Xəbərlər

Paytaxt məktəbliləri arasında respublika çempionatına start verilib

Paytaxt məktəbliləri arasında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatına start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə təşkil etdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və rus dillərində təşkil olunmuş çempionatın səkkizdəbir mərhələsi üç gün davam edib.

 

İlk olaraq yarışda BŞTİ-nin tabeliyindəki 102, 167, 236 nömrəli tam orta məktəblər, 16 nömrəli texniki-humanitar lisey, 160 nömrəli klassik gimnaziya, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-lisey və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksi mübarizə aparıb.

 

Növbəti gün səhnədə paytaxtdakı 17, 46, 164, 189-190, 193, 210 nömrəli tam orta məktəblərin, 20 nömrəli məktəb-lisey və Təhsil Nazirliyinin tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyinin komandaları görüşüb.

 

Yarışın sonuncu günü Bakı şəhəri üzrə 19, 44, 50, 91, 239, 279 nömrəli orta məktəblərin və Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının komandaları yarışıb.

 

Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Qeyd edək ki, çempionatın dörddəbir mərhələsinin 2019-cu ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulur.