Nağıllar, hekayələr

Latış xalq nağılı. İki qardaş

İki qardaş var idi. Biri varlı idi, biri isə kasıb. Bir dəfə kasıb qardaş varlı qardaşın qapısına gedib deyir ki, kömək elə, nə yeməyə çörəyim var, nə yandırmağa odunum.

 

Bu vaxt varlı qardaşın bir inəyi ölüm ayağında idi. Odur ki: - Götür, bu inəyi apar, kəs, əti sənin, dərisi mənim, - deyə sevinclə bildirir.

 

Kasıb qardaş inəyi götürüb gəlir evə. Çıxmayan cana ümid çoxdu, - deyiblər. Ər-arvad inəyə necə qulluq edirlərsə, heyvan sağalır. Sonra elə südlü inək olur ki, sorağı gedib varlı qardaşa da çatır.

 

“Heyf ki, inəyi verdim”, - deyə varlı qardaş başlayır kasıbdan inəyin dərisini tələb etməyə. Kasıb deyir:

 

- Ay qardaş, inək ölməyib ki dərisini verəm. Qoy öz ömrünü başa vursun, sonra kəsib, soyub dərisini verim sənə.

 

Varlı razı olmur. Axırda iş gedib çıxır məhkəməyə. Hakim şərt kəsir:

 

- Sizə üç sual verəcəyəm. Hansınız düz cavab versə, o, məhkəməni udmuş hesab olunacaq.

 

Qardaşlar razılaşırlar. Hakim soruşur:

 

- Dünyada ən şirin şey nədir?


- Mənim arılarımın balı. - Varlı cavab verir.


- Yox! - Kiçik dillənir. - Ən şirin şey yuxudur.


- Düzdür. - Hakim deyir. - Bəs ən zəhmətkeş kimdir?


- Kim çoxlu pul yığa bilirsə o. - Varlı cavab verir:

 

- Xeyr! Dünyada paxıl adam kimi zəhmətkeş yoxdu. O, gecə-gündüz yatmır ki, görsün kimə paxıllıq eləyə bilər.

 

Hakim:

 

- Düzdür. Bəs ən bədbəxt adam kimdir?

 

Varlı qışqırdı:

 

- O mənəm. Ona görə ki ən yaxşı inəyimi qardaşıma vermişəm!

 

Kasıb güldü:

 

- Yox! Bədbəxt o adamdır ki, o, hakimin qarşısında etiraf etmir ki, qardaşına südlü inək yox, dəri verib.

 

Hakim dedi:

 

- Ey kasıb, sən düzgün cavab verdin. İnək sənindi.