Sevinc Nuruqızı. Ağabəyim ağa
Üzü pəncərəyə dayanmış Ağabəyim ağa əlindəki zərif tikməli ipək dəsmalla gözlərinin yaşını sildi. Günəş gah buludların arxasından çıxıb azacıq özünü göstərir, gah da yenidən buludun arxasına çəkilib gizlənirdi. Günəş yox olan kimi də qapqara bulud layı sakitcə irəliyə çıxaraq yamyaşıl çəmənin bir parçasına qara kölgə çəkirdi. Ağabəyim ağa diqqətlə günəşlə buludun yerdəyişməsini seyr edir, özlüyündə bu mübarizəni xeyirlə şərin oyununa bənzədirdi. Pəncərənin önündəki ağaca qonmuş sərçələr də qara kölgə yaxınlaşanda məyus-məyus ətrafa boylanır, boz quyruqlarını ağacın tilişkəli gövdəsinə çırpıb darayırdılar.
Günəş görünəndə isə cikkildəşə-cikkildəşə sanki «günəş gəldi, günəş gəldi», — deyə sevinc müjdəsi yetirir, günəşdə parıldayan dimdiklərini bir-birinə yaxınlaşdırıb sevindiklərini anladırdılar. Ağabəyim ağa gözünün yaşını quruda bilməyən tikməli dəsmalını gümüş belbağısının altına keçirdib pəncərəni açdı. İpək kimi ovcunda tutduğu çörək qırıntılarını irəli uzatdı.
Sərçələr uçub Ağabəyim ağanın ovcuna qondular. Xanımın kədərli üzünə ani bir sevinc gəldi. Dodaqları təbəssümdən işıqlandı.
Bu vaxt Ağabəyim ağanın qapısını döydülər. İpək əlin içindən həvəslə çörək ovuntuları dənləyən sərçələr səksəndilər. Pırıldayıb bir göz qırpımında yoxa çıxdılar. Ağabəyim ağa sonuncu tikələrini yeməyib uçan sərçələrin ürkəkliyinə güldü. Dəməşq xarasından tikilib, qızılı saplarla işlənib, güləbətinlə bəzənmiş donunu xışıldada-xışıldada qayıdıb masasının arxasına keçdi.
Amiranə səslə:
— Buyurun, — dedi.
Gələn İran hökmdarı Fətəli şah idi. O, İbrahim xanın qızı Ağabəyim ağanın həyat yoldaşı idi. Heç vaxt qapını döyməmiş onun otağına girməzdi. Fətəli şah irəli yeridi. Ağabəyim ağanın bir az açılmış bənizi yenə tutuldu. Sanki üzünün günəşi getdi. Qara buludların kölgəsi çəkildi bənizinə:
— Nə əmr edirsiniz?
— Əmr etməyə gəlməmişəm. Əmr edilən kəsin hüzuruna gəlməzlər. Onu hüzura gətirdərlər.
— Şahdan əmr olsaydı, gələrdim.
— İstərdim ki, bu sözləri başqa cür eşidim.
— Təxminən necə?
— Təxminən belə — şahdan əmr olsaydı, sevərdim.
— Şahım, bu böyüklükdə səltənətin tək hakimisiniz. Məgər indiyədək yəqin etməmisiniz ki, əmrlə sevmək olmaz. Qürbətdə Vətən həsrəti bütün sevgilərin üzərinə kölgə çəkir.
O bunu dediyi anda günəş yenə buludların arxasında gizləndi. Otağa qaranlıq çökdü.
Ağabəyim ağa pəncərəyə yaxınlaşdı. Günəş son şəfəqlərini yığıb buludun arxasında gizlənmişdi:
— Bax belə, şahım. Qara buludlar günəşin üzünə kölgə çəkdiyi kimi, Şuşa həsrəti də bütün ruhuma kölgə salıb.
Fətəli şaha sanki ipucu verildi. Donmuş sifəti avazıdı. Qəzəblə yuxarı doğru dartılmış qaşları endi. Gülümsündü:
— Şuşa həsrəti... Elə isə bu həsrətə bu gün son qoyaq. Elə bu dəqiqə.
Ağabəyim ağa sevinclə irəli atıldı:
— Dönürəmmi? Şuşaya... Həsrətini çəkdiyim Şuşama dönürəm? Elə demək istədiniz? Düz başa düşdümmü sizi?
Fətəli şah bu sevincdən bir qədər narahat oldu. Təlaş içində nəzərlərini Ağabəyim ağanın sual dolu gözlərindən çəkdi. Lakin sevdiyi bu ağıllı qadının inadını qıra biləcək hesab etdiyi tədbirə içində böyük inamı var idi.
— Tələsməyin, indi görəcəksiniz. Mən sizə qürbətdə «Vətən» hədiyyə edəcəm. Sevginizi qazanmaq üçün bütün iztirabınıza son qoyacağam. Gəlin mənimlə...
Onlar bir gülüstanın içiylə irəliləyirdilər. Yaşıl çəmənlərin otu Ağabəyim ağanın hərarətindən isinirdi. Ondan sevgi və məhəbbət uman qızılgüllərin şehli ləçəkləri xəfif küləyin təmasından titrəyirdi. Addımladıqca boynuna, boğazına toxunan yarpaqlar, min bir rəngli, ətirli çiçəklər, güllər, kəklikotular, yarpızlar sanki deyirdilər: «Sev bizi! Sev! Şuşadan gəlmişik. İllərdir həsrətində olduğun Qarabağdan gəlmişik sənə sirdaş olaq. Gəlmişik ki, Vətən həsrətli yarana məlhəm olaq. Sev bizi. Nə olar?! Unut bir anlığa dağlar gözəli Şuşanı. Unut! Ovun bizimlə... Vətən bağı gətirmişik sənə. Vətən bağı...»
Yarpaqların, gül-çiçəklərin, otların dilini bilirmiş kimi Ağabəyim ağanın ürəyi çırpındı. Nəvazişlə əlini qızılgüllərin yanağında gəzdirdi. Sonra pıçıldadı:
— Hanı? Mənim Vətənimin bağında bənzərsiz bir çiçək vardı. O düzlərin xalısının hər ilməsindən o çiçək boylanardı. Cıdır düzünün xəfif mehi ilə daranardı. Dağların arxasından doğan günəşlə bir oyanar, batan günəşlə bir yatardı. Bəs hanı Vətən bağının xarıbülbülü?! Hanı?!
Ağabəyim ağanın qəmli sinəsindən bir bayatı qanadlandı:
Vətən bağı al-əlvandır
Yox üstündə xarıbülbül.
Nədən hər yerin əlvandır
Köksün altı sarı, bülbül?
Fətəli şah bayatını dinlədi. Sonra Ağabəyim ağanın yanağından süzülən damcılar göründü gözünə. Üzünü çevirməyə çalışdı. Alınmadı. O, bir an nə edəcəyini bilmədi. Dinlədi onun dediklərini. Şuşa dağlarının mərd qızını dinləməməyə vicdanı yol vermədi. Həssas və ağıllı Ağabəyim ağa şahın bu vəziyyətini duyaraq ona bir əhvalatı xatırlatdı:
— Şahım, Şərqin hökmdarı, İsgəndər can üstəydi. Sonuncu yürüş etdiyi günəşin yandırıcı istisindən boğulan toz basmış şəhərin boz, acınacaqlı, sapsarı saralmış divarlarla dolu qoynunda ölmək dünya gözəlliklərini qılınca təslim edən bir sərkərdə üçün ağlasığmaz idi. O bu boz, rəngsiz, həyatın bütün şux rənglərinə həsrət məkanda boğulmamaq, son nəfəsini yaşıllıqlar qoynunda alıb, illərlə qarış-qarış dolandığı dünyaya «əlvida» demək üçün əmr etdi: «Məni «Asma bağlar»a çatdırın!» İllərlə salınmış asma bağlara. Babil şahının sevgilisi Midiya şahzadəsi üçün saldığı «Asma bağlar» a. O bu bağları dünyaya meydan oxuyan İsgəndər üçün saldırmamışdı. O, yurdun bütün riyaziyyatçı və memarlarını yığıb sevdiyi qadın üçün nağıllardakı yaşıl səltənətin salınması əmrini vermişdi. Babil sənətkarlarının saldığı dördmərtəbəli «Asma bağlar» Fərat suları ilə suvarılmışdı. Navuxodonosor eşqini belə sübut etmişdi. Bizim eradan əvvəl... 331-ci ildə. Amma mən düşünməzdim ki, çox qüdrətli Fətəli şah bütün bunları sevgi oyununda qalib çıxmaq üçün təkrar edəcək. Heç inanmazdım. Şuşanı bura gətirmək nə qədər müşküldürsə, Vətən həsrəti ilə yanan birini vətənə qaytarmaq o qədər asandır.
Ağabəyim ağa Babil şahı Navuxodonosorun saldırdığı «Asma bağlar»dan danışırdı. Fətəli şah susurdu. Şuşa bulaqlarının buz kimi suyundan içmiş, Şuşa xanı İbrahim xanın kişi kimi cəsarətli qızının qarşısında yeganə çıxış yolu elə susub dayanmaq idi. Hər kəsi diz çökdürməyə qadir əzəmətli şah zərif bir qadının qarşısında acizliklə susub dayanmışdı.
İllər keçdi. Ağabəyim ağa Şuşaya həsrət qaldı. Ömrünü Fətəli şahın Qum şəhərində onun üçün ucaltdığı sarayda başa vurdu. Və Vətən həsrətini yanan qəlbində o dünyaya apardı...
10.03.2020