Nağıllar, hekayələr

Zahid Xəlil. Odunçunun səhvi

Odunçu meşədən keçirdi. Bir yaraşıqlı ağac gördü. Ağac cavan, dümdüz, gözəl idi. O, ayaq saxlayıb, ağaca xeyli baxdı.

 

Ağacın ətrafında başqa ağaclar bitmişdi. Hamısı da əyri, yaraşıqsız idi. Odunçuya elə gəldi ki, bunlar gözəl ağacı boy atmağa qoymur. Ona görə də ətrafdakı ağacları qırdı.

 

Gözəl ağac açıqlıqda, yaşıl talada tək qaldı. Günəş onu yandırdı, dolu döydü, külək əydi, qol-budağını sındırdı.

 

Bir gün odunçunun yolu yenə oradan düşdü. Kişi gözəl ağacın yerində çürümüş gövdə gördü. O öz səhvini başa düşdü.