Təbiət

Pataqoniya – təzadlar torpağı

Pataqoniya Cənubi Amerikanın ən cənub nöqtəsidir. Burada And dağları və ucsuz bucaqsız düzənliklər, göllər və səhralar yan-yana düzülüb. 1881-ci ilə qədər bu yerlər sahibsiz idi. Koloniyalar salınana qədər ərazidə sonradan avropalıların tamamilə qırılıb məhv etdiyi yerli hindu tayfaları məskunlaşmışdı. Hazırda isə Pataqoniyaya Argentina və Çiliyə məxsusdur.
 
1520-ci ildə bu yerlərə səyahət edən məşhur səyyah Fernan Magellan burada çox hündür insanlara rast gəlir. Magellan və yoldaşları bu torpaqların uzunayaqlı nəhənglərə məxsus olduğunu güman edirlər. Onlar bu yeri elə “pataqon”, yəni uzunayaqlılar adlandırırlar. Elə o vaxtdan da bu ərazi Pataqoniya adlanmağa başlayır. Bəs bu yerlərin sakinləri həqiqətən nəhənglər olub? Alimlərin fikrincə, o dövrlərdə yerli sakinlərin boyu 180 santimetr olsa da, ispanların əksəriyyətinin boyu 155 santimetrdən çox deyildi. Belə çıxır ki aborigenlər gəlmələrə nisbətən həqiqətən də “nəhəng” imişlər.
 
Magellandan 220 il sonra bu ərazilərə ingilis səyyahı Con Bayron gəlib çıxır. Onun gəmisi Pataqoniya sahilləri yaxınlığında qəzaya uğrayır. Bayron bu zaman həqiqətən də boyu 2 metr 40 santimetrə çatan pataqoniyalıya rast gəlir. Bu hindunun heykəli və səyyahın kitabı hazırda Florensiya muzeyində saxlanılır.
 
Magellan və onun yoldaşları ekspedisiyası zamanı Pataqoniyada bir cox maraqlı kəşflər edirlər. Dənizçilər böyük pinqvin koloniyalarını, xortuma oxşayan uzun burunlara malik nəhəng suitiləri görür və onları dəniz filləri adlandırırlar.
 
Hazırda belə heyvanları Puerto Madrin adlanan şəhərcikdə görmək olar. Dəniz filləri, pinqvin və suitilər burda bütün il boyu yaşayırlar. Onlar öz işlərindədirlər və heç də insandan qorxmurlar. Burda heyvanlarla hətta şəkil çəkdirmək də mümkündür.
 
Pataqoniyanın düzənliklərində və dağlarında əhilləşdirilmiş lamaların əcdadı olan quanakoya da rast gəlmək olur. Canavarlardan və itlərdən yaxa qurtarmaq üçün, qamətli quanakolar sürətlə qaçmalıdırlar. Bu heyvanlar dözümlülüyünə görə dəvəni xatırladır. Səhranın qozbel “gəmi”ləri kimi quanakolar da uzun müddət susuz qala bilirlər. Pataqoniyanın çoxsaylı gölləri Flaminqo və bir çox başqa su quşlarının vətənidir.
 
Pataqoniyada dünyanın şirin su ehtiyatlarının 1/3 hissəsi cəmlənib. Lakin bütün bu su ehtiyatı 48 buzlaqda donmuş haldadır. Bu buzlaqlardan biri gölün ortasında yerləşən Perito-Morenodur. Buz suyun səthindən 60 metr hündürlüyə qədər qalxır və hər 2-3 ildən bir parçalanır. iyirmi mərtəbə hündürlüyündə olan buz qayaları suya tökülərək nəhəng dalğalar yaradır. Bu, möhtəşəm görüntüdür. 
 
Pataqoniyanın qədim sakinlərini görmək mümkün olmasa da, onların əl izləri və çəkdiyi şəkillər qalır. Argentinanin Santa-Krus əyalətində “Əllərin mağarası” adlı bir yer var. Mağara divarlarında əks olunan əl izlərinə görə belə adlanır. Əl izlərinin bəzilərinin 100 əsrə aid olduğu güman edilir. Bundan başqa mağarada heyvanların və ov səhnələrinin qədim insanlar tərəfindən çəkilmiş rəsmlərini də görmək mümkündür.
 
Pataqoniyanın pampasları, yəni düzənlikləri ucsuz-bucaqsız əraziyə malikdir və demək olar ki məskunlaşmayıb. Buralarda insanlara çox nadir hallarda rast gəlmək mümkündür. Bir fermer təsərrüfatından digərinə getmək üçün bəzən onlarla kilometr yol qət etmək lazım gəlir.
 
Pataqoniya və onun pampasları görkəmli fransız yazıçısı Jül Qabriel Vernin “Kapitan Qrantın uşaqları” povestində ətraflı təsvir olunur.