Anaya məktub
Sentyabrın on beşi idi. Məktəbdən qayıdandan sonra nahar edib qonşumuzgilə baş çəkdim. Bu il birinci sinfə gedən Seymuru təbrik etmək istəyirdim. Seymur nənəsi ilə yaşayırdı. Valideynləri xaricə işləməyə getmişdilər.
İçəri girəndə donub qaldım: Seymurun gözləri dolmuşdu, az qalırdı ağlasın. Səbəbini soruşanda titrək səslə dedi:
- Anama söz vermişdim ki, məktəbə gedən kimi hərfləri öyrənib ona məktub yazacağam. Biz isə bu gün yalnız xətlər çəkmişik. Bir dənə də hərf öyrənə bilməmişəm. Anam isə məndən məktub gözləyir.
- Bir günə bütün hərfləri?! Bəlkə, məktəbi də bir ilə qurtarasan?
Bunu deyib Seymurun nənəsinə baxdım. Nənə çiyinlərini çəkdi:
- Hə, ay bala. Məktəbdən qayıdandan qaşqabağını sallayıb, kompüterin qabağında oturub. Mənim də kompüterdən başım çıxmır ki, kömək eləyim.
Mən Seymuru başa salmağa çalışdım:
- Hərfləri öyrənmək üçün çox oxumaq lazımdır. İnternetlə məktub göndərmək üçün İnformatika dərslərini də yaxşı öyrənməlisən. İndi isə qoy mən sənə kömək edim.
Mən kompüterin arxasına keçdim.
- Hə, Seymur, de gəlsin. Anan bizi gözləyir.
Seymur məktəbdə birinci günü, müəllimi, sinif yoldaşları haqqında danışmağa başladı. Danışdıqca gözləri parıldayır, sanki qarşısında anasını görürdü.
Artıq gec idi. Mən məktubu bitirib imza qoydum:
Seymurun adından yazdı
qonşunuz Rəna.
Evə qayıtdım. Hələ ev tapşırıqlarımı da eləməli idim. Amma əhvalım çox yaxşı idi. Ürəyimdə qəribə bir fərəh var idi...
25.09.2021