279 saylı məktəbdə Beynəlxalq Kulinariya Günü qeyd olunub

Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib.


Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin  ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.


Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, folkloru, milli adət-ənənəsi olduğu kimi, özünəməxsus mətbəxi də mövcuddur. Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği məqsədilə 1991-ci ildə yaradılan Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən son illərdə böyük işlər görülüb. Mərkəz 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür. Ölkəmiz MDB məkanında və Türk dünyasında bu quruma qəbul edilən ilk dövlətdir. Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib. Məhz bunun nəticəsidir ki, 1993-cü ildə Azərbaycanın milli komandası ilk dəfə Maltada keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla Vətənə dönüb.



Ölkəmiz 1998-ci ildən UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür. Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov həm də UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədridir.
Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür.

 

Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olmaları baxımından həmin gün bir çox məktəblərdə tədbirlər keçirilir. Bakı şəhəri 279 nömrəli məktəbin 4e sinifində də  Dünya kulinariya günü qeyd olunub. Şagirdlər Azərbaycan milli mətbəxinin dadlı təamlarından hazırlayaraq bu günü qeyd ediblər. Müxtəlif növ salatlar hazırlayıb, süfrə açmaq bacarıqlarını nümayiş etdirən şagirdlər həm səmərəli, həm də əyləncəli vaxt keçiriblər.