Görkəmli şəxsiyyətlər

Musiqi dühası - Volfqanq Amadey Motsart (1756-1791)

Dahi insanın təbiətini başa düşmək çətindir. Dünyaya fitri istedad bəxş edən genlərin müəmmasından indiyədək hətta böyük  alimlər də baş aça bilmirlər. O ki ola  XVIII əsrdə əyalət şəhəri olan Zaltsburq sakinləri. Onlar yalnız bir-birinə heyrətamiz bir xəbər çatdırırdılar: saray kapellası skripkaçısının ailəsində möcüzəli bir uşaq böyüyür. Oğlunun çalğısını dinləmək üçün Leopold Motsartın dəvət etdiyi bəxtəvərlər heyranlıqla danışırdılar ki, oğlan musiqi pyeslərini bəzi yaşlı musiqiçilərin  müvəffəq ola bilmədikləri məharətlə ifa edir. Şəhər sakinləri “Onun neçə yaşı var?”- deyə bir-birindən  təəccüblə soruşurdular. Şahidlər “Dörd yaşı var”,- deyə cavab versələr də,  dediklərinə özləri də çətinliklə inanırdılar.

 

Volfqanqın musiqi istedadı həqiqətən möcüzə idi. Artıq altı yaşında o, Zaltsburqda və Avstriyanın digər şəhərlərində konsertlər verirdi. Oğlunun uğurlarını görən Leopold Motsart bu işdən qazanc götürmək, Avropada səfərə çıxmaq qərarına gəlir. Bəs balaca Volfqanq özünü necə hiss edirdi? Karetada silkələnə-silkələnə sonu görünməyən yollar, yabançı şəhərlər, tanımadığı üzlər və hər yerdə vəcdə gələn insanların  gurultulu alqışları. O vaxtlar balaca Motsart bütün bunlara dəyər verə bilməzdi. O, uşaq idi, dostları ilə oynamaq, doğma evinin hərarətini hiss etmək istəyirdi. Bunun yerinə isə bitib-tükənməyən  konsertlərdə atasının dediklərini edirdi. Leopold tamaşaçıları mat qoymaq üçün min hoqqadan çıxırdı. Məsələn,  oğlunun gözlərini bağlayıb onu üstü parça ilə örtülmüş  klaviaturada çalmağa, tamaşaçılardan birinin zümzümə etdiyi və ya qədəhində tıqqıldatdığı  hər hansı melodiyanı klavesində təkrarlamağa  məcbur edirdi.

 

Bioqrafların  çoxu oğlunun istedadından pul qazanmağa çalışdığına  görə Leopoldu qınayırlar. Bəlkə də bu iradlar haqlıdır. Amma digər tərəfdən  Volfqanq musiqini ən yaxşı  ifada dinləmək, musiqiçilərlə tanış olmaq, təəssüratlar toplamaq imkanı əldə etmişdi. Məhz uzun sürən bu səfər zamanı balaca virtuoz ilk dəfə ciddi şəkildə musiqi bəstələməyə başlayır. İlk bəstəkarlıq dərslərini atasından alan Motsart artıq 8 yaşında klavir və skripka üçün 4 sonatanın müəllifi idi. 

 

Londonda onun müəllimi istedadlı musiqiçi və müəllim, böyük bəstəkar İohan Sebastyan Baxın oğlu İohan Kristian idi. Motsart ilk simfoniyalarını məhz Temza çayının sahillərində yazır. Volfqanqın  dahiliyi onun hələ uşaq ikən yazdığı bu əsərlərdə də duyulur. Deyilənə görə,  o, orkestrdə hər bir musiqi alətini son dərəcə dəqiq hiss edirmiş. Üstəlik, ilk simfoniyalarını musiqi alətindən istifadə etmədən, ancaq içindən gələn musiqi duyumuna güvənərək  yazır. Sonralar dahi bəstəkar Bethoven kar olduğu üçün belə yazacaqdı. Amma xoşbəxtlikdən Motsart kar deyildi, sadəcə, ağır xəstələnmiş atası qonşu otaqda uzandığı üçün  sevən oğul onu narahat etmək istəmirdi...

 

Yollarda keçən bu  həyat üç il davam edir,  evə dönmək vaxtı çatır. Motsart Zaltsburqa bəstəkar kimi  qayıdır.  12 yaşında ilk operasını yazır. İki il sonra Leopold Motsart oğlunu o vaxt Avropanın bütün müsiqiçilərinin can atdığı İtaliyaya aparır.

 

Bolonyada 14 yaşlı Mosart Filarmonik Akedemiyanın yarışlarında iştirak edir. Ona birsəsli pyesi genişləndirib mürəkkəb dördsəsli əsər yazmaq tapşırığı verilir. Volfqanq tapşırığın öhdəsindən yarım saat ərzində gəlir. Bolonya Akademiyasının üzvləri o qədər  heyrətlənirlər ki, misli görünməmiş qərar qəbul edib, Motsartı akademik seçirlər, halbuki o vaxtlar Akademiyaya yaşı yalnız 26-dan az olmayan ən böyük bəstəkarlar qəbul edilirdilər.

 

Evə qayıdan Motsart çox işləyir. Operalar, simfoniyalar, kvartet və sonatalar yazır. Atası kimi Volfqanq da saray musiqiçisi işləməyə başlayır və asılı vəziyyətin alçaldıcı ağırlığının nə demək olduğunu öz üzərində hiss edir. Böyük bəstəkar saatlarla arxiyepiskopun qəbul otağında dayanıb onun tapşırıqlarını gözləyir. Musiqiçi həmkarları ona paxıllıq edir, ayağının altını qazırlar. Motsarta Zaltsburqdan getmək qadağan olunur. Leopold Motsart yalnız bir dəfə arxiyepiskopdan  oğlu üçün məzuniyyət qopara bilir.

 

Budur, Motsart yenə də xaricdədir, lakin daha tamaşaçıların ona baxmaq üçün pullarını həvəslə xərclədikləri həmin möcüzəli uşaq deyildir. O, insanların adət etdiyi italyan əsərlərindən fərqlənən,  bənzərsiz  musiqi yazan, artıq  yetişmiş bir bəstəkardır.   Gənc bəstəkar ümidsizliyə qapılır.  Parisdə necə alqışlandığını hələ də unutmayan Motsart birdən-birə tam laqeydliklə üzləşir. Konsertlər, demək olar, gəlir gətirmir. Motsart onu müşayiət edən anasını saxlamaq üçün dərs demək məcburiyyətində qalır. Amma pul yenə də çatışmır. Yolların və uğursuzluqların üzüb əldən saldığı anası vəfat edir və bəstəkarın  evə dönməkdən başqa çarəsi qalmır.

 

Yenə də sevmədiyi işə başlayır.  Motsartı ümidsizlikdən yalnız yaradıcılıqla məşğul olması  xilas edir. Amma bir gün səbir kasası daşır. Bəstəkar çox cəsarətli bir addım atır: istefa barədə ərizə yazır. İstefa ərizəsinin ailəsi üçün nəticələrindən qorxan atasının yalvarışlarına baxmayaraq, arxiyepiskopun yanına gedir. Amma ərizəsinə cavab vermək əvəzinə arxiyepiskopun adamlarından biri bəstəkarı itələyib pilləkəndən salır. Dərin sarsıntı keçirən Motsart uzun müddət yataqdan qalxmır. Lakin, nəhayət, azad olması fikri sağalması üçün ona güc verir.

 

Bəstəkar sağalandan  sonra Vyanaya köçür. Çətin, lakin azad olan yeni bir həyat başlayır. Motsart musiqi bəstələyir, dərs deyir, konsertlərdə çıxış edir. Elə birinci il bəstəkarın ən yaxşı əsərlərindən biri  – “Seraldan oğurluq” operası yaranır. Sonra “Fiqaronun toyu”, “Don Juan”, “Sehrli fleyta” kimi şedevrlər, klavir üçün çoxsaylı konsertlər, fantaziyalar və kvartetlər yazır.  Təkcə 1788-ci ildə Motsart üç möhtəşəm simfoniya yaradır.

 

Taleyin acı gərdişi:  böyük bəstəkarın sonuncu əsəri matəm musiqisi  - rekviyem idi. Motsart onu varlı bir sifarişçi üçün yazmağa başlayır. Amma iş elə gətirir ki, bu əsər onun özünə qismət olur. 35 yaşlı bəstəkarın qəfil ölümü hamını sarsıdır. Şayiələr yayılır ki, Motsartı zəhərləyiblər, lakin onun vaxtsız ölümünün səbəbi indiyədək məlum deyildir.

 

Motsartın həyat eşqi dolu işıqlı musiqisi sevincdə və kədərdə, məğlubiyyət və qələbələrdə bəşəriyyəti müşayiət edir. Dünyada elə bir insan yoxdur ki, Motsartın musiqisi onu riqqətə gətirməsin.

 

Bu maraqlıdır: bir gün  konsertdən sonra  7 yaşlı Motsarta 14 yaşlı oğlan yanaşır. O balaca musiqiçinin çalğısından ağız dolusu danışır və köksünü ötürərək deyir: “Mən belə çalmağı heç vaxt öyrənə bilmərəm”.

 

- Nə danışırsan! - deyə Volfqanq oğlanı sakitləşdirməyə başlayır. - Bu, çox sadədir. Sən heç not yazmağa, musiqi bəstələməyə çalışmısanmı?

- Yox. Mənim ağlıma yalnız seirlər gəlir.

- Şeirlər...- deyə Motsart fikrə gedir. –  Yox,  mən şeir yazmağı bacarmıram. Bu, çox çətindir.

- Yox, yox, - deyə oğlan ucadan hərarətlə səslənir. – Əksinə, bu, çox sadədir, musiqi yazmaqdan çox asandır.

 

Şeir yazmağın, yaxud  musiqi bəstələməyin daha asan olması barədə qəti fikrə gələ bilməyən bu uşaqlar ayrılırlar - gələcəyin böyük bəstəkarı Motsart və gələcəyin böyük şairi  Höte.