Nağıllar, hekayələr

Lev Tolstoy. Balaca quşcığaz

Seryoja adlı oğlanın ad günü idi və ona çoxlu fərqli hədiyyələr vermişdilər: canavar və at oyuncaqları, müxtəlif rəsmlər və s. Amma Seryoja üçün ən dəyərlisi - dayısının hədiyyə etdiyi quş toru idi.

 

Torun içərisinə düz lövhə yerləşdirilmişdi. Lövhəyə dən töküb sadəcə həyətə qoymaq lazım idi. Belə ki, quş dən yemək üçün lövhənin üstündə oturacaq, bu zaman lövhə tərpənəcək və tor öz-özünə bağlanacaqdır.

 

Seryoja hədiyyəsi üçün çox sevindi və toru göstərmək üçün anasının yanına qaçaraq gəldi. Ana hədiyyəni görüb dedi:

 

- Oğlum, bu yaxşı oyuncaq deyil. Quşları incitmək olmaz! Niyə onlara işgəncə verəsən ki?

 

- Onları qəfəsə salacam. Mahnı oxuyacaqlar, mən də onlara yemək verəcəm! - deyə Seryoja anasına cavab verdi.

 

Seryoja dən çıxarıb lövhəyə tökdü və toru bağa qoydu. Quşların uçub gəlməsini gözləyərək yerində dayandı. Amma quşlar ondan qorxurdular və tora yaxın uçmurdular.

 

Seryoja toru bağda qoyub evə nahar etməyə getdi. Yeməkdən sonra o, bağa gəldi və gördü ki, torda nəsə çırpılır. Bu balaca bir quş idi. Seryoja sevindi, quşu tutub evə apardı.

 

- Ana, bax! Bir quş tutdum! Bu həqiqətən bülbüldür! Bax gör ürəyi necə döyünür!

 

Ana quşa baxıb dedi: "Bu alacaqanaddır. Yaxşı bax ona!  İşgəncə vermə! Yaxşısı budur, azad burax uçub getsin!"

 


- Xeyr, ona yem və su verəcəm - Seryoja anasını inandırmağa çalışdı.

 

Seryoja quşu qəfəsə qoydu. İki gün qəfəsin içərisinə dən tökdü, su qoydu və qəfəsi təmizlədi. Üçüncü gün isə alacaqanad barəsində tamamilə unutdu və suyunu dəyişmədi. 

 

Anası ona dedi:

 

- Görürsən, quşunu unutmusan, buraxsan yaxşı olar!

 

"Xeyr, unutmamışam. İndicə suyunu qoyub, içərisini  təmizləyəcəm."

 

Seryoja əlini qəfəsin içinə saldı, təmizləməyə başladı. Quş isə qorxudan özünü qəfəsin divarlarına vurmağa başladı. Seryoja qəfəsi təmizləyib su dalınca getdi.

 

Qəfəsi bağlamağı unutduğunu görən ana ona qışqıraraq dedi:

 

- Seryoja, qəfəsi bağla, əks halda quşun uçacaq və pəncərənin şüşəsinə dəyib öləcək!

 

Ana elə bunu demişdi ki, alacaqanad qəfəsin qapısını tapıb çölə çıxdı, sevinib qanadlarını açdı və otaqdan pəncərəyə tərəf uçdu, amma şüşəni görmədi və şüşəyə dəyib pəncərənin qarşısına düşdü.

 

Seryoja qaçaraq gəldi, quşu götürüb qəfəsə qoydu. Alacaqanad hələ sağ idi, ancaq sinəsini uzadaraq qanadlarını açıb ağır nəfəs alırdı. Seryoja ona baxdı və ağlamağa başladı:

 

- Ana! İndi nə etməliyəm?

 

- İndi heç nə edə bilməzsən!

 

Seryoja bütün günü qəfəsin yanından ayrılmadı və alacaqanada baxmağa davam etdi, ancaq quş hələ də sinəsi üstə yatırdı və ağır nəfəs alırdı. Seryoja yatağa gedəndə alacaqanad hələ sağ idi. Seryoja uzun müddət yata bilmədi; hər dəfə gözlərini yumanda, quşun necə yatdığını və nəfəs aldığını düşünürdü.

 

Səhər Seryoja qəfəsə yaxınlaşanda gördü ki, alacaqanad artıq kürəyi üstə uzanmışdı, ayaqlarını uzadıb, artıq nəfəs almırdı. 

 


O vaxtdan bəri Seryoja heç vaxt quş tutmadı.