Xəbərlər

Cümhuriyyətin 100 illiyi paytaxt məktəblərində silsilə bayram tədbirləri ilə qeyd olunub

Bakı, 29 may, AZƏRTAC 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, “dəyirmi masa” və seminarlar keçirilib.

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söz açılıb. Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunan AXC tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.

 

Tədbirlərdə çıxış edənlər müsəlman Şərqində ilk demokratik respublika olan AXC dövründə irqi, milli, dini, sinfi bərabərsizliyin ləğv edildiyini, bütün vətəndaşların hüquq azadlığının təmin olunduğunu, qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini, dövlət bayrağının qəbul olunduğunu, himn və gerbin hazırlandığını diqqətə çatdırıblar.

 

“Cümhuriyyət tariximizin qızıl səhifəsidir”, “AXC-100 il”, “Azərbaycan - dünyam mənim”, “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır”, “Cümhuriyyət-100”, “Azərbaycanın dünəni və bu günü”, “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” mövzularında keçirilən tədbirlərdə şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Tədbirlərdə AXC-nin fəaliyyətindən, dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib. Həmçinin fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.