Fiziklər səmaya necə yol tapdılar?
İnsanlar lap çoxdan uçmaq arzusunda olublar. Amma səmaya qalxmağın yolunu XVIII əsrin sonunda düşünüb tapıblar. İnsanlar uçmağa ilk dəfə onda cəsarət ediblər. Bu hadisə necə baş verib və bu işdə fiziklərin xidməti nədən ibarət olub?
Fransada Jozef Mişel və Jak Etyen Monqolfye qardaşları yaşayırdı. Onlar Anone şəhərində kağız fabrikinin sahibi idilər. Böyük qardaş fizik idi və deməli, bir alim kimi güclü müşahidə qabiliyyəti vardı. Fabrik borularından çıxan tüstünün səmaya qalxması onun diqqətini cəlb edir. Görəsən, bu tüstünü “yaxalamaq” və insanı da özü ilə bərabər səmaya qaldırmağa məcbur etmək mümkündürmü? Lakin tüstünü necə “yaxalamaq” olar?
Kağız fabrikində kağızdan bol nə vardı? Qardaşlar kağızları yapışdırıb yüngül torba düzəldir, içini tüstü ilə doldurur və səbətə bağlayırlar. Amma səbətin içinə girmək arzusunda olan tapılmır ki tapılmır. Axı, səmada vəziyyətin necə olduğunu heç kim bilmir. Əvvəlcə səbətə xoruz, qoyun və ördək oturtdurlar. Yerin ilk aeronavtları elə bu heyvanlar olur.
Bu hadisə 1783-cü ilin iyununda baş verib. Elə həmin il oktyabrın 19-da isə içində ilk dəfə adamlar olan hava şarı səmaya qalxıb. Həmin qoçaqlar Pilart de Rozye və markiz d'Arland idi. Hava şarının uçması fizika qanunlarına tam uyğun idi: isti hava, yaxud tüstü soyuq havadan yüngüldür, ona görə də hava şarı səmaya qalxmağa davam edir və soyuyana qədər hava onu saxlayır. Soyuma çox sürətlə baş verdiyi üçün hava şarlarına, daha sonra dirijabllara isti hava deyil, havadan yüngül olan qaz doldurmağa başlayırlar. Qazla doldurulmuş şarlarla uçma prosesi də fizika qanunlarına tam uyğun idi.