Nağıllar, hekayələr

Mirzə İbrahimov. Azad

Azad mənim uşaqlıq və gənclik yoldaşım idi... Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişdik... Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişdik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq...

 

İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şeydi...

 

Yoldaşlar arasında çox vaxt onu adı ilə çağırmazdılar. “Sükuti”, – deyib durardılar... Hətta sonradan tanış olanlar adının Azad olduğunu da bilməzdilər. Sükuti gəldi, Sükuti getdi, deyərdilər.

 
Bəzən mənə elə gələrdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Axı o, dünyaya gəldiyi gündən xoş bir gün görməmişdi... Aclıq,ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış yırtıq həsir – gözünü açdığı gündən gördüyü bu idi.

 

Azad doğulmamışdan iki ay əvvəl atası ölmüşdü... Anası Səlimə xanım evdə tək qalmışdı... Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı... Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü...

 

Dünyada yeganə ümidi və həyatının məqsədi o idi... Ondan əziz, ondan mehriban bir şeyi yox idi. Səlimə xanım Azadı yalnız bir oğul kimi yox, həm də dünyada bir pənah, bir qohum, bir ata, bir qardaş kimi istəyirdi.

 
Yaxşıca yadımdadır... Bizim beş-altı yaşımız olanda hər axşam Səlimə xanım yatmamışdan qabaq bizə nağıl danışardı... Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı...

 

İki il o mənimlə bir məktəbə getdi... Orada da o, heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynaşdığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi.

 

Doqquz yaşı olanda anası onu oxuda bilməyib məktəbdən aldı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsindəki kiçik bir dükanda dərzi şagirdliyinə düzəltdi.

 

İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim ünsiyyətimiz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni haldan çıxardığı bir zamanda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.

 

Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab bizi evdən qovmaqla təhdid etmişdi. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.

 

– Azad, − dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirilikdir? Azad! İşləməyə yer yox, danişgahda oxumağa imkan yox, oğurluqmu edim, qardaş?

 

Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, od dəryasını yar keç desələr, keçərəm.

 
Bəs indi də işləməyəndə mən nə zaman işləyəcəyəm?

 

O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işi ilə məşğul oldu. Söz buna çatan kimi o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi...

 

Mən xeyli danışdım, Azad heç dodaqlarını da tərpətmədi... Gözlərini bir nöqtəyə dikib durdu... Mən onun heç bir zaman, heç bir şey başa düşməyəcəyi bir aləmdən danışdığımı güman etdim.

 

Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir. Hətta bu fikirlər ona təəccüblü görünür. Bəlkə, məndən acığı da gəlir. Məni naxoş və ya xudbin hesab edir. Papağımı götürüb dükandan çıxmaq istədim. O, yerindən tərpənmədi. Mən onun üzünə baxıb acıqlı-acıqlı dedim:

 

– Yazıq, min yazıq bizə baxıb “övladlarım var” deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir... Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq...

 

Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik!.. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... Səni də, məni də, bizim tanış və dostlarımızı da. Yox, bəlkə, səni bir az yad edən tapıldı... Deyəcəklər ki, dərzi  Azad yaxşı yamaq salardı... Allah rəhmət eləsin!

 

Özümü dükandan küçəyə atarkən onun səsini eşitdim:

 

− Fərda, Fərda!

 

Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim?.. Onun taqsırı nədir? Bir könlü ki tikə bilməyəcəksən, niyə yıxırsan? – deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolandım. Şeylərimizi həyətə atılmış görəcəyim fikri ilə evə qayıtdım... Anam astanada oturub məni gözləyirdi.

 

 
− Nə var, hələ ərbabın adamı gəlməyib ki?..


− Gəlmişdi, oğul.


− Nə dedi?


− Nə deyəcək, pulunu alıb getdi.


− Pulu hardan tapdın, ana?


− Necə hardan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən.


Anamın qolundan tutub içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən görüşdəki kobud rəftarım üçün üzr istədim. O heç bir söz demədi, gözlərini bir nöqtəyə dikib durdu.

 

Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xanım və Azadla halallaşıb Təbrizdən ayrıldıq.

 

Tam beş il mən Azadı görmədim. Nə o, kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq, Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tuturdum, özümdən də ona xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi.

 

İkinci Dünya müharibəsi başlamış, Azərbaycanın istər şəhər, istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Hadisələr çox şiddətlə inkişaf edirdi... Bir neçə ay sonra biz kənddə mitinq keçirdib Azərbaycan xalq konqresinə nümayəndələr seçdik.

 

Nümayəndələrin içində mən də var idim.

 

Biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət vardı. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü. Elə birinci gün köhnə həyətimizə getdim, Səlimə xanımı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum.

 

− Təbrizdə yoxdur, − dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər... Axı indi o da demokratdır. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq. Hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun.

 

Xalq konqresi qurtaran kimi mən kəndə qayıtdım. Bir müddət sonra təşkilatın işlərini təhvil verdim. Anamı götürüb Təbrizə köçdüm. Yenə də köhnə evimizi kirayə etdik. Anam başqa yerə getmək istəmədi − əvvəldən öyrəşmişəm, Səlimə xanım da ordadır, − dedi. Mən də razı oldum. Səlimə xanım bizim gəlişimizdən çox sevindi. Azadın iyini sizdən alıram, – deyib ağladı. Anam ona təskinlik verdi:

 

− Nə olacaq, − dedi, – İnşallah, tezliklə Azad da qayıdar.

 

Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələri də Mərkəzi Komitədə işləyirdik. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarını möhkəm bir qayda və nizam üstündə qurmaq tədbirləri görürdük. O günlər bizdə təsvirəgəlməz ruh yüksəkliyi vardı. Elə bil ki, qüvvəmiz də birə-min artmışdı. Yorulmaq bilmirdik. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi. Tehran mürtəceləri və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də vardım.

 

Biz Zəncana çatanda şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki kəndlərdə terror yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikrini pozmaq üçün Zəncanın demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba göndərmişdi...

 

Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim...

 

Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq... Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamağın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi... Bərk atışma gedirdi, fədailərdən bəziləri hətta kəndin içinə girmişdi. Bir neçə saat sonra qaş qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq... Mən tez özümü ona çatdırmağa çalışdım. Bu, mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin üstə uzatmışdılar. Çuxasını üstünə salmış, tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə müntəzir durmuşdu... Mən içəri girən kimi onun üzünə baxdım. Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı.

 

Mən yavaş addımlarla onun başı üstünə gəldim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm:

 

− Azad, sənə nə olub?

 

O, heyrət və təlaşla gözlərini açdı. Üzümə baxdı. Bütün siması qəribə bir təlaşla işıqlandı. Mehribanlıqla başını dizimin üstünə qoyub:

 

−Bu saat səni düşünürdüm, − dedi, − nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi nisgilli gedəcəkdim...

 

− Nə danışırsan, Azad, qardaşım? − dedim, − biz hələ təzəcə yaşamağa başlayırıq. Dünyadan getmək nədir, bu nə sözdür sən ağlına gətirirsən? Sənə nə olub, harandan yaralanmısan?

 

O, əli ilə sağ çiyninin altını göstərdi. Güllə qabaqdan dəyib daldan çıxmışdı. Ciyərlərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:

 

− Bunlara ehtiyac yoxdur, − dedi, – mən ölürəm... Artıq ayaqlarımın soyuduğunu hiss edirəm... Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm... Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən nə üçün yaşayırıq, həyatın mənası nədir, deyə soruşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb getmişdin, yadındadırmı? Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır. Amma o zaman mən danışa bilməmişdim.

 

Çünki danışmaqda da bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o, azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm. Bizim hamımızın səadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana torpağın azadlığındadır. Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır.

 

O, azca dayanıb udqundu, yenidən ahəstə-ahəstə davam etdi:

 

− Anam, yurdum, doğma Azərbaycan, məni bağışla!.. Sənə az fayda verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı, fərşin ucunu qaldıraraq torpağı öpdü.

 

− Öpünüz, səcdəyə qapılıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz budur...

 

− Sakit ol, Azad, özünü üzmə, qardaşım! – dedim. Özüm də bilmədən gözümdən süzülən yaş dənələri onun alnına düşdü... O, kirpiklərini qaldırıb gözümə baxdı və ahəstə səslə dedi:

 

– Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız... Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün.

 

 
Həm də o yeri böyük bir yol kənarında seçərsiniz... Qoy gələcəyin azad nəsillərinin ayaq səsi qəbirdə də olsa, qulaqlarıma çatsın... Bəlkə, onlar da bizi rəhmətlə yad etdilər... Elədirmi, Fərda?

 

Mən artıq göz yaşımı saxlaya bilməyərək ağlaya-ağlaya:

 

– Yox, Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar, − dedim...

 

Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi:

 

– Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır... – dedi və əbədi olaraq gözlərini yumdu.

 

Mən qeyri-ixtiyari ayağa durdum... Üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan fədailərə baxdım:

 

– Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək... And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz!..

 

Eşq olsun qəhrəmanlara! Xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər, ancaq onlar azadlıq bayrağını ucalara qaldıra bilərlər! Yaşasın azadlıq!

 

Fədailər bir səslə:

 

– Yaşasın azadlıq! – deyə qışqırdılar və tüfənglərini havaya qaldırdılar.

 

Biz onu öz vəsiyyətinə görə uca bir yerdə basdırdıq.

 

Oradan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünürdü.