Tofiq Mütəllibov. “Darıxır”
Yalqız qalıb otaqlar,
Darıxırlar dəhlizdə.
Hanı o tanış səslər,
Hanı o tanış üzlər?
«Baxır» yazı lövhəsi,
Gözü yollarda qalıb.
Dilə gəlir təbaşir:
— Uşaqlar harda qalıb?
Bir vaxt səsdən darıxan
Qapıçı səsə həsrət.
Baxır, baxır yollara
Gözlərində məhəbbət.
Susmuş məktəb zəngi də
Elə bil fikrə daldı:
— Niyə bizi çalan yox,
Uşaqlar harda qaldı?
Ayaq izinə həsrət
Qalıb məktəb yolları:
— Səsli-küylü uşaqlar
Bizdən tez keçsin barı.
Sinif otaqlarının
Elə bil dili laldı.
Skamyalar soruşur:
— Uşaqlar harda qaldı?
Boylanaraq yollara
Baxır, darıxır hər gün.
Uşaqlar məktəb üçün,
Məktəb uşaqlar üçün.