Bu maraqlıdır!

Qədim insanlar odu necə əldə etdilər?

Qədim insanlar odun nə olduğunu bilirdilər. İldırım çaxan zaman alışıb yanan ağacları görmüşdülər. Lakin özləri odu necə əldə edəcəklərini bilmirdilər. Od qalamağı öyrənmək üçün insanlara xeyli vaxt lazım oldu. Onlar gördülər ki, quru budaqları bir-birinə sürtdükdə onlar alışır. İki daşı bir-birinə vurduqda isə qığılcım yaranır. Bunu öyrənməklə qədim insanlar artıq istədikləri vaxt od əldə edə bilirdilər. Odun köməyi ilə onlar soyuqdan qoruna, dadlı yeməklər hazırlaya və vəhşi heyvanları qorxuda bilərdilər.  Bir müddət keçdikdən sonra insanlar çaxmaq daşı, daha sonralar isə fosfor vasitəsilə od əldə etməyi öyrəndilər. Bu yolla od əldə etmək daha asan və tez başa gəlirdi.