Görkəmli şəxsiyyətlər

Ferens List (1811-1886)

“Həyatda kim olursan ol, təkcə varlıların əlinə baxan musiqiçi olma”. Bu sözləri ömrünün qürub çağında böyük macar pianoçusu və bəstəkarı Ferens List yazıb. Əslində, onu da belə bir tale gözləyirdi, axı, o, Esterqazi knyazlarına məxsus  malikanələrdən birinin işlər müdirinin oğlu idi. O esterqazilərin ki, vaxtilə böyük Haydn da onlara xidmət edirdi.
 
Ferensin atası istedadlı musiqiçi idi, bir neçə musiqi alətində çalırdı. Lakin yoxsul olduğu üçün istedadını inkişaf etdirə bilməmişdi. Odur ki, oğlunun musiqi qabiliyyətini görən Adam List  onun eyni tale yaşamasına imkan verməyəcəyinə and içir. Ferensə özü dərs deməyə başlayır, o da atasını məyus etmir. Gənc musiqiçi doqquz yaşında ilk dəfə baron fon Esterqazinin  musiqi gecəsində tamaçaçılar qarşısında çıxış edir. Elə gözəl çıxış edir ki, Macarıstanın varlı adamları Ferensin taleyində öz  izini qoymaq istəyir, onun təhsil alması üçün pul toplayırlar. Listlər ailəsi Vyanaya köçür.  Burada Ferens dahi Bethovenin tələbəsi Karlo Çernidən dərs alır,  musiqi nəzəriyyəsini isə Salyeridən öyrənir. 
 
Ferens çox böyük uğurla konsert fəaliyyətini davam etdirir.  Gənc musiqiçi barəsində yeni Mosart kimi danışırlar.  Onun çalğısını eşidən Bethoven  riqqətə gəlir və sanki gələcəyinə xeyir-dua verərək, Ferensin alnından öpür. 
 
Lakin həyat Listə zərbə hazırlayır.  O, atası ilə birlikdə Parisə gəlir. O dövrdə ən yaxşı konservatoriya məhz bu şəhərdə idi. Ferens  konservatoriyanın direktoru, italyan əsilli Kerubininin qəbulunda olur.  Oğlanı dinləyən Kerubini başa düşür ki, vunderkind musiqiçi ilə rastlaşıb.  Şübhəsiz ki, belə müsiqiçi yenicə parlayan  fransız ulduzlarını  kölgədə qoyacaq.  Odur ki,  formal bəhanə taparaq Listə rədd cavabı verir: guya  konservatoriyaya əcnəbiləri qəbul etməyə ixtiyarı yoxdur.  Bu haqsızlığı  List ömrü boyu unutmur. 
 
Ferens peşəkarlığını artırmağa davam edir, öz üzərində çalışır, çoxlu  mütaliə edir.  Müasirlərinin sözlərinə görə, List dovrünün an savadlı adamlarından olub. O, konsert fəaliyyətini də uğurla davam etdirir və artıq 14 yaşında bütün Avropanı gəzib dolaşır.  16 yaşında List sevimli atasını və eyni zamanda müəllimini itirir və anasının qayğısına qalmalı olur. Listin  pianoçu şöhrəti durmadan artır. Bir gün Paqanininin skripkada çalğısını dinləyən musiqiçi  belə bir virtuoz ifaya fortepianoda müvəffəq olmaq qərarına gəlir.  O, bu məqsədinə gərgin əməyi  və əzmkarlığı sayəsində  nail olur.  
 
List 1839-cu ilin axırlarında  Avropa ölkələrinə  qastrol səfərinə çıxanda, Parisdə  başqa bir pianioçunun – Trauberqin  şöhrəti dillər əzbəri idi. List özünü sınamaq, kimin daha virtuoz pianoçu olduğunu sübut etmək üçün  onunla yarışmaq qərarına gəlir və qalib gəlir.  Bu qələbədən sonra Listin şan-şöhrəti çox-çox uzaqlara yayılır və o, bütün Avropa ölkələrində konsertlər verməyə başlayır.  Lakin belə sərgərdan həyat  tezliklə onu  yorur.
 
1847-ci ildə o, Veymar şəhərində məskunlaşır və saray kapelmeysteri  işləməyə başlayır. Veymar tezliklə  təkcə Almaniyanın deyil, həm də bütün Avropanın  musiqi mərkəzinə çevrilir. Artıq gənc musiqiçilər məhz bu şəhərə axışmağa başlayır. Bir vaxtlar konservatoriya ümidlərinin necə puça çıxdığını unutmayan List hamıya kömək etməyə çalışır. Tələbələri və pərəstişkarları ilə əhatə olunan bəstəkar çoxdankı arzusunu  həyata keçirir: sevimli musiqi alətinin nəhayətsiz imkanlarını  bütün dünyaya sübut edir.
 
Bəstəkar Veymarda məşhur simfonik poemalarını (özünün ixtira etdiyi yeni janr), simfoniyalarını, fortepiano üçün konsertlərini və sonatalarını yaradır.  Gözəl mövzu axtarışında olan List ədəbi mənbələrə müraciət edir.  Onun qədim yunan əsatirləri əsasında yazdığı   “Orfey” və “Prometey”,  Şekspirin faciəsi əsasında "Hamlet", Hötenin poeması əsasında “Tasso” simfonik poemaları məhz belə əsərlərdəndir. List  “Faust” və “İlahi komediya” simfoniyalarını, habelə bir neçə oratoriya, opera, fortepiano ilə orkestr üçün iki konsert və çoxlu sayda başqa əsərlər yaradır. 
 
Listin əsas xidmətlərindən biri budur ki, o, royalı əsl orkestrə “çevirib”. Sübut edib ki, fortepiano sadəcə evdə çalınan musiqi aləti deyil, onun böyük gələcəyi var. F.List bir neçə saat ərzində  yalnız bir musiqi aləti ilə tamaşaçıların zövqünü oxşayırdı. Bu, o vaxta qədər görünməmiş hadisə idi.  List Şubertin mahnısını ifa edəndə, tamaşaçılara elə gəlirdi ki, müğənnilərin səslərini eşidirlər. Maestronun  konsertlərində elə təəssürat yaranırdı ki, sanki Baxın fuqaları orqanda çalınır, Bethovenin simfoniyalarını isə bütöv bir orksetr ifa edir. 
 
Listi sehrbaz adlandırırdılar,  halbuki o, fitri istedada malik,   sevimli musiqi alətinə sadiq bir pianoçu idi. Bəstəkar yazırdı: “Dənizçi üçün gəmi, ərəb üçün onun atı nədirsə, royalım da mənim üçün odur. Royal mənəm, mənim dilimdir,  mənim həyatımdır! O, odlu-alovlu gənclik çağlarımda qəlbimə hakim kəsilən hər şeyi qoruyub saxlayan vasitədir;  mən bütün düşüncələrimi, şirin xəyallarımı, sevincimi və kədərimi ona etibar edirəm”
 
Bu maraqlıdır: Rusiyada verdiyi konsertlərin birində List çox mötəbər tamaşaçıların qarşısında çıxış edirmiş. Lojada imperator I Nikolayın özü  oturubmuş.  Musiqiçi çalır, imperator isə  yavəri ilə ucadan danışırmış.  Bunu hiss edən  List əllərini royaldan çəkir. Nikolay  əlcəyini royala tərəf yellədərək deyir:
-  Nə baş verib? Davam edin!
- Zati-aliləri, imperator danışanda, hamı susmalıdır  - deyə List cavab verir.
Nikolay  konserti sonuna qədər sükut içində dinləyir. Listi isə  çıxışından dərhal sonra  polismeyster gözləyirdi. O,  bəstəkara bir daha geri dönməmək şərti ilə  24 saat ərzində Rusiyanı tərk etmək göstərişi verir.