Görkəmli şəxsiyyətlər

Janna DˈArkın ölməz ürəyi

İngiltərə və Fransa arasında  çoxdankı (XII-XV əsrlər) müharibə tarixə Yüzillik müharibə  adlı ilə daxil olsa da, o,  yüz ildən çox davam edib və hər iki ölkənin başına saysız-hesabsız müsibətlər gətirib. Döyüş meydanlarında bir-birinin ardınca məğlubiyyətə uğrayan Fransa,  demək olar, bütün cəngavərlərini itirir. Fransa torpaqlarını bir-birinin ardınca zəbt edən ingilislər fransız xalqını amansızcasına qarət edir və sıxışdırırdılar.  Paris artıq düşmənin əlində idi. Növbə fransızların sonuncu istinadgahına, ingilislər tərəfindən mühasirəyə alınmış Orlean şəhər-qalasına çatır. 
 
Nə İngiltərə, nə də qiyamçı yerli feodallar tərəfindən Fransa tax-tacının qanuni varisi kimi qəbul edilməyən şahzadə (dofin) Karl Valua  svitası və azsaylı qoşunu ilə birlikdə kiçik Şinon qəsrinə çəkilərək,  xalqının  əzab-əziyyətinə və əzilməsinə aciz halda  tamaşa edirdi.  Bir sözlə, belə davam etsə,  Fransa müstəqil dövlət kimi Avropanın xəritəsindən tamamilə silinəcək... 
 
Amma məhz ölkənin başının üstünü qara buludların aldığı bir vaxtda səhnəyə heç kəsin tanımadığı, barəsində heç nə eşitmədiyi  gənc bir qız – Janna  DˈArk çıxır.  O, fransızların  ingilis işğalçılarına qarşı müqavimət hərəkatına başçılıq edir. Sadəcə, başçılıq etmir, misli görünməmiş sərkərdəlik məharəti nümayiş etdirərək, Yüzillik müharibənin gedişatını Fransanın xeyrinə dəyişdirir. Buna görə də onu hələ sağlığında ikən xalq qəhrəmanı, ölkənin xilaskarı adlandırırlar. Katolik kilsəsi isə XX əsrin əvvəllərində Janna DˈArka münasibətini yenidən gözdən keçirərək, onu  Orlean qızı adı ilə müqəddəslər siyahısına salır.  
 
Bəs, Janna DˈArk mənşəcə kimi idi?  Onu silaha sarılmağa nə məcbur etmişdi?  Əvvəllər heç vaxt döyüşməyən bu qızcığazda  sərkərdəlik istedadı haradan qaynaqlanırdı? Janna DˈArkın  həyatında izaha gəlməyən  sirlər və nağılvari epizodlar çoxdur. 
 
Janna DˈArk sadə fransız kəndlisinin qızı idi. Uşaqlıq illəri Lotaringiya vilayətinin Domremi kəndində keçib. Həmkəndlilərinin dediklərinə görə, Janna müəyyən vaxta  qədər  yaşıdlarından heç nə ilə fərqlənməyib. Lakin 14 yaşında nə isə baş verir. Ən yaxın adamlarına etiraf edir ki,  müqəddəslərin səslərini eşidir və hətta bəzən onları görür: “Onlar deyirlər ki, Allah özü ingilisləri  torpaqlarımızdan qovub çıxarmağı mənə tapşırır”. 
 
Doğmaları  onu hər şeyi unutmağa və yaşamağa davam etməyə inandırmağa çalışırlar. Lakin Jannaya heç nə təsir etmir.  O,  yalnız bir məsələ barəsində düşünür:  tezliklə Şinon qəsrinə gedib şahzadə Karl ilə görüşmək!
 
Janna doğma kəndini tərk edib  böyük çətinliklə  Şinon qəsrinə gəlir.  Dofinin yaxın adamları  gənc çoban qızı fırıldaqçı zənn etsələr də, onu Karlın yanına aparmağa razı olurlar.  Janna  Şinon qəsrinin yarıqaranlıq zalına daxil olan kimi düz şahzadənin yanına gəlir və onun qarşısında diz çökür.  Zəif iradəli,  şərəf və heysiyyət məsələlərində bir o qədər də prinsipial olmayan Karl Jannanın səhvə yol verdiyini, dofin olmadığını söyləyir. 
 
-Allah xatirinə, şahzadə! – deyə Janna məzəmmətlə səslənir. - Fransanın həqiqi kralı siz və yalnız sizsiniz!
-Məndən nə istəyirsən? – deyə dofin soruşur.
-Mənə bir dəstə cəngavər verin. Onlarla birlikdə  ingilisləri darmadağın edəcəyəm!
 
Ətrafdakılar Jannanı məsxərəyə qoyurlar. Buna baxmayaraq, ona kiçik bir dəstə həvalə edirlər. Janna bu dəstə ilə birlikdə mühasirədə olan Orleana girməyə müvəffəq olur, müəyyən müddətdən sonra isə onun başçılıq etdiyi könüllülər dəstəsi qalanı almağa cəhd göstərən seçmə ingilis alaylarını darmadağın edir və pərən-pərən salır. 
 
Bu məğlubiyyətdən hiddətlənən ingilis kralı  Jannanın və onun dəstələrinin üzərinə  nəhəng ordu göndərir. Sizcə, bu ordunun aqibəti necə olur?  İngilislər  bütün Yüzillik müharibə dövründə ilk dəfə çox böyük bir məğlubiyyətin acısını dadırlar!
 
Karl Valua Jannanın müşayiəti ilə Reymsə gəlir.  Fransa krallarının tacqoyma mərasimi lap qədim zamanlardan məhz burada keçirilir. Janna  Karl Valuanın başına tac qoyur.  Lakin o vaxtdan  gənc qəhrəmanımızı uğursuzluqlar təqib etməyə başlayır. “Balaca çoban artıq öz işini görüb və inəklərinin yanına gedə bilər” – deyən saray əyanları onu kralın gözündən salmağa çalışırlar.
 
Janna isə hesab edir ki, onun missiyası hələ başa çatmayıb.  Krallığın yarısı hələ də ingilislərin tapdağı altındadır. Onun dəstələri  Parisi azad etməyə can atır. Lakin şöhrətpərəst Karl ona geri çəkilmək əmri verir:  paytaxta ağ atın belində qalib kimi  onun deyil, sadə kəndli qızının daxil olması fikri onu dəhşətə gətirir. Janna  kralın tələbini yerinə yetirərək, dəstəsini Parisdən geri çəkir.
 
Bir gədər sonra, satqınlıq nəticəsində  qiyamçı feodala əsir düşür. O da Jannanı ingilislərə satır. Əfsuslar olsun ki,  kral Jannanı azad etmək üçün əlini ağdan-qaraya vurmur. İngilislər onu  zəncirləyib hələ də əllərində olan Ruana gətirirlər,  fransız kilsə xadimlərindən onu kafir və cadugər kimi mühakimə etməyi tələb edirlər.  Jannanı  onlarca müstəntiq, prokuror, inkvizitor dindirir, işgəncələrlə hədələyirlər. Yetkinlik yaşına çatmadığı üçün müdafiə olunmalı halda, onu vəkillə təmin etmirlər.
 
Janna DˈArkı tonqalda yanmağa məhkum edirlər. Edamı izləyənlərin ürəyinə onları ömrü boyu təqib edən bir hiss – gözləri qarşısında  günahsız bir insanın diri-diri yandırılması hissi hakim kəsilir. Edam səhnəsini izləyən bir neçə nəfər huşunu itirir. Yerindəcə quruyub qalan bir əsgərin ömürlük dili tutulur.  Edama tamaşa edənlərdən biri  sonralar əlini Bibliyaya basıb and içir ki, güclü alovun içindən qəflətən ağ bir göyərçinin pırıldayıb  Fransa tərəfə uçmasının şahidi olub. 
 
Bəli, özü balaca, qəlbi böyük olan Janna ölənə qədər özünə sadiq qalır.  Bədəni yanıb külə dönsə də, al qanla dolu qəlbi salamat qalır. O hadisədən  500 ildən çox vaxt keçir. Lakin hələ indiyə qədər heç bir müdrik insan bu məsələni ağlabatan şəkildə izah edə bilməyib: nə üçün  amansız alov  gözəl və gənc Jannanın ürəyinə aman verir...