Xəbərlər

Budapeştdəki kafedə pişiklərlə ünsiyyət qurmaq mümkündür

Budapeşt, 9 mart, AZƏRTAC
 
“Pişikli kafe” – bu Avropada boş vaxt keçirmək üçün yeni əyləncə növüdür. Bu qəbildən olan kafe ilk dəfə 1998-ci ildə Tayvanda fəaliyyətə başlayıb. İndi isə bu dəb Avropada yayılmaq üzrədir. “Cat Cafe” London, Vyana və Budapeştdə xidmət göstərir. Hazırda Macarıstanda 5-ə qədər belə obyekt var. “Cat Cafe” paytaxtla yanaşı ölkənin digər iri şəhərlərində də, əhaliyə xidmət göstərir.
 
Qəhvə içmək üçün tək gəlsəniz belə bu məkanda darıxmayacaqsız. “Cat Cafe” ən çox uşaqların xoşuna gəlir. Gənc ziyarətçilər pişiklərə yeni oyuncaqlar gətirir və məmnuniyyətlə onlarla oynayırlar. Pişiklərin nəinki xoş “həmsöhbət”, həmçinin onlarla qurulan ünsiyyətin terapevtik təsirlərə malik olması da məlumdur. Avropalıların heyvanlara olan sevgilərinin əlavə izahata ehtiyacı yoxdur. Aparılan tədqiqatların nəticələrinə əsasən, macarlar sevimli ev heyvanlarının yeminə hər il 250 milyon avrodan çox pul xərcləyir.
 
Buradakı tüklü və mehriban varlıqların qayğısız həyatına baxanda onların əksəriyyətinin 'çətin keçmiş' olduğunu təsəvvür etmək asan deyil. Belə ki, pişiklərin çoxu hələ balaca vaxtı küçələrdən tapılıb.
 
Zərif məxluqları müəssisənin ayrılmaz hissəsi hesab etmək olar. Orada tamamilə fərqli atmosfer yaradan pişiklər masaların arasında gəzişir, tələsmədən söhbətləşən ziyarətçilərin yanında oynayır və hətta yumurlanaraq yatırlar.
 
Budapeştdə gəzişdikdən sonra kafedə nəinki yorğunluğunu çıxarmaq və qəlyanaltı etmək, həmçinin ruhən dincəlmək də mümkündür. Axı bütün dünya alimləri artıq çoxdandır ki, depressiyanın müalicəsi üçün pişiklərin gözəl 'mütəxəssis' olmaları və xoş əhval-ruhiyyə yaratmaları barədə danışırlar. 
 
Pərvanə Qarayeva
Xüsusi müxbir