Bu maraqlıdır!

Ördək, qaz və dəvəquşu yumurtasından manikür aləti ilə hazırlanan suvenirlər

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olan Fərmayıl hazırda Xaçmazda elektrik mühəndisi kimi fəaliyyət göstərir. Asudə vaxtlarının böyük hissəsini isə hobbisinə ayırır.

İstedadlı gənc oyma sənətini internet vasitəsilə öyrənib. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olan Fərmayıl sonradan əl işlərini təkmilləşdirib. Çətinliklə üzləşəndə isə internet vasitəsilə türkiyəli mütəxəssislərə məsləhətləşib. Dediyinə görə, ölkəmizdə belə suvenirləri ondan başqa hazırlayan yoxdur.

“Yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Bir suvenirin hazırlanması üçün bəzən 1 saat, bəzən isə 10 gün vaxt sərf edirəm. Kənardan baxanda sadə görünsə də, bu iş çox böyük diqqət və səbir tələb edir. Əl işləri üçün səthi daha təmiz, möhkəm qabıqlı yumurtaları seçirəm. Daha çox ördək, böyük işlər olanda isə qaz və dəvəquşu yumurtasından istifadə edirəm. Çox kiçik miniatür işlər üçün göyərçin yumurtası da istifadə etmək olar”, - deyə Fərmayıl Əhmədov bildirib.

Fərmayıl bu vaxta kimi yumurtadan 120-dən çox əl işi hazırlayıb. Bir ədəd sadə suvenir yumurta “ABAD”-a məxsus etnobutiklərdə 26 manata satılır. Böyük ölçülü və daha çox naxışlarla bəzədilən suvenir yumurtalar isə sərgilənmək üçün hazırlanır.

Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın bir tərəfindən kiçik deşik açılmalıdır. İçərisindəki maye süzüldükdən sonra yumurtanın üzərinə eskiz çəkilmiş kağız yapışdırılır. Ya da eskiz birbaşa qabığın üzərinə çəkilir. Bundan sonra yumurtanın qabığı manikür üçün istifadə olunan xüsusi avadanlıqla oyulur. Üzərinə zər, boya və xüsusi bəzək daşları ilə bir-birindən gözəl naxışlar vurulan yumurta diqqətçəkən suvenirə çevrilir. Amma iş bununla tamamlanmır. Son mərhələdə hazır suvenir xüsusi maddə ilə yuyulur ki, bu da əl işinin möhkəmliyini və bakteriyalardan qorunmasını təmin edir. Yumurtanın üzərinə daha mürəkkəb naxış və elementlər əlavə olunur.

“Ən çətini portretləri təsvir etməkdir. Çox incə detallara fikir vermək lazımdır. Üzərinə portret təsvir olunan suvenir hazırlayandan sonra tanışlarıma təqdim edirəm. Portretin kimə məxsus olduğunu özləri bilirlərsə, deməli işim uğurlu alınıb. Yumurta suvenirlərdən başqa, taxta lövhələr üzərində daşlardan ibarət kompazisiyalar, qoz qabıqlarının içərisində təsvirlər və sair bəzək əşyaları da hazırlayıram. Bunlar hamısı təxəyyülümün məhsuludur”,- deyə o söyləyib.

Yumurtadan hazırlanan əl işləri içərisində gecə işıqları və üzərində tanınmış şəxsiyyətlərin portretləri əks olunan suvenirlər daha çox diqqət çəkir.

Fərmayıl Əhmədov 6 ildir “ABAD”çıdır. Dediyinə görə, satış bazarını genişləndirmək və əl işlərini dünyaya daha çox tanıtmaqda “ABAD” (Ailə Biznesinə Asan Dəstək) ailəsinə qoşulmağı ona çox kömək olub. Hazırladığı suvenirlər “ABAD”-a məxsus etnobutiklərdə satışa çıxarılır. Əl işlərinin müştəriləri daha çox xarici turistlər olur.