Mürəkkəb göbələyi
Orta əsrlərdə bu göbələyin ekstraktından “mürəkkəb” hazırlanmasına görə “Mürəkkəb göbələyi” ( lat. Coprinus comatus ) adını almışdır. “Ağ peyin göbələyi” də adlandırılır, çünki əsasən mal-qaranın otladığı və peyin çox olan ərazilərdə bitir.
Göbələk, bəzi ölkələrdə zəhərli hesab olunur, digərlərində isə demək olar ki, “delikates” kimi istifadə edilir. Göbələkdən tibbdə geniş istifadə olunur. Dünyanın ən bahalı mürəkkəbi məhz bu göbələkdən hazırlanır.
Gənc göbələklərdə papaq əvvəlcə yumurtavari, qırışmış, sonra isə tez bir zamanda kənarları çatlamış formada açılır. Papağın diametri 5-10 sm, hündürlüyü 4-10 sm-dir. Rəngi ağımtıl-boz, boz və ya çirkli qəhvəyidir. Ortası kənarlardan daha tünddür. Onun səthi (xüsusilə mərkəzi) kiçik tünd rəngli pulcuqlarla örtülüdür. Göbələyin böyüməsi ilə xoş ağ-boz rəng qaralmağa başlayır və tünd qəhvəyi rəngə çevrilir.
Göbələyin ləti – açıq rəngdə və çox kövrəkdir. Xoş bir qoxu və şirin dada malikdir.
Ayaqlarının uzunluğu 15 sm, qalınlığı isə 1-2 sm-dir. Ağdır, içi boş, lifli, nisbətən nazikdir, ağ halqa ilə bürünmüşdür (halqa həmişə aydın görünmür).
Yayılma arealı: Mürəkkəb göbələyi peyinlə zəngin olan torpaqlarda, böyük qrup şəklində bitir. Əsasən parklarda, bağlarda, mal-qara otlaqlarında, çürümüş ağacların yaxınlığında, yarı çürümüş yarpaqlarda və hətta çiçək yataqlarında da rast gəlinir.
Şimal yarımkürəsinin mülayim iqlimində bu göbələklər may ayında görünür və ilk şaxtaya qədər böyüyür. Ən yaxşı payızda yetişir.
Qida kimi istifadəsi: Mürəkkəb göbələyi, əksər digər peyin göbələkləri kimi, yalnız gənc yaşda yeyilə bilər. Bu gün qaynadılmış, qızardılmış və turşu olaraq istehlak olunur. Papaqlar da qurudulub ədviyyat kimi istifadə oluna bilər.
Onu da qeyd etmək lazımdır ki, elmi məlumatlara görə, hər hansı bir peyin göbələyi torpaqdan insan fəaliyyətinin hər cür zərərli məhsullarını xüsusi həvəslə çıxarır. Buna görə də şəhərdə, eləcə də magistral yolların yaxınlığında peyin göbələklərinə yaxın getmək lazım deyil! Əvvəllər belə hesab olunurdu ki, Coprinus comatus tərkibində spirtlə uyğun olmayan maddələr var və buna görə də müəyyən mənada zəhərlidir.
İlk dəfə Mürəkkəb göbələyi Danimarka alimi Otto Frederik Müller (1730 - 1784) tərəfindən təsvir edilmişdir. XVIII əsrin sonunda Hollandiyadan olan mikoloq Kristian Henrix Person mürəkkəb göbələklərini Şampinyonkimilər və ya Aqariklər (lat. Agaricaceae) — bazidiomiset növünə aid göbələk fəsiləsinə aid etdi.
28.09.2022