Mədəni irsimiz

Firidun bəy Köçərli və onun “Balalara hədiyyə” kitabı

Uşaqlar, xəbəriniz olsun ki, Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələrini bir kitabda  ilk dəfə görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifçi Firidun bəy Köçərli toplamışdır. Onun 1912-ci ildə tərtib etdiyi “Balalara hədiyyə” kitabı uşaqlara böyük töhfədir.

 

Firidun bəy Azərbaycan folklorunun vurğunu idi və hesab edirdi ki, xalqımız yalnız böyük keçmişindən, soyundan-kökündən bəhrələnərək  xoşbəxt  gələcək qura bilər. Odur ki,  bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən gələni edirdi. O, hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və kədərinin,  adət-ənənələrinin,  parlaq şəkildə  əks olunduğu  bu  nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri,  məsəllər, yanıltmaclar,  bayatılar, laylalar, oxşamalar, nəğmələr millətin  yoluna işıq salan əbədi mayakdır. 

 

“Balalara hədiyyə” o dövrdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük  hadisə idi.  Bir çox yazıçı və şairlərimiz  Firidun bəyin sevə-sevə topladığı  bu folklor incilərindən ruhlanaraq,  sizlər üçün gözəl-gözəl əsərlər yaradıblar. Abdulla Şaiq, Seyid Hüseyn, Fərhad Ağazadə, Eynəli bəy Sultanov kimi mütərəqqi ziyalılar  kitabdan “vətən qoxusunun, dağların ətrinin gəldiyini” yazır, onu “milli duyğularımızı oyadan”, “keçmişimizi, özümüzü özümüzə tanıdan” gözəl töhfə kimi qiymətləndirirdi.

 

Firidun bəy Köçərlini daha yaxından tanımaq üçün, gəlin, onun mənalı ömür yoluna  qısa bir nəzər salaq.  Firidun bəy 1863-cü ildə  Şuşada anadan olub.  İlk təhsilini də Şuşadakı rus məktəbində alıb. 1885-ci ildə  Qori Seminariyasını bitirən Firidun bəy bu seminariyanın  müəllimi olub. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Qazaxa köçürülməsi də Firidun bəyin adı ilə bağlıdır.

 

Firidun bəy Köçərli 1903-cü ildə  “Azərbaycan tatarlarının ədəbiyyatı”, 1911-ci ildə “Mirzə Fətəli Axundzadə” kitablarını yazıb. Lakin onun  ən böyük və sanballı əsəri “Azərbaycan ədəbiyyatı” kitabıdır.  Bu kitabda  130-dan çox şair haqqında  məlumat verib, onların həyatı,  yaradıcılığı və ədəbi mövqeyindən  söhbət açıb.

 

Təəssüf ki, Azərbaycanın bir çox dəyərli vətənpərvər oğulları kimi  Firidun bəy də  repressiya qurbanı olub, şahidsiz-sübutsuz güllələnib.

 

Sizi “Balalara hədiyyə” kitabından götürülmüş bəzi nümunələrlə “Nənənin sandıqçası” bölməsində tanış edəcəyik. Odur ki, saytımızı izləməkdə davam edin.