Xəbərlər

“Yeni uşaq mahnıları 2013” müsabiqəsinin təqdimatı keçirilib

24.10.2013. Bu günlərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “Yeni uşaq mahnıları–2013” respublika müsabiqəsinin təqdimatı keçirilib.
 
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova müsabiqənin ölkə tarixində ilk dəfə keçirildiyini bildirib. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılıb.
 
Müsabiqəyə 73 mahnı təqdim edilib. Bu mahnılar tanınmış münsiflər heyəti tərəfindən seçildikdən sonra sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Qaliblərin seçilməsində həm münsiflərin rəyi, həm də sosial şəbəkələrdəki səsvermələrin nəticələri nəzərə alınacaq.
 
Müsabiqə ilin sonunadək yekunlaşacaq və qaliblərin iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək. Müsabiqənin qaliblərinə və fərqlənənlərə pul mükafatı, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.
 
Təqdimat mərasimində müsabiqənin birinci mərhələsinin yekunları müzakirə olunub və müsabiqəyə təqdim edilən uşaq mahnıları dinlənilib.