“Azərbaycanın sönməz günəşi”
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bakıdakı 312 nömrəli tam orta məktəbdə “Azərbaycanın sönməz günəşi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fidan Axundova Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında şagirdlərə məlumat verib.
Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunduqdan sonra VI sinif şagirdləri “Azərbaycan” mahnısını xormeyster Aysel Rzayeva və konsertmeyster İlahə Qasımovanın müşayiəti ilə ifa ediblər. Tədbirin qonaqları Könül Vəliyeva (kamança), televiziya muğam müsabiqəsinin qalibi Nisbət Sədrəyevanın ifasında Ulu Öndərə həsr olunmuş mahnılar təqdim olunub. Şagirdlər “Heydər Əliyev”, “Bir dahi doğulub gəldi dünyaya”, “El bilir ki, sən mənimsən” şeirlərini söyləyib, “Odlar yurdu”, “ Vals” və “Şuşanın dağları” rəqslərini nümayiş etdiriblər.
Məktəbin müəllimləri Nigar Məmmədova və Ülviyyə Əmirlinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nizami Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Valeh Əmrahov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru və aktyoru Elməddin Dadaşov, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.