YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

“Dəmir qapı”

Qafqaz dağları ilə Xəzər dənizi arasında bir keçid vardır. Ulu babalarımız bu keçidi alınmaz qalaya çevirmişdilər. Buna görə də həmin keçid «Dəmir qapı» kimi şöhrət qazanmışdı. Sonralar bu keçid Dərbənd adlanmağa başladı. Bu keçid vasitəsilə daim şimaldan cənuba, cənubdan şimala ticarət karvanları gedirdi. Qədim Dərbənd şəhərində və Dərbənd keçidi boyunca olan torpaqlarda yaşayan əcdadlarımız 5— 6-cı yüzilliklərdə keçidi bağlayan möhtəşəm qala divarları tikmişdilər.

 


Bir ərəb səyyahı Dərbəndi təsvir edərkən yazmışdır ki, limanın girəcəyinə zəncir çəkilmişdi. Zəncir qıfıllanır, açarı isə liman nəzarətçisində olurdu. Liman nəzarətçisinin icazəsi olmadan heç bir gəmi limana nə daxil ola bilər, nə də oradan çıxa bilərdi.

 


Dərbənd liman-şəhər idi. Xəzər dənizi ilə bu möhtəşəm şəhərə başqa ölkələrdən ticarət gəmiləri gəlirdi. Tacirlər buraya çoxlu mal gətirirdilər. Gətirilən malların bir hissəsi Dərbənddə satılır, bir hissəsi isə dənizlə və ya quru yolla başqa ölkələrə aparılırdı.

 


Dərbənd keçidi və qalasının çox böyük hərbi əhəmiyyəti vardı. Şimaldan Azərbaycana və başqa cənub ölkələrinə hücum edən tayfaların qarşısını almaq üçün yerli hakimlər keçid boyu gözətçi məntəqələri və başqa müdafiə qurğuları tikdirmişdilər.

 


8-ci yüzillikdə ərəblər Azərbaycan şəhərlərini zəbt edərək Dərbəndə də çatdılar. Bura hücum edərkən qalanı döyüşlə ala bilmədilər. Şəhəri mühasirəyə alıb xüsusi qurğularla qalaya daşlar və dəmir mərmilər yağdırdılar. Lakin hücumlar nəticə vermədi. Çünki Dərbəndin qala divarları çox möhkəm idi. Qalanı hücumla ala bilməyən ərəblər başqa tədbirə əl atdılar. Dərbənd şəhərinin əsas su mənbəyi olan bulağın başında çoxlu mal, qoyun kəsdilər. Heyvanların qanını, içalatını bulağa tökdülər. Çirklənmiş su qaladakı su quyularına axırdı. Quyulardakı su iyləndi. Dərbənddə xəstəliklər yayılmağa başladı. Lakin dərbəndlilər təslim olmadılar. Yalnız xəyanət nəticəsində ərəblər qalanı işğal edə bildilər.

 


Dərbənd ərəblər üçün böyük əhəmiyyət kəsb edirdi. Dərbənddə ərəb qoşunu yerləşdirildi. Xəlifənin əmri ilə şəhərin ətrafına su çəkildi. Burada dəyirmanlar, taxıl və silah üçün anbarlar tikildi. Şəhərdəki dağıntılar bərpa edildi. Dərbəndi ərəblər «Qapılar qapısı» adlandırırdılar.

 


Dərbəndin ətrafındakı münbit torpaqlarda taxıl əkilir, zəfəran, qızıl boya yetişdirilirdi. Əhalinin məşğuliyyəti içərisində üzümçülük və bağçılıq xüsusi yer tuturdu.

 


Dərbənd həm də sənətkarlıq mərkəzi idi. Burada toxuculuq, dulusçuluq, misgərlik, zərgərlik və digər sənət sahələri geniş yayılmışdı. Dərbənddə hazırlanan kətan parçalar əcnəbi tacirləri çox cəlb edirdi. Dərbənd bazarı ətraf ölkələrdə çox məşhur idi. Burada qul alveri də gedirdi. Ətraf ölkələrdən tacirlər bura qul almağa gəlirdilər.

 


Dərbənd şəhəri xalqımız üçün çox əzizdir. Çünki yüz illər öncə bu şəhərdə olmuş məşhur səyyahlar Dədə Qorqudun burada dəfn edildiyini yazmışlar.

 


«Kitabi-Dədə Qorqud» dastanında da «Dəmir qapı» — Dərbənd haqqında çox dəyərli məlumatlar var. Bu mənbə sübut edir ki, Dərbənd ulu babalarımız olan qədim türk tayfalarının vətənidir.

 


Sonralar 19-cu yüzillikdə Dərbənd çar Rusiyası tərəfindən işğal edildi. O zamandan etibarən Dərbənd Azərbaycandan ayrı salındı.