YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Alban çarlığı-Syunik, Sisian/Sisakan və Qarqarlar

Alban çarlığının tarixi nə qədər öyrənilmiş olsa da bir sıra problemlər hələ də öz aktuallığını saxlayır. Qafqaz Albaniyası dövrünə aid Sisak və Sisakan, Syunnu və Syunik, Qarqarlar və Qarqariya kimi anlayışların daha dəqiq identifikasiya edilməsinə ehtiyac duyulur. Syunik dedikdə bütün müasir Qərbi Zəngəzur nəzərdə tutulur, Sisakan isə bu regionda bir şəhər adıdır. Qarqarlar torpağı X əsrdən Aran, XVIII əsrdən Aran Qarabağ və ya sadəcə Qarabağ adı daşıyan ərazidir.

 

Əsas etibarilə ermənidilli, qədim türk, antik və Çin mənbələrinə istinad etməklə bu adların mənbələri və onların arasında genealoji əlaqələr barədə qısa informasiya təqdim edirik.

 

“Sak” etnonimi “Sisak” antroponiminin əsas komponentidir. Alban tarixçisi M.Kaqankaytukskinin (VII-X əsrlər) və erməni tarixçisi M.Xorenskinin (V-VII əsrlər) fikrincə, bu etnonimin daşıyıcısı birinci Alban çar sülaləsinin əcdadları olub. Herodota görə, fars mənbələrindəki “Saka” etnonimi yunan mənbələrindəki “skiflər” etnoniminə identikdir. Skif-sakların bizim tarix üçün vacibliyi onunla müəyyən edilir ki, Roma tarixçisi Ammian Martsellinə görə (IV əsr) bizim eradan əvvəl 612-ci ildə Assuriya imperiyasının dağılması nəticəsində onlar Atropatena adlı ölkə yaradıblar. Karxi de bet Seloxun Suriya xronikasında (V əsr) bu ölkə Adorbayqan adlanır.

 

Sisakan və Syunik hazırda Ermənistan Respublikasının ərazisində yerləşir. VI əsr bizanslı müəllif Zaxariya Mitilenski yazır ki, Syunik bölgəsində yaşayan sisakanların öz dili olub və onlar bütpərəst olublar. Bizanslı tarixçi Prokopi Kesariyski isə (490-565-ci illər) göstərir ki, syunitlər, daha dəqiq desək syuniklər ermənilərə aidiyyəti olmayan ayrıca xalq idi. Erməni tarixçisi Yepiskop Sebeos (VII əsr) Sasani imperiyası dövrünün hadisələrini (571-ci il) təsvir edərkən bu fikri təsdiqləyərək yazır: “Syuniklər ölkəsinin knyazı Vahan hiddətlənərək ermənilərdən ayrıldı və İran şahı Xosrovdan Syunik vilayətinin idarəsini Dvinddən Paytakaran şəhərinə köçürməyə və onların şəhərini Atropatakanın sərhədlərinə daxil etməyə icazə istədi ki, onlar bundan sonra erməni adlanmasınlar. Onun xahişi yerinə yetirildi”.

 

İlk iki Bizans mənbəyindən və xüsusən ermənidilli üçüncü mənbədən birmənalı şəkildə belə çıxır ki, bu halda söhbət sadəcə Sünikin və Ermənistanın fərqlərindən deyil, Sünikin bundan sonra erməni adlanmamasından gedir. Alban çarlarının əcdadı Sisakın mənşə etibarilə syun olması M.Xorenskinin məlumatından irəli gəlir. O qeyd edir ki, Sisak öz “syunnu” xalqının adı ilə ölkəyə Syunik adı verdi.

 

Qərbi Zəngəzur ərazisində, müasir Ermənistanın Syunik vilayətində Sisian adlı şəhər var. İlk mənbələrdə bu ad Sisakan formasında işlədilir və üç komponentdən ibarətdir. Mahmud Kaşğariyə görə, “Si” türk dillərində “qalib gəlmək (düşmənə)”, “sak” komponenti skiflərin adlarının bir versiyasıdır. Onların qədim Azərbaycan ərazisində yaşaması onlarca antik və qədim mənbələrdə qeyd olunur. “An” komponenti toponim yaradan suffiksdir. Beləliklə, Sisak “qalib Sak”, Sisakan toponimi isə “qalib sakların diyarı” deməkdir. M.Kaqankaytukski qeyd edir ki, birinci alban çarı Aran Sisaklar, yəni “qalib saklar” nəslindən olub.

Yuxarıda qeyd etdik ki, syunnu Albaniyada yaşamış və genealoji baxımdan ermənilərə aidiyyəti olmayan xalqlardan birinin adıdır. Bəs bu xalq kim olub və qədim mənbələrdə onların barəsində nə deyilir? Syunnu Asiyada xunnu, Avropada isə xunn/hunn adlanan xalqdır. “Xu” və ya “syunnu” xalqı haqqında məlumatlar eramızdan əvvəl I minilliyə aiddir. Onların basqınlarından müdafiə olunmaq üçün Böyük Çin Səddi tikilib. Çin tarixçisi Sıma Tsyan (eramızdan əvvəl 145-86-cı illər) yazır ki, onların hökmdarı Modenin dövründə (eramızdan əvvəl III əsr) imperiya çox qüdrətli olub. Çin mənbələrinə görə, bu hökmdar “Şanyuy Mode” “Göydən gəlmiş böyük Şanıoy Xunnu”, həmçinin “Çenli qudu/Səma oğlu” adlandırıldı. Bu, qədim türk “Tanrı qutu/Səmadan doğulmuş” adına müvafiqdir. Alimlər müəyyən ediblər ki, syunnu-hunnlar birmənalı olaraq türk xalqıdır (“syunnu-hunn” xalqı barədə ən geniş yayılmış sonuncu araşdırma rusiyalı linqvist alim, filologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü A.V.Dıbo tərəfindən aparılıb). Biz müqayisə üçün yalnız bir, lakin çox mühüm nümunə gətirəcəyik: çinlilər syunnu dilindəki “səma” sözünü Tanrı – səma, Allah formasında yazıblar. Bu, türkcə təngri - səma, Allah sözünə həmahəngdir. Çin Liday mənbəyinə görə, qetszu çjuatszın huybyan, “syunnular öz adətlərinə görə qüruru və gücü hər şeydən uca tuturlar”. Buna oxşar vəziyyəti “syuni ölkəsinin knyazı Vahanın hərəkətlərində də müşahidə etmək olar, bu barədə yuxarıda demişdik.

 

Eramızdan əvvəl III əsrdən məlum olan və Çinin şimal sərhədlərində yerləşən Xunnu/Syunnu dövləti Çin ilə müharibələr, habelə tayfalararası çəkişmələr nəticəsində eramızdan əvvəl 50-ci ilə yaxın iki hissəyə parçalandı: Şərqdə qalan xunnular Çin imperatorunun himayədarlığını qəbul etdilər, xunnuların/syunnuların digər hissəsi isə sıxışdırılıb oradan çıxarıldı və Qərbə tərəf getdi. Qədim yunan coğrafiyaşünası Dionisi Periyeget (II əsr) eramızın 125-ci ilində onların Xəzər dənizi regionuna gəlməsi barədə məlumat verib: “İndi mən şimal-qərb tərəfdən başlayaraq Xəzər dənizinin ətrafında hansı tafyaların yaşaması barədə hər şeyi danışacam. Birinci sfiklərdir, onlar Xəzər dənizinin sahillərində məskunlaşıblar; sonra xunnular, onların ardınca xəzərilər, daha sonra döyüşkən albanlar...” Beləliklə, Xəzər dənizi regionunda, Albaniyada “xunnu/syunnu” adı ilə məşhur olan xalq yaranıb.

 

Müasir dövrdə “syunik” adı ilə alban çarlığının hazırda müasir Ermənistan ərazisində yerləşən bir regionu var. “Sünük, Çünük” qədim türk sözüdür. Mahmud Kaşğariyə görə, bu söz “Şərq çinarı” deməkdir. “Syunik” toponiminə gəldikdə isə, o eyni zamanda həm oronim (“çinar” deməkdir), həm də etnotoponimdir (syunnu xalqının adı). “Sünük” yerinin adı burada eyniadlı xalqın yaşamasını göstərməklə bərabər, həm də “Şərq çinarı” adı ilə bağlıdır. Bu, həmin ərazidə təbii Şərq çinarı meşəsinin olması ilə əlaqəlidir. Alban çarlığı dövründən mövcud olmuş təbii Şərq çinarı meşəsi hazırda 200 hektardan çox ərazini əhatə edir. Onun bir hissəsi Şərqi Zəngəzur regionunda, Bəsitçay təbii dövlət qoruğunda, Azərbaycanın Zəngilan rayonunda, digər hissəsi isə Qərbi Zəngəzur regionunda, müasir Ermənistanın Sünik vilayətində Şikahoq qoruğunun tərkibindədir.

 

XVIII əsr müəllifi A.Rəşidəddin özünün “Oğuznamə” əsərində bildirir ki, hərbi yürüşlərin birində qadın “ağacın koğuşunda” uşaq doğub və Oğuz xan həmin uşağın adını Qıpçaq qoyub, “ona görə ki, Qıpçaq adı kabuk (qabıq) sözündən yaranıb. Türk dilində içərisi oyulmuş ağacı belə adlandırırlar. Digər türk müəlliflərin fikrincə, bütün qıpçaq tayfaları həmin Qıpçaqdan yaranıblar” bu halda biz türk mənbələrindən götürülmüş nümunə göstərdik, etnonim ağacın xüsusiyyətləri ilə əlaqələndirilir. Alban tarixçisi M.Kaqankaytukski hun ənənələrində ağacın sakral olmasını bildirir. O yazırdı ki, hunnular bütpərəst olublar, çoxallahlılığa etiqad ediblər, lakin onlar “cəlbedici taclı müqəddəs ağaca xüsusi hörmət bəsləyir, atları bu ağaca qurban kəsir və qurbanlıq heyvanın qanını onun üstünə səpirdilər. Bu ağac sanki bütün başqa uca, sıx yarpaqlı, digər allahlara həsr edilmiş ağacların başçısı və anası idi. Hunnular ölkəsində çoxları palıdı/çinarı başqa allahların xilaskarı, insana həyat və hər cür nemətlər bəxş edən ağac hesab edirdilər”.

 

Beləliklə, müəyyən edilib ki, “qalib saklar” mənasını verən Sisak eyni zamanda xalqın adıdır və xüsusi isimdir. Sisakın “qalib saklar ölkəsi” deməkdir. Qədim dövrdə bu söz bir regionun adı olub, müasir dövrdə isə, indiki Ermənistanda şəhər adıdır. Hazırda Ermənistan Respublikasında bir vilayət kimi məşhur olan Syunik qədim dövrdə Albaniyada yaşayan xalqın etnonimi, həmçinin Syunni ölkəsi demək idi. Bununla bərabər, biz müəyyən etmişik ki, “Sünük” adı, eyni zamanda, “Şərq çinarı” deməkdir. Bir məqama diqqət yetirmək lazımdır ki, hunnular/xunnular/syunnular bütpərəst olub, ağaca etiqad bəsləyiblər. İlk mənbələrdə göstərilir ki, həm syunnu xalqı, həm də sisak xalqı erməni mənşəli olmayıb, hunların öz dili və öz dini etiqadı olub.

 

Albaniyada yer adını və xalqın adını bildirən Qarqar anlayışı da Albaniyadakı Sünik adlı ərazi və Alban xalqı ilə birbaşa bağlıdır. Erməni coğrafiyaçısı Vardan Areveltsi (XIII əsr) qismən öz dövrünün tələblərini nəzərə alaraq tarixi Alban çarlığının ərazisini iki hissədə təsvir edir: “Şirvan” və “Şəki”. Qeyd etmək lazımdır ki, Vardanın çoxlu sayda əlyazmaları qorunub saxlanılır. Bütün əlyazmalarda həmin hissələrdən biri, daha dəqiq desək şimal hissə “Albaniya Şirvandır”, yəni müasir Şirvan adlanır. Üç əlyazmada digər hissə barəsində “Qarqarlar ölkəsi Albaniyadır” sözləri, qalan əlyazmalarda isə “Qarqarlar ölkəsi Şəkidir” sözləri yazılıb. Qərbi Zəngəzur regionunda, müasir Ermənistanın Sünik vilayətində Sisian/Sisakan şəhəri ilə yanaşı, Şəki adlı kənd də qalır. Hər iki ad “saklar” etnonimini əks etdirir. Qarqariya – Şəki anlayışlarının identik olması barədə Vardan Areveltsinin məlumatını qarqarların sak mənşəli etnik təyini kimi qəbul etmək olar. Çünki M.Kaqankaytukskiyə görə, qarqarlar özü əslən sisaklar nəslindən olan Aranın varisləridir. Bu məlumatlar onu söyləməyə əsas verir ki, qarqarlar da sisak nəslindən, yəni saklar olublar.

 

Qarqarların dili barədə nə demək olar? M.Xorenski yazır: “Mesrop qarqarların yöndəmsiz, barbar, çox kobud qıtlaq dili üçün əlifba yaradıb. M.Xorenskinin məlumatlarında və digər ermənidilli ilk mənbələrdə qarqar dilinin və qarqar xalqının genetik qohumluq əlaqələrinin müəyyən edilməsi üçün arqumentlər təqdim edirlər.

 

Məxəzlərdə qarqarların yaşadığı region barədə də məlumat verilir. Erməni tarixçi Tovma Artsruni (IX-X əsrlər) yazır: “Ərəb sərkərdə Buqa özünün çoxsaylı qoşununu götürüb Qarqar talasına endi və böyük Partev şəhərinə tərəf hərəkətə başladı...” Yenə həmin mənbədə göstərilir ki, digər ərəb sərkərdəsi İsa “Qarqarlar ölkəsinin Partav məntəqəsinə çatdı. Bu halda Partev – Partav – Bərdə şəhərinin “Qarqar talası” və “Qarqarlar ölkəsi” anlayışları ilə bağlanması Qarqarlar ölkəsinin müasir Qarabağ bölgəsində lokallaşmasını birmənalı şəkildə söyləməyə əsas yaradır. M.Xorenski “Qarqarlar talası” haqqında da məlumat verir. Alimlər bu ərazini Mil düzü ilə eyniləşdirirlər. Qarqar etnonimi ilə oxşar Qarqar çayı hidronimi də var. Bu çay Qarabağ dağ silsiləsindən başlanır, Şuşa şəhərinin yaxınlığından keçir və Kür çayının sağ qoludur. Yakut əl-Hemavi Arranda, baylakan yaxınlığında Karkar şəhərinin adını çəkir. Bu coğrafi məlumatlardan belə çıxır ki, qarqarlar hazırda Qarabağ adı ilə məşhur olan regionun sakinləri olub.

 

Albaniya çarlığı dövründə Sünik, sonradan Zəngəzur, həmçinin Qarqarlar diyarı adlanan vilayət X əsrdən Aran, XIII əsrdən Aranın bir hissəsi Aran-Qarabağ və ya sadəcə Qarabağ adlanıb. Bu ərazi istər qədim dövrdə, istərsə də sonralar Ermənistana mənsub olmayıb, onların erməni dilli adları və erməni dilli sakinləri olmayıb. Müasir elm həmin regionların Alban çarlığında yaşamış əhalisinin türk mənsubiyyətini və genealoji baxımdan syunnu/hunn/qunnu/qarqarların sak-skiflər və müasir türklərlə qohum olduğunu söyləməyə əsas verir.