Qarabağın öz dilbər guşələri ilə seçilən gözəl yerlərindən biri də Cəbrayıl rayonudur. Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəd olan Cəbrayıl haqqında İran tarixçisi Həmdullah Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri A. Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində dəyərli məlumatlara rast gəlmək olur. Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, məhşur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası deməyə əsas verir ki, ibtidai insanın yaşadığı yerlərdən biri də məhz Cəbrayıl ərazisidir.