Nağıllar, hekayələr

Cəlil Məmmədquluzadə. Saqqallı uşaq

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, tabaşirnən də yazır. Hələ sən kömürü və tabaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb, divarları cızıb xarab eləyir.
 
Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həyə sən yaxşı uşaqsan və könlün məşq eləmək istəyir, götür kağız-qələmi, bir yerdə otur və nə qədər kefindi, yaz.
 
İndi keçək nağılımıza.
 
Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyillər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib: deyəsən bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dənə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.
 
Xoşuma gəlmədi, çağırdım uşaqları.
 
- Ədə, genə divarları yazırsınız?
 
Üçü də gəldi durdu yazının qabağında.
 
- Hansınız yazmısınız?
 
Üçü də dayandı.
 
- Elədə bəs şeytan yazıb?
 
- Dədə, vallah mən yazmamışam.
 
- Dədə, mən də yazmamışam.
 
Balaca Qurban da “mən yazmamışam” deyə-deyə əllərini üzünə qoyub başladı ağlamağı.
 
Mən deyinə-deyinə bir əsgi tapıb yazını təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: – Sən yazmısan. – Teymur da Heydərə deyirdi. – Sən özün yazmısan.
 
Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma guya ki, bir böyük xəbər gətirib.
 
- Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.
 
Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:
 
- Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki, sizin danmağınıza inciyirəm; sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki, söz yox, divarı yazan üçünüzdən birinizdi; amma üçünüz də and-aman eləyirsiniz ki, siz yazmamısınız. Bəs sizdən savayı bu evdə uşaq ki, yoxdu.
 
Genə uşaqlarım başladılar and-amanı, bir-biri ilə deyişməyi.
 
Aradan beş-on gün keçmişdi. Haman divarda, qapının dalında, haman davalı cızma-qara pozulan yerdə gördüm genə haman yazı: heyvan kimi bir şeyə oxşayır, altında bir neçə əlif yazılıb, yanında bir neçə yumru mazıya oxşar bir şey çəkilib.
 
Hirsləndim. Uşaqları çağırdım. Genə haman and və qəsəm, genə bir-birinin üstünə atmaq, genə göz yaşı…
 
Mən bu dəfə o qədər incidim ki, o günü bidamağ oldum və çörək yeyə bilmədim. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə; həmi mənim tərbiyəmi pozub divarı xarab edir, həmi and-aman ilə mənə bu qədər bərk-bərk yalan satır və beləliklə öz qorxaqlığını açıq-açığına bildirir.
 
Bu da keçdi və bir-iki aydan sonra bu giley-güzar başladı yaddan çımağa.
 
Amma bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim, gördüm divarda genə haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçə yumru-yumru yazılar.
 
Bu dəfə uşaqlara bir söz dəxi demədim; öz-özümə fikir elədim ki, əgər mənim uşaqlarımın biri inada düşüb məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyib, bəlkə öz-özünə düşünə ki, bu iş özü hər babətdən pis işdir.
 
Digər tərəfdən də məni məşğul edən tərbiyə məsələsi idi ki, aya, görək mən uşaqlarıma verdiyim tərbiyənin hansı bir tərəfi yalnış yola düşüb; aya, görək mən kimi qoca mürəbbinin səhvi harada olub və bundan sonra uşaqlarım barəsində bəslədiyim rəftarın hansı tərəfinə təğyir verməliyəm…
 
Böyük şəhərdə yaşamaq çox babətdən rahatçılıqdır. Xüsusən bazar-dükanda cəm olan dünyanın hər bir neməti, – yeməli və içməli qəbilindən – hamısı həməvəqt şəhər əhli üçün mühəyyadır. Və bazar-dükandan əlavə heç bir mətah yoxdur ki, onu əllərdə gəzdirməsin və sənin öz qapına gətirib satmasınlar; meyvə, pencər, yağ, pendir və qeyriləri.
 
Bizim də bir müştərimiz var ki, ayda bir, həftədə bir, sağ əlində bir vedrə yağ, sol əlində bir səbət yumurta, çiynində tərəzi, hıqqına-hıqqına pilləkənləri çıxar yuxarı və bizə salam verəndən sonra həmişə belə deyər:
 
- Qab gətirin.
 
Ev adamı və uşaqlar və gahda bir mən özüm də həməvəqt çıxarıq bunun qabağına, salamını alarıq, kefini soruşarıq və sonra gətirdiyi əşyaya tamaşa edib qiymətini xəbər alarıq. Bu da həmişə belə cavab verər:
 
- A kişi, qiymətini bilirsiniz, qab gətirin.
 
Və bu növ sual-cavabın nəticəsində müştərimiz bizə bir neçə girvənkə yağ çəkib verər, bir qədər yumurta sayıb verər; pulumuz olanda alar, olmayanda da nisyə qoyar gedər ki, bir də yolu düşəndə gəlsin.
 
Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırx-qırx beş, uca boy, bir kasıb və fağır İran əhlidir.
 
Dünən Kəblə Əzim yenə yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, Dərbənd yağıdır, çıxarı çox az olacaq, özü də kəhrəba kimi, yeyəndə ətrindən doymaq olmayacaq; yumurtaları da guya Qurnaşın kəndindən gətirib, oranın toyuqları guya çəmənlərin otundan və çiçəyindən başqa bir yemirlər.
 
Yağdan beş-altı manat, yumurtadan da genə bir qədər borcumuz qaldı. Çünki o günü xırda pulumuz olmadı (yəni böyük pulumuz da yox idi). Kəblə Əzim şey-şüyünü götürdü və çıxdı dalana ki, getsin; mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə tapşıra idim Ərdəbildən təzəliklə gələn olsa, mən xəbər versin; Ərdəbil fazili Mirzə Ələkbər ağa barəsində əhval bilmək istəyirdim (çünki Kəblə Əzim özü ərdəbilli idi).
 
Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə keçib qapının dalına və bir gödək karandaşın ucunu ağzına soxub fikrə gedib. Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altından bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb elədim və əhvalım da birdən nədənsə dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən soruşmamış dedi:
 
- Molla əmi, doğrusu mənim dərsim-zadım yoxdu, bu bir yaddaşdı, yazdım ki, hesablar dolaşmasın.
 
Mən qəh-qəh çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?
 
Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar da yumurtadan qalan borcumun hesabı imiş.
 
Mən yenə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:
 
- Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin!
 
Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:
 
- Dədə, bunu kim yazıb?
 
Dedim:
 
- Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təfavütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.
 
Uşaqlar çox gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.