Nağıllar, hekayələr

Canni Rodari. Görünməz Tonino

Bir gün Tonino adlı oğlan dərsə hazırlıqsız gəlmişdi. Müəllimin ondan ev tapşırığını soruşacağından çox qorxurdu. Məktəbə yaxınlaşanda həyəcandan ürəyi tir-tir əsirdi. Öz-özünə düşündü: “Nə olaydı, görünməz olaydım, müəllim məndən dərs soruşmayaydı”.


Dərs başlandı. Müəllim bir-bir uşaqların adını çəkir, dərsə gəlməyənləri jurnalda qeyd edirdi. Öz adını eşidəndə Tonino yavaşca: “Buradayam”, – deyə dilləndi. Uşaqlar ətrafa boylandılar. Müəllim də bir az susub sinfə göz gəzdirdi. “Müəllim, mən buradayam”, – deyə Tonino bərkdən qışqırdı.


– Heyf ki, Tonino bu gün məktəbə gəlməyib, ondan dərs soruşacaqdım. Görəsən, Toninoya nə olub ki, dərsə gəlməyib? – deyə müəllim jurnalda nə isə qeyd etdi.  - Xəstədirsə, ümid edək ki, ciddi deyil.


Tonino sevincindən dik atıldı: “Oho! Deyəsən, mən, doğrudan da, görünməz olmuşam”. O, sevincdən stolun üstünə tullandı və oradan düz çöp səbətinə düşdü. Sonra sinifdə gəzib qızlardan birinin saçını dartdı, başqa birinin qələmini yerə atdı, uşaqların mürəkkəb lövhələrini devirərək sinif ətrafında qaçmağa başladı. 


Sinifdə çaxnaşma düşdü. Hamı birbirini günahlandırıb müəllimə şikayət edirdi. Tonino o ki var dəcəllik etdi. Onu nə görür, nə də eşidirdilər. Bəli, indi Tonino tam sərbəst idi, istədiyini edə bilirdi. 


Tonino, nəhayət, bu oyundan yoruldu. Məktəbdən çıxıb trolleybusa mindi. Əlbəttə ki, bilet almağı ağlına belə gətirmirdi, çünki konduktor onsuz da onu görmürdü. Boş bir oturacaq tapdı və sakitcə orada oturdu. Növbəti dayanacaqda bir xanım, ağır çanta ilə trolleybusa girdi və Toninonun oturduğu yerin boş olduğunu görüb oraya oturmaq istədi. Əlbəttə ki, Toninonun qucağına oturdu. Tonino ağırlıqdan boğulacağını hiss etdi. Xanım isə ayağa qalxdı və qışqırdı:


- Bu nə oturacaqlardır! Lazım olduğu kimi oturmaq olmur! Baxın, çantamı qoyuram, o, isə havada asılı qalır!


Əslində çanta Toninonun qucağında idi.


Trolleybusda mübahisə yarandı və demək olar ki, bütün sərnişinlər trolleybus xidmətinin pis işləməsindən qəzəblərini şiddətlə ifadə etdilər.


Sonra Tonino yaxındakı dükana getdi. Dükandakı soyuducudan bir dondurma götürüb satıcıya yaxınlaşdı. Pulu ona uzadıb dedi:


– Zəhmət olmasa, dondurmanın pulunu çıxın.


Satıcı ona fikir vermirdi, öz işində idi. Tonino özünü itirdi. Nə edəcəyini bilmirdi. Öz-özünə düşündü: “Dondurmanı götürüb pulunu ödəmədən gedim? Yox, yaxşı deyil. Axı bu, oğurluq sayılır. Nə olsun ki, məni heç kim görmür”. O, dondurmanı yerinə qoyub dükandan çıxdı.


Gözə görünməz Tonino yenidən məktəbə qayıtdı. Orada sinif yoldaşlarının izdiham içində pilləkənlərdən necə endiyini və səs -küylə küçəyə töküldüyünü gördü. Lakin uşaqlar onu görmədilər. Tonino onların diqqətini çəkmək üçün boş yerə çalışdı – o, bir oğlandan digər oğlanın yanına qaçdı, dostu Robertonu saçından çəkdi... Amma onu nə gördülər, nə də eşitdilər. 


Yorğun və bir az qorxmuş halda Tonino evə qayıtdı. Anası eyvanda dayanıb həyəcanla onu gözləyirdi.


- Ana, mən gəldim! - Tonino qışqırdı. Ancaq anası onu nə görmədi, nə də eşitmədi, ancaq narahatlıqla küçəyə baxmağa davam etdi.


- Ata, mən burdayam! - Tonino atasına səsləndi.


O, mətbəxə daxil olaraq həmişə oturduğu stula əyləşdi. Ancaq atası onu eşitmədi və gileylənməyə davam etdi:


- Niyə Tonino ortalıqda yoxdur? Bəlkə başına nəsə hadisə gəlib? 


- Ana, ata, mən burdayam! - Tonino durmadan qışqırırdı, amma onu eşidən yox idi.


Tonino qonaq otağına gedib üzüüstə divana uzanıb ağlamağa başladı: “Mən daha görünməz olmaq istəmirəm. İstəyirəm ki, anam məni görsün, yoldaşlarım mənimlə oynasın, müəllim məndən dərs soruşsun...”


Kədərli Tonino həyətə düşdü.


 - Niyə ağlayırsan? - darvazanın yaxınlığında oturaraq günəşlənən bir qoca soruşdu.


 - Oy, siz məni görə bilirsiz? - Tonino sevincli halda soruşdu.


- Görürəm, nə olub ki? Hər gün sənin məktəbə getdiyini və evə qayıtdığını görürəm.


- Nədənsə mən sizi heç vaxt görməmişəm.


- Bilirəm. Heç kim mənə fikir vermir. Yaşlı, tənha bir qocayam ... Niyə məni uşaqlar görsünlər ki? Mən hamı üçün görünməz bir adam kimiyəm ...


- Tonino! – bu zaman Toninonun anası eyvandan çağırdı.


- Ana! Sən məni görürsən?


- Ah, kaş səni görməyəydim, yaramaz oğlan! Evə gəl! Bura gəl, gəl dedim! İndi atan sənə göstərəcək!


- Qaçaraq gəlirəm, ana! - Tonino sevinərək dedi.


- Bəs sən, səni gözləyən danlamalardan qorxmursan? - qoca gülərək soruşdu.


Tonino qocanı qucaqlayıb öpdü və dedi:


- Siz məni xilas etdiniz!


- Yaxşı, görək! - qoca gülümsədi.