Xəbərlər

Parlament Jurnalistləri İctimai Birliyi Aprel döyüşləri şəhidlərinin övladları ilə görüş təşkil edib

Parlament Jurnalistləri İctimai Birliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayon 193 saylı orta məktəbdə Aprel döyüşləri şəhidlərinin övladları ilə görüş təşkil edib.

 

AZƏRTAC xəbər verir ki, görüşdə şəhid ailələri ilə yanaşı, Milli Məclisin deputatları da iştirak edib.

 

Tədbirdə çıxış edən Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısını qəhrəmanlıqla alıb, düşmənə sarsıdıcı zərbələr endirib.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün bu cür qeyd olunması alqışalayiq haldır. Yeni nəsil Azərbaycanın qəhrəmanlıq tarixini öyrənir. Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu deyən M.İbrahimqızı vurğulayıb ki, bütün şəhid övladları valideynlərinin qəhrəmanlıqlarına görə qürur duymalıdırlar.

 

Sonda Xocalı şəhidlərinin övladları Aprel döyüşlərində şəhid olanların uşaqlarına 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim ediblər.