Nağıllar, hekayələr

Namiq Abdullayev. Lampa niyə söndü

Kamil yuxudan duran kimi qanı qaraldı. Bərk yağış yağırdı. O, göyün üzünü bürüyən qara bulud topalarına baxıb acıqla dedi:

 

- Gərək elə bu gün yağaydın?! Axı mən uşaqlarla meşəyə, çiyələk yığmağa gedəcəkdim. Belə yağışda heç bayıra çıxmaq olar?!

 

Kamilin acığına göy daha da bərk guruldadı, ildırım çaxdı.

 

Bulud dilə gəlib dedi:

 

- Sənin məndən xoşun gəlmir?

 

- Səndən kimin xoşu gələr? Bütün aləmi palçığa bulamısan. Sənə baxanda adamın ürəyi sıxılır.

 

- Yaxşı, indi ki belədir, mən çıxıb gedirəm.

 

Bir azdan bulud uca dağın arxasına çəkilib yox oldu. Göyün üzü açıldı. Günəş qızardı. Kamil sevindi:

 

- Nə yaxşı oldu!

 

O, yoldaşları ilə meşəyə getdi. Burada quşlar budaqdan-budağa atılıb cəh-cəh vururdu. Hər tərəf yamyaşıl idi. Otların arasında isə dadlı, şirin çiyələklər qızarırdı.

 

Aradan xeyli keçdi. Bir axşam Kamilgilin işığı yanmadı. O, üzünü lampaya tutub dedi:

 

- Ay lampa, sən niyə yanmırsan?

 

- Mən nə edə bilərəm? Qoy elektrik stansiyası işləsin. Qüvvət versin, mən də yanım.

 

Kamil elektrik stansiyasına qaçdı:

 

- Ay elektrik stansiyası, sən niyə işləmirsən? Bizim evdə işıq yanmır.

 

- Mən necə işləyim? Çayın suyu lap azalıb. Qoy çayın suyu çoxalıb pərlərimi fırlatsın, mən də sizin işığı yandırım.

 

Kamil çaya yaxınlaşıb dedi:

 

- Ay çay, sənin suyun niyə azalıb?

 

- Nə edim? - deyə çay güclə pıçıldadı. - Qoy uca dağların başındakı qar əriyib suya dönsün, mənim suyumu çoxaltsın.

 

Kamil üzünü dağa tutub qışqırdı:

 

- Ey dağ, sən niyə çaya su vermirsən? Qoy səndəki qarlar əriyib çayı su ilə doldursun.

 

- Eh, heç məndə qar var ki! Çoxdandır bulud buralarda görünmür. O məni qara, yağışa həsrət qoyub.

 

Bu vaxt bulud dağın arxasından baxıb gülümsədi. Kamil ondan soruşdu:

 

- Ay bulud, niyə dağı qara, yağışa həsrət qoymusan?

 

- Axı özün dedin ki, “səndən acığım gəlir”, mən də çıxıb getdim.

 

Kamil utanıb başını aşağı saldı. O, buluddan üzr istədi. Bulud isə keçmiş əhvalatı tez unutdu. Dağın arxasından çıxıb göyün üzünü örtdü.

 

Bundan sonra hər yağış yağanda Kamil buluda baxıb gülümsəyirdi.