır, bundan yaxşı püstə ola bilməz, özü də onu tez-tez sulamağı məsləhət gördü.


Biz onu növbə ilə götürüb evə apardıq. Bütün gün çuxur qazıb ətrafdakı torpağı şumladıq, sonra isə ağacımız üçün peyin yığmağa getdik, 28-ci evin uşaqları da bizə qoşuldu. Sonra hamımız yeni qonşunun yanına gedib dedik ki, təzə ağac əkmişik, o daha ağlamasın, sadəcə, ehtiyatlı olsun, qələvili su tökməsin. Onda hər şey qaydasında olacaq.


O, hamımızın başını sığalladı və dedi ki, tez çıxıb gedək, yoxsa indicə özünü saxlaya bilməyib ağlayacaqdır. Onun səsi də çox qəribə idi, sanki o, dözülməz ağrı içində idi. Sifəti də ağlamsınmış idi, buna baxmayaraq, o, gözəl görünürdü. Deyəsən, biz gedəndən sonra, hər halda, o ağladı, bəlkə də, bu bizə belə gəlirdi.


Axşam anam dedi ki, yeni qonşunun əri davada öldürülüb və dünən o, qara xəbər alıb. Həmin gün bizim həyətdə dava-dava oyununa son qoyuldu...


Əkdiyimiz ağac isə boy atdı, amma bu, püstə ağacı deyildi, nə isə naməlum bir ağac növü idi. Biz onu hər gün sulayırdıq, hamıdan yaxşı isə ağaca yeni qonşu qadın qulluq edirdi. İndi ona heç yeni də demək olmaz, axı o vaxtdan iyirmi il keçib.


Bütün qonşular ağacın kölgəsinə söhbətə yığışır. Heç kəs də onun püstə olmamasına təəssüflənmir.