Bu maraqlıdır!

Heraldika - gerb və emblemlər

Orta əsrlərdə, Qərbi Avropada insanın cəmiyyətdə hansı təbəqəyə aid olduğunu göstərən daha bir fərqləndirici nişan mövcud idi. Bu, hərbi-zadəgan təbəqəsinin qalxan və dəbilqəsinə, bayraq və at çuluna vurulan şəxsi nişan — gerb idi. Gerb üzərindəki nişanlar polad geyimli cəngavərlərə bir-birini uzaq məsafədən tanımağa xidmət edərdi.

 

Emblem — hər hansı ideya və ya anlayışın simvolik, şərti təsviridir: məsələn, at nalı — uğur emblemi sayılır.


Gerb — zadəgan nəslinə, şəhərə, ölkəyə mənsub, nişan və emblem təsviri olan lövhə-qalxan.

 

Gerbdə olan hər bir nişan və rəng müəyyən mənaya malik idi və onu daşıyan şəxs haqqında simvolik informasiya verərdi. Gerb — nəslin ləyaqət rəmzi sayılardı.


Heraldika — gerb və nişanları öyrənən elm sahəsidir.

 

Heraldik fiqur — üfüqi, şaquli və diaqonal üzrə olur. Burada əsas simvol-elementlər müxtəlif rəng çalarlarıdır.

 

Qeyri-heraldik fiqurlar — təbii, süni və əfsanəvi olur. Müxtəlif canlı və cansız varlıqların simvolik təsvirindən ibarətdir.

 

Nişan-təsvirlər: palıd ağacı, ayı — güc; məşəl, açıq kitab — elm; arı — zəhmətsevərlik; çələng — şöhrət; qanadlı ilan — şər; əjdaha — əzəmət; əl — igidlik göstəricisi idi.

 

Rənglər: sarı və ağ rəng qızıl və gümüş rənginə uyğun idi. Qızıl — zənginlik və ədalət; gümüş — paklıq və saflıq rəmzi sayılardı.


Digər beş rəng: tünd-qırmızı — məhəbbət; mavi — gözəllik və ucalıq; yaşıl — bolluq, rifah, al-qırmızı — hakimiyyət; qara — müdriklik simvolu sayılardı.

 

Dövlətlər və ayrı-ayrı şəhərlərin də öz gerbi var. Gerblərdə həmin şəhərlərə xas olan xüsusiyyətlər — təbiət, sərvət, xalq əfsanələrinin obrazı və digərlərini əks etdirərdilər.