Rəfiqə Qasımqızı. Quzu

Fuad kəndə gəldiyi gündən körpə "Ağca" quzuya meylini salmışdı. Amma "Ağca" quzu həmişə anasının yanında hərlənir, sanki ondan ayrılmağa qorxurdu. Axı, "Ağca" Fuadı ilk dəfə idi görürdü. Fuad isə onu sığallamaq, qucağına almaq istəyir, ancaq "Ağca"nın anasından qorxduğuna görə irəli gedə bilmirdi. Bir neçə gün keçdikdən sonra həm Fuad, həm də quzu bir-birinə isinişmişdi. Daha nə quzu ondan qaçır, nə də Fuad onu sığallamaqdan çəkinirdi. Beləliklə Fuad demək olar ki, bütün günü quzunun yanında hərlənir, ona gah ot, gah da balaca vedrədə su verir, arabir də astaca sığallayırdı.


Bir neçə gündə quzu Fuada elə öyrəşdi ki, hətta onu görəndə hoppanıb düşür, dəcəllik edir, sanki bu dəcəlliyi ilə Fuadı sevdiyini bildirir, incə bir səslə mələyib ona tərəf gəlirdi.


Quzuya nənəsi"Ağca"adı vermişdi, bu ad Fuadın çox xoşuna gəlirdi, doğrudan da quzu ağappaq idi. Hərdən Fuad da nənəsi ilə qoyunu örüşə ötürməyə gedirdi. Bu zaman quzu anasının yanından ayrılmır, hərdən süd qoxuyan dodaqlarını yamyaşıl otlara toxundurur, hərdən də başını qaldırıb baxır, sanki Fuadın burada olmasını görmək istəyirdi. Beləliklə Fuad kənddə olduğu müddətdə vaxtını bu gözəl quzu ilə keçirirdi.


Yay tətili başa çatmaq üzrə idi. Fuadın anası müəllimə işlədiyindən onlar şəhərə, evlərinə qayıtmalı idilər. Anası yır-yığış edib əşyaları maşına yerləşdirdi və yola düşmək üçün oğlunu səslədi. Fuadın hay vermədiyini görüb anası onu səsləyə-səsləyə tövləyə sarı getdi. O, Fuadın quzunu qucaqlayıb ağladığını gördü. Bu mənzərəni görən ana da kövrəldi, ancaq getmək lazım idi. Fuad ağlaya-ağlaya anasından xahiş etdi ki, "Ağca"nı da özləri ilə şəhərə aparsınlar. Anası isə onun başını sığallayıb kövrək səslə Fuadı başa salmağa çalışırdı ki, quzunu anasından ayırmaq olmaz. Amma o israrla xahiş etməyinə davam edirdi. Anası bir əli ilə quzunu sığallayır, o biri əli ilə oğlunu qucaqlayırdı. Açığı quzunu qoyub getmək heç onun da ürəyindən deyildi.


Ana əyilib quzunu sığallaya-sığallaya qumral gözlərinə bir az tamaşa etdi. Sonra göz yaşı tökən Fuada sarı dönüb dedi:- Fuad, oğlum sən ağlama. Bilirsənmi, mən quzunun gözlərində nə oxudum? O da həm səni, həm də anasını çox sevir. Axı "Ağca" balacadır, anasından ayrı yaşamaq ona çətin olar, gərək onda anasını da şəhərə aparaq. Amma şəhərdə otlaqlar yoxdur, bəs biz onları nə ilə yemləyərik? Axı anası da, quzu da ac qalar. Təkcə "Ağca"nı aparsaq onu anasından ayırmış olarıq, həm də bizim eyvanımız çox kiçikdir, bəs quzu harda gəzib dolaşacaq? Yəqin ki, sən dostunun əziyyət çəkməsinə razı olmazsan, eləmi?


Fuad göz yaşları içində başını yelləyərək anasının sözünü təsdiqlədi, quzunu bir daha sığallayıb maşına sarı getdi