YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Marağa rəsədxanası

Qədim Şərqin ilk rəsədxanası
 
1259–cu ildə Hülaku xanın əmri ilə Azərbaycan ərazisindəki Marağa şəhərində tikilib. Rəsədxananın banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusidir (1201-1274).
 
Rəsədxananın tikintisi ilə bağlı maraqlı hadisələrdən birini tanınmış tarixçi Hacı Xəlifə “Dünya haqqında kitab”ında belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məbləği Hülaku xana deyəndə, o, məbləğin böyüklüyünə heyrət edərək soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək”? Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin”. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddin isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşunun bu halını seyr edirdilər. Nəsirəddin Hülaku xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə rahatlıq hökm sürər”. Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. 
 
Rəsədxananın tikintisinə ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimlər: Dəməşqdən Müvəidəddin Ordi, Mosuldan Fəxrəddin Marağayi, Tiflisdən Fəxrəddin İxlati, Qəzvindən Nəcməddin Dəbirani, həmçinin Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun Çi və digərləri cəlb edilir. 
 
Marağa rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpədə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə rəsədxanada özlərinin işləyib hazırladığı beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdır. Bundan başqa rəsədxanada bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yerin və göyün qlobusları da hazırlanır. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər gəlib çatıb və hazırda Drezden muzeyində saxlanılır.
 
Rəsədxananın nəzdində 400 min kitabı olan kitabxana və astronomiya üzrə kadr hazırlamaq məqsədi ilə məktəb də fəaliyyət göstərirdi.
 
Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoymuşdu. Marağa rəsədxanasında çalışan astronomların elmi fəaliyyəti və müşahidələri “Zici-İlxani” (İlxanilərin astronomik cədvəlləri) adlanan məşhur əsərin yazılmasına gətirib çıxarır. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, Nəsirəddin Tusinin vəfatından sonra tərtib edilir.
 
Dörd kitabdan ibarət birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilir. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarına həsr olunur, sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairələri göstərilir. Bu cədvəldə Nəsirəddin Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Müasir alimlər buna əsaslanaraq, belə bir ehtimal irəli sürürlər ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar olublar. Üçüncü və dördüncü kitablar astrologiyada aktual məsələlərdən bəhs edir.
 
Azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası dünya tətbiqi astronomiya elminin inkişafında müstəsna rol oynayır.