Nağıllar, hekayələr

Neman və Simnar

Bəhram xoşbəxt bir gündə qaranlıqdan sübh doğan kimi doğuldu. Bu xoş günü münəccimlər əvvəlcədən xəbər vermişdilər.


Bəhramın atası Yəzdigürd neçə il şahlıq etmiş, zülmü ilə aləmin nifrətini qazanmışdı. İyirmi ildə onun neçə övladı olmuşdu, heç biri də yaşamamışdı.


Bəhram doğulanda şahın sevinci yerə-göyə sığmadı. Onun xoşbəxt böyüməsi və tərbiyəsi üçün tədbir aradı. Münəccimlər məsləhət gördülər ki, şahzadə İranda saxlanmasın, Ərəbistana göndərilsin.

Ərəbistanda səfalı bir yer seçilsin. Bəhram orada böyüsün.


Yəzdigürd münəccimlərin məsləhətini bəyəndi. Övladından ayrılmaq ağır olsa da, razılıq verdi. Təki uşaq salamat qala. Oğlunun sağlamlığı xatirinə ayrılığa razı oldu. Oğlunu vətənindən Yəmənə köçürdü.

Yəzdigürd Yəmən şahı Nemanı çağırıb ona tapşırdı ki, oğluna şahlıq ədəb-ərkanı öyrətsin.


Neman şahzadəni çox yaxşı saxlayırdı. Onu gözlərindən əziz tuturdu. Dörd il bu qayda ilə uşağı bəsləyib böyütdü.


Bir gün Neman öz oğlu Mənzərə dedi:


– Bizim yerlərin havası isti və qurudur. Şahzadə isə incə, zərif uşaqdır. O elə bir yerdə yaşamalıdır ki, həm təmiz hava alsın, həm də yerin buxarından, toz-torpağından uzaq olsun.


Ata-bala məsləhətləşib Bəhram üçün yüksək və səfalı bir yer axtarmağa başladılar. Elə bir yer tapdılar ki, Yəmən vilayətində onun misli yox idi. Yaxşı bir usta tapıb burada qəsr tikdirmək qərarına gəldilər.


Bir gün Nemana xəbər gətirdilər ki, sən deyən usta, olsa-olsa, Rum ölkəsində yaşayan Simnar olacaq. Sənətinin şöhrəti dünyanı tutub. O, zirək, hünərli, iş bacaran sənətkardır. Misirdə, Şamda çox binalar tikmişdir. Heç birində bir qüsur yoxdur. Hamı onun qabiliyyətinə heyrandır. Bir baxışı ilə bütün yüksəklikləri təyin edir. Göyün sirlərindən, aydan, günəşdən xəbər verir. Şahzadə üçün yüksək sarayı ancaq o tikə bilər.


Bu xəbərdən Neman sevindi. O sənətkarı görmək arzusu ilə qəlbi alovlandı. Adam göndərib Simnarı çağırtdırdı. Qəsri tikmək üçün ona yüksək mükafat vəd etdi.


Simnar işə başladı. Dəmir kimi möhkəm əlləri ilə yorulmadan beş il işlədi. Onun tikdiyi bina “Xəvərnəq sarayı” adlandırıldı.


Bu elə bir bina idi ki, bürcləri aya yüksəlmişdi. Qəsrin divarına gün düşəndə şəfəqdən hurinin də gözü qamaşardı. Bayırı göy kimi gözəl, içi cənnət kimi rahat idi. Divarları ayna kimi əks salırdı. Gün ərzində üç rəngə düşürdü: göy, ağ və sarı. Səhər asimanın göy rəngindən qəsr göy rəngə çalardı. Günəş üfüqdən aralanıb günorta yerinə qalxanda Xəvərnəq sarayının üzü gün kimi saralardı. Bulud günəşi örtəndə saray ağ rəngə boyanardı.


Simnar sarayı tikib qurtarandan sonra Neman ona gözlədiyindən ikiqat artıq peşkəş, xələt verdi, qızıl yüklü dəvələr, say-hesaba gəlməyən cavahirat bağışladı. Simnar bu peşkəşləri görüb dedi:


– ...mənə belə hörmət ediləcəyini əvvəlcədən bilə idim. Onda daha çox zəhmət çəkib elə bir qəsr tikərdim ki, illər keçdikcə onun gözəlliyi daha da artardı.


Neman soruşdu:


– Çox muzd versələr, bundan yaxşı qəsr tikə bilərsənmi?


Simnar cavab verdi:


– İstəyirsən, elə bir saray tikim, Xəvərnəq onun yanında heç olsun. Bu üçrənglidirsə, o, yüzrəngli olsun. Bu, daşdandır, o, yaqutdan olsun. Bunun bir günbəzi varsa, onun göy kimi yeddi günbəzi olsun.


Simnarın bu cavabından Nemanın rəngi qızardı. Bu, şahın sənətkara olan hörmətini külə döndərən qəzəb atəşi idi.


Neman şah öz-özünə dedi: “Onu salamat buraxsam, pul gücünə Xəvərnəqdən yaxşı qəsr tikəcək”.


Şah bu fikir ilə öz qulluqçularına tapşırdı ki, Simnarı tikdiyi qəsrin başından yerə atıb öldürsünlər.


Beləcə, Xəvərnəq sarayı memar Simnarın son işi oldu.

 


Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından.
Nəsrə çevirəni: Mir Cəlal