YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cəfərzadə Əzizə

Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Məmməd qızı Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Teatr texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirib. Təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. 


Sonradan Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirən Ə.Cəfərzadə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, Teatr texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru olub. O, “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlər” mövzusunda namizədlik (fəlsəfə doktoru), “XIX əsr Azərbaycan poeziyasında, xalq şeiri üslubu” mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə edib. 


Ə.Cəfərzadə “Əzrayıl” adlı ilk hekayəsini on altı yaşında yazıb. Müəllifin ilk kitabı isə 1948-ci ildə çap olunub. Ancaq Moskvanın xüsusi qərarı ilə satışı dayandırılır. Sonra müsadirə edilib yandırılır. Bütün bunlara baxmayaraq, o, ruhdan düşmür. Əksinə, onun mübarizlik ruhu daha da coşub-daşır. Bir-birinin ardınca “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir”, “Eldən elə” , “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və s. əsərlərini qələmə alır. 


Müəllifin “Xəzərin göz yaşları” povestində 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs olunur.

 

O, həmçinin fasiləsiz olaraq televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olub. Bununla yanaşı, radioda uzun illər Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radiojurnalının iştirakçısı kimi bu verilişlərdə ədəbi irsimizi təbliğ edib. 


Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun “Bizim diyar”, Ə.Kabaklının “Əjdaha daşı”, S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım” və s. əsərləri Azərbaycan dilinə tərcümə edib. Yazıçının öz əsərləri də rus, fars, ərəb, qazax və s. dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr olunub.


1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışan Əzizə xanım qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib. 


Özünü Azərbaycana həsr edən yazıçı həm də xeyriyyəçi kimi zəhmətkeş insanların sevgisini qazanıb. Kitablarından qazandığı qonorar hesabına 1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib.


Ə.Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, “Xalqlar dostluğu”, ”Şöhrət” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2001-ci ildə Xalq yazıçısı fəxri adına layiq görülüb.


Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə vəfat edib. Öz vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib.