Mark Tven . Tom Soyyerin Macəraları. XXII fəsil
TOM QIZILCA ÇIXARIR
Tom parlaq geyimləri ilə diqqəti cəlb edən "Gənc içki içməyənlər cəmiyyətinə" daxil oldu. O, özünə söz verdi ki, həmin cəmiyyətdə olduğu müddətdə nə papiros çəkəcək, nə tütün çeynəyəcək, nə də söyüş söyəcəkdir. Elə bu zaman o belə bir şey kəşf etdi ki, adam bir şeyi etməyəcəyinə söz verəndə həmin şeyə meyli daha da artır. Tezliklə Tomun ürəyi papiros çəkmək, söyüş söymək istədi; ele istədi ki, yalnız qırmızı şərf bağlamaq camaatın qarşısında lovğalanmaq ümidi onu "Gənc içki içməyənlər cəmiyyəti"ndən getməyə qoymadı: 4 iyul1 günü yaxınlaşırdı. Lakin tezliklə bu bayramdan ümidini kəsdi, cəmisi ikicə gün özünü məcbur etdikdən sonra o fikirdən uzaqlaşdı. İndi o bütün ümidini ölümcül halda olan qoca hakim Firezerə bağlamışdı. Bir halda ki, o elə bir mənsəb sahibidir, demək, onu çox təntənəli surətdə dəfn edəcəkdilər. Düz üç gün Tom hakim Firezerin səhhəti ilə bərk maraqlandı, onun barəsində deyilən bircə sözü belə nəzərdən qaçırmadı.Bəzən hakimin Ölümünə olan ümidi o qədər artırdı ki, bütün fərqlənmə nişanlarını çıxarıb döşünə taxır, güzgünün qabağında özü özündən həzz alırdı. Ancaq, hakimə arxayın olmaq olmurdu, o gah yaxşılaşır, gah da xarablaşırdı. Nəhayət, xəbər çıxdı ki, hakim yaxşılaşır, sonra da dedilər ki, artıq sağalmaq üzrədir. Tom çox narazı qaldı, İncidi, o saatca istefaya çıxdı. Hakim isə səhərisi gün ağırlaşdı və gecə vəfat etdi. Tom özünə söz verdi ki, bundan sonra heç kəsə inanmasın.
Dəfn mərasimi çox təmtəraqlı oldu: "Gənc içki içməyənlər" həmin ınərasimdə elə təntənə ilə iştirak etdilər ki, cəmiyyətin keçmiş üzvü paxıllıqdan az qaldı ölə. Bununla belə, Tom azad idi və öz yeganə təsəllisini bunda tapırdı. İndi o yenə də papiros çəkib, söyüş söyə bilərdi, ancaq çox təəccüblü idi ki, istəmirdi. Bu işin mümkün olması həmin işə onda olan bütün arzu və marağı söndürürdü.
Tezliklə Tom, özü belə gözləmədən, hiss etdi ki, arzusunu çəkdiyi yay tətili onun üçün əzablıdır, vaxt çox ağir keçir.
O, gündəlik yazmağa başladı, lakin üç günün ərzində heç bir hadisə baş vermədi, ona görə də ondan əl çəkməli oldu.
Şəhərə birinci dəfə olaraq zənci orkestri gəlmişdi. O hamıya böyük təsir bağışladı. Tomla Ca Qarper də özlərinə çalğıçı dəstəsi düzəltdilər və iki gün xoşbəxt oldular.
Hətta şanlı 4 iyul günü də o qədər müvəffəqiyyətli olmadı, göydən bərk yağış tökdüyündən küçələrdə şənlik mərasimi baş tutmadı.
Şəhərə sirk gəldi. Bundan sonra uşaqlar cırıq palazlardan özlərinə çadır düzəldib üç gün sirk oyunu çıxartdılar. Onlar tamaşaya baxmaq üçün gələn hər oğlandan üç, hər qızdan isə iki sancaq alırdılar. Nəhayət, sirk də onları bezikdirdi.
Hərdənbir oğlanların, qızların axşam müsamirələri olurdu, ancaq bu, o qədər gec-gec olurdu ki, müsamirədən sonra, gələn müsamirəyədək arada keçən boş günlər adama daha da əzablı və sıxıntılı görünürdü.
Bekki Tetçer yay tətilini keçirmək üçün ata-anasının yanına- Konstantinopola getdi, o gedəndən sonra Tom üçün həyat olduqca mənasız və sönük göründü.
Qətlin dəhşətli sirri Toma daim əzab verirdi. Yara kimi onun qəlbini göynədir, rahatlıq vermirdi.
Sonra isə Tom qızılca çıxartdı.
O iki həftə dörd divar arasında yataqda qalaraq dünyada baş verən hadisələrdən xəbərsiz oldu. Bərk xəstə olduğundan heç bir şeylə maraqlanmırdı. Nəhayət, sağalıb ayağa qalxdıqdan sonra addımlarını güclə ata-ata şəhərin mərkəzinə gəlib çıxdı və hər şeydə kədərli bir dəyişiklik gördü. Şəhərdə təkcə yaşlılar deyil, oğlanlar və qızlar da mömin olmuşdular!
Tom heç olmasa bircə nəfər günahkara rast gəlmək ümidi ilə uzun müddət küçələri dolaşdı, lakin hər yerdən məyus qayıtdı. Co Qarperi tövrat oxuyan görüb bu cansıxıcı mənzərədən kədərlə üz döndərdi. Sonra Ben Rocersi gördü, məlum oldu ki, o da gündə bir zənbil dini kitablarla gedib yoxsullara baş çəkir. Uzun müddət axtarandan sonra tapdığı Cim Xolüs isə ona dedi ki, qızılca xəstəliyi xəbərdarlıq üçün Allahtaala tərəfindən ona göndərilmişdir.
Rast gəldiyi oğlanların hər biri Tomun qəlbindəki ağırlığı bir ton artırırdı. O, ümidini tamamilə itirdikdən sonra təsəlli almaq üçün Heklberri Finin yanına qaçdı, lakin heyhat... Hekdə Tövrat oxuyurdu. Tom tamamilə ruhdan düşərək evlərinə gəlib yatağına uzandı və düşündü ki, bu şəhərdə Allahın qəzəbinə keçən elə təkcə odur.
Gecə dəhşətli tufan qopdu, göy guruldadı, ildırım çaxdı, şarhaşar yağış tökməyə başladı. Tom qorxusundan başını yorğanın altına soxaraq öz ölümünü gözləməyə başladı. Bütün bu tufanın, yağışın ona görə qopmuş olduğuna Tom zərrə qədər də şübhə etmirdi. O əmin idi ki, Allahı qəzəbləndirmiş, səbrini tükəndirmişdir, bu da onun nəticəsidir. O inana bilməzdi kı, bir milçəyi məhv etmək üçün toplan işə salıb gurultu-nərilti qoparmaq olar, ancaq onun özütək xırda bir cücəni məhv etmək üçün fırtına kimi bahalı vasitənin işə salınması ona qeyri-adi görünmürdü.
Yavaş-yavaş hər şey sakit oldu, tufan öz məqsədinə nail olmadan keçib getdi. Tomun ağlına gələn, ilk fikir Allaha şükür etmək və dərhal özünü düzəltmək oldu. İkinci fikir isə o oldu ki, gözləsin, bəlkə bir daha tufan qopmayacaq.
Səhərisi gün yenə də həkimi çağırdılar: Tomun xəstəliyi geri qayıtmışdı. Bu dəfə xəstə yatdığı üç həftə ona əbədiyyət kimi göründü. Nəhayət, o sağalıb evdən bayıra çıxdıqda sağ qalmış olduğuna bircə tikə də sevinmədi, çünki bilirdi ki, artıq tək-tənhadır, nə bir dostu var, nə yoldaşı. O, yorğun-yorğun küçə ilə gedirkən gördü ki, Cim Xollis başqa uşaqlarla birlikdə quşu boğmuş olduğuna görə pişiyi mühakimə edir. Döngəni burulduqda isə o, Co Qarperlə Hek Finnə rast gəldi, onlar oğurladıqları qovunu yeyirdilər. Yazıqlar! Tom kimi onların da xəstəliyi geri qayıtmışdı.
27.07.2023