YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Xanməmmədov Hacı Hacıdadaş oğlu

Bəstəkar və musiqiçi, Azərbaycan Respublikasının xalq artisti
 
1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsini, Səid Rüstəmovun tar sinfini bitirib.
 
1934-cü ildə Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində solist kimi fəaliyyətə başlayıb. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun təşəbbüsü ilə acılan “Xalq musiqisinin əsasları” şöbəsinə qəbul olunub.
 
İkinci Dünya müharibəsi illərində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərib. Eyni zamanda, bir sıra mahnı və marşlar, habelə o zamanlar məşhur olan “Gözəl Pəri” mahnısını və Xalq Çalğı Alətləri Orkestri üçün “Qəhrəmani” əsərini bəstələyib.
 
1947-ci ildə təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində davam etdirib, diplom işi kimi “tar ilə orkestr üçün konsert” əsərini yazıb. Bu əsər Dövlət İmtahan Komissiyası tərəfindən əla qiymətləndirilib.
 
Onun sonralar yazdığı tar ilə orkestr üçün əsərlər Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarında səsləndirilib və tədris repertuarına daxil edilib.
 
1960-cı illərdə bəstəkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmiş “Bir dəqiqə”, “Bütün ərlər yaxşıdır” musiqili komediyalarını yazıb. 1990-cı ildə Hacı Azərbaycanda ilk dəfə olaraq “Kamança və orkesrt üçün konsert” bəstələyib. Kaman ustası Ədalət Vəzirovun ifa etdiyi bu əsər tez bir zamanda məşhurlaşıb. Xalq Çalğı Alətləri Orkestri ilə geniş yaradıcılıq əlaqələri olan bəstəkar bu orkestr üçün “Azərbaycan eskizləri”, “Kolxoz”, “Simfoniyetta”, “Bayram” süitaları, bir neçə rəqs yazıb. 
 
Hacı Xanməmmədov eyni zamanda 150-dən çox mahnının müəllifidir. Onun “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və başqa mahnıları bu gün də sevilə-sevilə dinlənilir.
 
Qırx ildən artıq bir müddətdə Bakı Musiqi Texnikumunda dərs deyən Hacı Xanməmmədov uzun illər Xalq çalğı alətləri kafedrasının dirijorluq üzrə professoru və Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının məsləhətçisi işləyib.
 
Görkəmli musiqiçi müxtəlif illərdə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışıb. 1967-ci ildə Əməkdar İncəsənət Xadimi, 1988-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət” ordeninə, 2001-ci ildə Prezident təqaüdünə layiq görülüb.
 
Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də 87 yaşında vəfat edib.