YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Babək Xürrəmi

Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə
 
Babək Xürrəminin doğum tarixi dəqiq məlum deyil. Dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. 
 
Kiçik yaşlarında atasını itirən Babək karvanlara qoşulub Azərbaycanın hər tərəfini gəzir. Ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ərəblərin nizami ordusurı ilə döyüşlərdə ona çox kömək edir. Təbrizdə xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır.
 
Bilalabad yaxınlığındakı Bəzz adlanan qalada yerli xürrəmilərin başçısı, varlı vilayət hakimi, Cavidan ibn Sührək qış vaxtı Zəncandan qalasına qayıdarkən qar fırtınasına düşür. Babək anasının evində gecələməli olan Cavidanın dəstəsinə qoşulur və Bəzz qalasına gedir. 
 
Buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın rəğbətini qazanır.
 
816-cı ildə Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olur və onun vəsiyyəti ilə yerinə Babək təyin edilir. Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. Xürrəmilər Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində olanların başlarını kəsirlər. Üsyan o biri vilayətlərə də yayılır və bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Daha sonra üsyan şimala - Arrana və cənub-şərqə - Cibəl və Xorasana yayılır. 
 
Abbasi Xəlifəsi Məmun ardıcıl məğlubiyyətlərə məruz qalır və hakimiyyəti itirmək qorxusu altında, 819-cu ildə paytaxtı Xorasandan Bağdada köçürür.
 
829-cu ildə Məmun bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və onu Babəkin üstünə göndərir. Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır. Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşərgə salır. 829-cu ilin yayında döyüşə girməzdən qabaq Babək say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha gəlir və qızğın döyüş başlayır. Döyüşün gərgin vaxtında xürrəmilərin ehtiyat dəstəsi ərəblərin arxasından hücuma keçir. Xilafət ordusu məğlub olur, Məhəmməd ibn Hüməyd isə öldürülür.
 
Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur.
 
833-cü ildə xəlifə əl-Məmun vəfat edir və onu yerinə qardaşı əl-Mötəsim taxta çıxır və ordunu yenidən qurmağa başlayır. O, Xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür və türklərdən yığılmış muzdlu qoşun təşkil edir. Bu qoşun əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsabın başçılığı altında Həmədan yaxınlığında Babəklə döyüşə girir. Döyüşdə mindən artıq kəndli döyüşçüsünü itirən xürrəmilər məğlub olur, qalanları isə canlarını qaçmaqla qurtarırlar. Babək özü də qaçıb Bəzz qalasına sığınır və yeni dəstələr toplamağa başlayır.
 
Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmrini verir. Babəkin sursat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü ordunun başına ən istedadlı və çevik sərkərdələrdən biri olan Heydər ibn Kavus əl Afşini gətirir. 
 
836-cı ilin yazında Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Buna baxmayaraq, Babəkin ordusu məğlubiyyətdən yaxa qurtara bilmir.
 
Ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib qardaşı ilə bərabər Araz çayından keçərək Arran tərəfə qaçır. Bir müddət sonra knyaz Səhl ibn Sumbat tərəfindən Afşinə təslim edilir. Babək 838-ci ildə Samirə şəhərində edam olunur.
 
Onu şaqqalayıb əhalini qorxutmaq üçün başını Xorasana göndərir, bədənini isə Samirə şəhərində asırlar.