Məmməd Aslan. Kəlbəcər
İçim yanar həsrətdən,
Bağrımda köz Kəlbəcər.
Gördüyü fəlakətdən
Ağlar göz-göz Kəlbəcər.
Xəyanətlə vurulan,
Öz odunda qovrulan,
Al qanımda qıvrılan
Dərdi dəniz Kəlbəcər.
Ağ saraylar viranə,
Yüz il təslim bir ana...
Məlhəm qoymaz yarana,
Dünya bumbuz, Kəlbəcər.
Məndə sevinc arama,
Dünya saxta, qurama...
Qan fışqıran yarama
Səpilən duz Kəlbəcər.
Dağ çökdürən cəbrimsən,
Can çəkişən səbrimsən,
Qazılmamış qəbrimsən,
Dərdimdə üz, Kəlbəcər...
11.11.2020