YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göbələklər

Göbələyi qopardıqda çox vaxt onunla birlikdə torpaqdan uzun nazik tellər də çıxır. Çoxları səhvən onu göbələyin kökləri adlandırırlar. Son vaxtlara qədər hətta botaniklər də belə düşünürdü. Həqiqətən, bu nazik tellərin bitkinin kökü deyil, onun özü olmasına inanmaq çətindir. Göbələk yalnız bu bitkinin məhsuludur. Budur, ağacın altında göbələk var. Bu gün onun “doğulduğu” gündür. Ağacın yaşı isə çoxdur. Göbələk tellərinin də yaşı bu qədərdir. Onlar birlikdə boy atıb. Lakin ola bilər ki, göbələk telləri daha yaşlı olsun. Axı, həmin tellər bu yerlər hələ tarla olanda meydana gələ bilərdi. Göbələk telləri ağacların böyüməsinə kömək edib. Bəli, məhz kömək edib. Göbələk telləri tez-tez ağacların kökləri ilə bitişir. Bu, onların hər ikisi üçün əlverişlidir. Göbələk telləri ağacdan hazır qida alır (ağacın kökü yerin dərin qatlarından qidalanır və onu göbələk telləri ilə “bölüşdürür”), özü isə ağacı rütubətlə təmin edir. 


Müxtəlif göbələklər müxtəlif ağaclarla “dostluq edir”: tozağacı meşəsində ağ göbələk, fındıq meşəsində isə sarıca göbələyi daha çox bitir. 


Məgər kif göbələyə oxşayırmı? Ancaq bununla belə, o da saysız-hesabsız mikroskopik nazik uzun telləri olan göbələklərdir. Həmin göbələklərin arasında başqa bitkilərin hesabına yaşayan parazitlər də az deyil. Hətta ən möhkəm dirəyi çürüdən, ağacları məhv edən, evləri uçuran “dağıdıcı” göbələklər də var. Bununla yanaşı, adamlara çox gərək olan kif göbələkləri də məlumdur. Belə göbələklərdən qiymətli dərman – penisillin hazırlayırlar. 


Maya göbələkləri də mikroskopik göbələklərdir. Əlverişsiz şəraitdə maya göbələkləri quruyur, isti və rütubətli yerə düşən kimi canlanır, artmağa, qıcqırmağa başlayır. 


Göbələklər təbiətdə maddələr dövranında iştirak edir; antibiotiklər, müxtəlif dərman maddələri alınmasında, çörək, pivə, pendir və s. hazırlanmasında onlardan istifadə edilir. Göbələklərin bir qismi duza və sirkəyə qoyulur, yaxud qızardılıb yeyilir. Yeməli göbələklərdən adi şampinyon, sarı yağlıca, ağ göbələk, sarıca, çətirgöbələk, dombalan, payız kötükcəsi və s. göstərmək olar. Bəzi yeməli göbələklər süni yolla yetişdirilir. Göbələklərin bir qrupu bitki, heyvan və insan orqanizmində müxtəlif xəstəliklər törətdiyi, sənaye məhsullarını korladığı üçün zərərlidir. Zərərli göbələklər respublikamızda geniş yayılıb: onlar pambıqda, üzümdə, taxılda, kartofda, tütündə bəzi xəstəliklər törədirlər. Göbələklərin bir qismi isə zəhərlidir. Göbələk yığarkən ehtiyatlı olmaq, yeməli göbələkləri yaxşı tanımaq lazımdır.