YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kukla teatrı

Kukla teatrı nə vaxt və hansı ölkədə meydana gəlib? Dünyada ilk kuklanı kim düzəldib? Bunları heç kim bilmir və bilmək də çətindir. Çünki kuklalar min il, on min il əvvəl də dünyanın bütün xalqlarında olub. Kuklaları gildən, ağacdan, samandan və ya parçadan düzəldiblər. Uşaqlar kuklalarla oynayır, onları müalicə edir, yatırdır, gil və ya taxta maralların, fillərin, begemotların ovuna çıxırdılar. Axı, bunun özü də bir teatrdır. Çünki burada aktyorları kuklalar əvəz edir. 


Qədim dövrlərdə yaşlı adamlar, üzərində tanrı təsvir olunan kiçik fiqurlar düzəldirdilər. Hər xalqın özünəməxsus çoxlu tanrısı olurdu. Günəş allahı, su allahı, müharibə allahı, ov allahı, hətta xoruz banı allahı mövcud idi. Bu allahları ağacdan yonur, gildən yapır, yaxud dəridən kölgə fiqurlar kəsərək onları tarım çəkilmiş kətan üzərində piylə yanan çırağın işığında göstərirdilər. İndiyədək də bir çox ölkələrdə, xüsusilə Cənubi Amerikada, Afrikada, Cənub-Şərqi Asiyada belə tamaşalar mövcuddur. Bu, bir tərəfdən yarıibadət, digər tərəfdən isə yarıkukla teatrı xarakteri daşıyırdı. Tədricən kuklalarla daha çox nağıllar, təmsillər, müxtəlif gülməli, bəzən isə satirik səhnəciklər ifa olunmağa başlanıldı. Rusiyada belə səhnəciklərin əsas qəhrəmanı Petruşka, Almaniyada Hansvurst, İngiltərədə Panç, Fransada Polişinel, İtaliyada Pulçinella, Çexiyada Kaşparek, Türkiyədə Qaragöz, Azərbaycanda isə Cırtdandır. 


Hazırda kukla teatrlarında əsl aktyorlar işləyir, orkestrlər çalır. Səhnə işçiləri dekorasiyaları qurur və dəyişir, elektriklər səhnəni müxtəlif rəngli projektorlarla işıqlandırırlar. Kuklaları və dekorasiyaları xüsusi emalatxanalarda hazırlayırlar. 


Kuklaları idarə etməyin 4 əsas üsulu var. Barmaqlarla, sapla, ağacla və kölgəli fiqurlarla. Petruşka barmaqlarla idarə olunan kukla idi. Dünyanın bir çox teatrlarında indi də belə kuklalarla tamaşalar göstərilir. Barmaqları ilə kukla tutmuş aktyor arakəsmə arxasından onu yuxarı qaldırır. Kukla yalnız arakəsmənin üstündə görünür. Kukla yuxarıdan sapla idarə olunur. Aktyor əlində çarpazşəkilli iki nazik çubuğun hərəkəti ilə kuklaları hərəkətə gətirir. Sapların bir ucu çubuqlara, o biri ucu isə kuklaların başına, çiyninə, dirsək və dizlərinə bənd edilir. Aktyor sapı dartdıqda, yaxud çubuqları döndərdikdə kukla gəzir, əlləri ilə müxtəlif hərəkətlər edir, başını döndərir. Ağac üzərindəki kuklaları aktyor arakəsmənin arxasından başı üzərində tutaraq istədiyi kimi oynadır. Ağacın biri kuklanın başından bütün bədəni boyu keçir, o biri iki ağac isə əllərində bərkidilir. Ağacları çox vaxt tamaşaçılar görmür. Onları kuklaların geyimləri örtür.


Kölgə fiqurlar, adətən, şəffaf dəridən kəsilir, müxtəlif rəng çalarları yaratmaq məqsədi ilə onların üzərinə rəng çəkilir. Kukla teatrında müxtəlif müəlliflərin pyesləri və xalq nağılları tamaşaya qoyulur. 


Azərbaycanda da qədim dövrlərdə el şənliklərində kukla tamaşaları göstərilərdi. Bu tamaşalar haqqında biz Nizaminin əsərlərində, Azərbaycanda olmuş alman səyyahı Adam Olearinin kitablarında oxuya bilərik. Azərbaycanda “Kilimarası”, “Şah Səlim”, “Keçəl pəhləvan”, “Şölə oyunu”, “Hacı gəldi” kimi kukla teatrı tamaşaları mövcud idi. Kilim növlü xalça arasında göstərilən qədim “Kilimarası” tamaşasında kuklaoynadan xalçanın ortasında uzanır, onun iki köməkçisi kilimin kənarını qaldırıb bir növ “şirma” (yəni arakəsmə, pərdə) qururdu. İfaçı isə əllərinə və dizlərinə dörd kukla taxır və onları təkbaşına hərəkət etdirirdi. Respublikamızda peşəkar kukla teatrı 1931-ci ildə yaradılmışdır. Həmin teatr 1974-cü ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı adlanır.