YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ağqoyunlu dövləti

Erkən orta əsrlərdən Azərbaycan torpaqlarında məskunlaşan Ağqoyunlu oğuz türkman boyları sonralar Dəclə və Fərat çaylarının şimalına, Şərqi Anadoluya da yayıldılar. XIV əsrdə Van gölündən qərbdə yerləşən ərazilərdə Ağqoyunlu tayfa ittifaqı yarandı. Tayfa ittifaqının əsasını Bayandurlar nəslindən olan Pəhləvan bəy qoymuşdu. Bayandurların digər məşhur nümayəndəsi Qara Osman bəy isə Diyarbəkri mərkəz seçərək öz adına pul kəsdirmiş, siyasi nüfuzunu genişləndirərək Ağqoyunlu bəyliyini yaratmışdı. Ağqoyunlu bəyliyinin nüfuzunun artmasından narahat olan Osmanlı sultanı İldırım Bəyazid Qara Osmana qarşı mübarizəyə başlayır. Qara Osman isə Əmir Teymurla yaxınlaşaraq əsas rəqibləri olan Osmanlı dövləti və Qaraqoyunlulara qarşı güclü müttəfiq qazanır. Əmir Teymurun Osmanlılar üzərində qələbəsi ona Ağqoyunlu bəyliyinin ərazisini genişləndirməyə imkan vermişdi.

 

Ağqoyunlu bəyliyinin daha da güclənməsi və geniş ərazili dövlətə çevrilməsi tarixdə Uzun Həsən kimi tanınmış Həsən bəy Bayandurun adı ilə bağlıdır.

 

1453-cü ildə qardaşı Cahangir ilə hakimiyyət uğrunda mübarizədən qalib çıxan Həsən bəy Bayandur Ağqoyunlu bəyliyində hakimiyyəti öz əlinə aldı. Qərbdən Osmanlı dövləti, şərqdən isə Qaraqoyunlu dövləti ilə sərhəddə yerləşən Ağqoyunlu bəyliyinin idarə olunması və varlığını qoruması xüsusi siyasi səriştə tələb edirdi. Həsən bəy Şərqdə diplomat qadın kimi şöhrət qazanmış anası Saray (Sara) xatunun da yaxından köməyi ilə bu vəzifənin öhdəsindən məharətlə gəldi.

 

Azərbaycan uğrunda mübarizədə Qaraqoyunlu Cahan- şahı məğlub edən Həsən bəy Bayandur 1468-ci ildə sonuncu Qaraqoyunlu hökmdarı Həsənəliyə də qalib gələrək Təbrizi tutdu. Beləliklə, paytaxtı Təbriz olan Azərbaycan Ağqoyunlu dövləti yarandı. Diyarbəkirdən Xorasana, Kür çayından İran körfəzinə qədərki ərazilər bu dövlətin tərkibinə qatıldı. Qonşuluğunda yeni dövlətin yaranması ilə barışmaq istəməyən teymuri Əbu Səidin də qüvvələri Muğanda mühasirəyə alınaraq darmadağın edildi. Bundan sonra əsas rəqib Osmanlı imperiyası idi.

 

Ticarətə böyük önəm verən Həsən bəy Bayandur Qara dəniz sahilində yerləşən Trabzon krallığı ilə qohumluq əlaqələri quraraq müttəfiq olmuşdu. Bu, Ağqoyunlu tacirlərinə Avropa ölkələri ilə birbaşa ticarət əlaqələri yaratmağa imkan verirdi. Lakin XV əsrin ortalarında Osmanlı sultanı II Mehmetin Konstantinopolu fəth etməsi Kiçik Asiyada qüvvələr nisbətinə və ənənəvi ticarət əlaqələrinə ciddi təsir göstərdi. Kiçik Asiyadakı xristian mülklərini ləğv etmək və Şərqdən gələn ticarət yollarına nəzarəti ələ keçirmək istəyən II Mehmet bu dəfə ağqoyunlu tacirlərinin Qara dənizə mühüm çıxış məntəqəsi olan Trabzonu hədəfə aldı. Trabzon məsələsi Ağqoyunlu- Osmanlı münasibətlərini daha da kəskinləşdirdi. Öz müttəfiqini müdafiə etmək məqsədilə Qoyluhisarda Osmanlıların ön dəstələri ilə döyüşə girən Həsən bəy Bayandur qalib gəlsə də, yaranmış şəraiti düzgün qiymətləndirərək barışığa gəlmək qərarını verdi. Anası Saray xatunu sülh bağlamaq və II Mehmeti Trabzon üzərinə yürüşdən çəkindirmək məqsədilə onun düşərgəsinə göndərdi. Sülhə razılıq verən II Mehmet Trabzon üzərinə yürüş fikrindən daşınmadı. 1461-ci ildə Bizans imperiyasının son qalığı olan Trabzon krallığı süqut etdi. Qohumluq əlaqələrini əsas gətirən Saray xatun Trabzon xəzinəsinin bir hissəsini II Mehmetdən ala bildi.

 

Trabzonun fəthi Ağqoyunlu-Avropa ticarət əlaqələrinə ağır zərbə vurdu, Ağqoyunlu tacirlərinin Qara dənizə birbaşa çıxışı itirildi. II Mehmetlə sülh isə Ağqoyunlu-Osmanlı münasibətlərinə yalnız müvəqqəti sakitlik gətirdi.

 

Ağqoyunlularla Avropa dövlətləri arasında diplomatik münasibətlər də məhz bu dövrdən başladı. Güclü Ağqoyunlu dövlətinin yaranması Avropa dövlətlərinin təşəbbüsü ilə başlanan diplomatik münasibətlərin daha da genişlənməsinə səbəb oldu. Şərqdən gələn ticarət yolları bu dövlətin ərazisindən keçirdi. Osmanlı dövlətinin Avropa-Asiya tranzit ticarətinə ağır zərbə vuran gömrük siyasəti Ağqoyunlu hökmdarı Uzun Həsəni narazı salmışdı. Venesiya, Polşa, Macarıstan, Neapol krallığı, Kipr və digər Avropa dövlətləri Osmanlı əleyhinə Ağqoyunlu dövləti ilə diplomatik münasibətlər yaratmışdılar. Ağqoyunlu dövləti Avropa dövlətlərinin ümid yerinə çevrilmişdi.

 

Venesiya ilə danışıqlar 1472-ci ildə Osmanlı əleyhinə hərbi ittifaqın bağlanması ilə başa çatdı. Venesiya Ağqoyunlu dövlətinə odlu silahlar və mütəxəssislər göndərməli idi. Əldə edilən razılaşmaya uyğun olaraq elə həmin il 20 minlik Ağqoyunlu qoşunu Qaraman bəyliyi ərazisindən Aralıq dənizi sahillərinə çıxdı. Lakin Venesiyalılar verdikləri vədə sadiq qalmayaraq silahları gətirmədilər. Geri dönən Ağqoyunlu qoşunu Beyşehir yaxınlığında Osmanlıların üstün qüvvələri tərəfindən məğlub edildi. 1461-ci il sülhü pozuldu, Ağqoyunlu-Osmanlı müharibələrinin növbəti mərhələsi başladı. İlk böyük döyüş Fərat çayının sahilində 1473-cü ilin avqustun 1-də başlandı. Malatya yaxınlığında baş verən bu döyüşdə Uzun Həsənin sərkərdəlik məharəti bir daha üzə çıxdı. Osmanlı ordusunun zərbə qüvvəsini hərbi hiylə ilə Fəratın sol sahilinə keçirən Uzun Həsən osmanlıların sayı 12 minə çatan bu dəstəsini tamamilə məhv etdi. Ruh düşkünlüyü içərisində geri çəkilən Osmanlıları təqibə başlayan Ağqoyunlu qoşunları Otluqbeli adlı yerdə yenidən döyüşə girdilər. Lakin odlu silahın və yeniçəri həmlələrinin əsas rol oynadığı bu döyüşdə osmanlılar üstün gəldi. Buna baxmayaraq, II Mehmet də hərbi əməliyyatları davam etdirə bilmədi və onun Azərbaycanı ələ keçirmək planı iflasa uğradı. Bu qələbədən sonra Osmanlı dövləti əsas diqqətini Venesiya və Avropa dövlətləri ilə mübarizəyə yönəltdi. Osmanlı-Ağqoyunlu münasibətləri Uzun Həsənin ölümünə qədər kəskin olaraq qalmışdı.

 

Hakimiyyətin sonuna yaxın Uzun Həsən padşah Gürcüstana da yürüşlər etmişdi. 1477-ci ildə gürcü çarı VI Baqratla bağlanan sülhə görə Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirilmişdi.

 

Uzun Həsənin ölümündən (1478) sonra hakimiyyətə onun oğlu Sultan Yaqub gəldi. Onun 12 illik hakimiyyəti Ağqoyunlu dövlətinin durğunluq dövrü kimi səciyyələndirilir. Qiyam və çıxışları yatıran Sultan Yaqub Osmanlı dövləti ilə toqquşmalardan çəkinmiş, Osmanlı sultanı II Bəyazidlə dostluq münasibətləri yaradaraq əsas diqqətini daxili sabitliyin qorunub saxlanmasına yönəltmişdi. Uzun Həsənin zamanında Səfəvi nəsli ilə olan yaxın münasibətlər Sultan Yaqubun zamanında pozuldu. Səfəvilər nəslinin əhali arasında nüfüzunun artmasından və Şeyx Heydərin dövründə Ərdəbil hakimliyinin güclənməsindən narahat olan Sultan Yaqub onu cəzalandırdı. Ərdəbil hakimliyinə məxsus mülklər müsadirə olundu.

 

Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu dövlətinin sabitliyi pozuldu. XV əsrin sonlarında ağqoyunlu şahzadələri arasında başlanan hakimiyyət uğrunda çəkişmələr dövləti zəiflətdi. Qısa müddətdə hakimiyyətdə olmuş Gödək Əhmədin (1497) dövləti xilas etmək təşəbbüsləri də onun öldürülməsi ilə yarımçıq qaldı. Ağqoyunlu şahzadələri arasındakı çəkişmələrə Əlvənd Mirzə və Sultan Murad arasında 1500-cü ildə imzalanmış Əbhər sazişi ilə son qoyuldu. Bu saziş ilə dövlətin parçalanması rəsmiləşdirildi. XVI əsrin əvvəllərində Səfəvilərin zərbələri altında Ağqoyunluların hər iki qolu süqut etdi.

 

Qaraqoyunlu Qara Yusif və Ağqoyunlu Uzun Həsənin cəhdlərinə baxmayaraq, mərkəzləşmiş dövlət qurmaq mümkün olmadı. Buna mane olan amillərdən biri vilayətlərdə yarımköçəri həyat tərzi keçirən elatlara nəzarətin tam mümkün olmaması, digəri isə soyurqal sisteminin mövcudluğu idi. Dövlətin gücü daha çox hökmdarın nüfuzundan və onun hərbi uğurlarından asılı olurdu.

 

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordunun əsasını elatlardan toplanan döyüşçülər təşkil edirdi. Ağqoyunlu dövlətində ordu iki hissədən ibarət idi: elatlardan toplanan qoşunlar və daimi qoşun. Elatlardan müharibələr zamanı toplanan qoşunlar ordunun sayca çox hissəsini təşkil edir, yalnız hərbi əməliyyatlar zamanı dövlətdən maaş alırdılar. Onlara əmirlər başçılıq edirdi. Ağqoyunlu dövlətində “xassə əsgərləri” adlanan daimi qoşunlara illik maaş verilirdi, bu qoşun ordunun özəyini təşkil edirdi. Kəşfiyyat işini “qaravul” adlandırılan dəstələr həyata keçirirdi. Müharibə ərəfəsində vilayətlərdən qoşun toplayan və onların sayını dəqiqləşdirən məmur “təvaçi” adlanırdı.

 

Hərbi yürüşlərdə ordunu musiqiçilər dəstəsi də müşayiət edirdi. Hücum vaxtı gərənaylar (uzun zurnalar), qələbə qazanılanda isə təbil və nağaralar çalınırdı.

 

XV əsrdə Azərbaycan döyüşçüləri əsasən nizə, qılınc, xəncər, ox və kaman, gürzlə silahlanırdılar. Döyüşçülər dəridən və dəmir halqalardan hazırlanmış xüsusi zireh geyinir, süvarilərin atları da dəmir zirehə bürünürdü. Qədim türk ənənələrinə uyğun olaraq yürüşə yollanan döyüşçüləri çox zaman onların ailələri və xidmətçiləri də müşayiət edirdilər.