Nağıllar, hekayələr

Dilrüba Nurəddinqızı. Qazların uçuşu

Qazların, durnaların köç edərkən havada necə uçduğunu görmüsünüzmü? Onlar başqa quşlar kimi dağınıqlığı sevmirlər. Köç eləyən zaman səmada nizamla düzülüb  şəklində uçurlar. Alimlər qazların belə uçması ilə maraqlanıb araşdırma aparıblar. Nəticə olduqca maraqlıdır... Sən demə, çöl qazları  şəklində uçarkən öz güclərinə qənaət etmiş olurlar.

 

Köçəri quşlar bir yerdən başqa yerə köçərkən böyük məsafə qət edirlər. Uçuş zamanı daim hava axınını yarmaq onları çox yorur. Qaranquş kimi kiçik quşlara bu, bir o qədər təsir etməsə də, qaz, durna kimi iri quşların işini xeyli çətinləşdirir. Məhz buna görə də qazlar köç edərkən  şəklində düzülürlər. Belə olduqda qarşıda qanad çalaraq hava axınını yaran qaz arxadakının işini xeyli asanlaşdırır. Beləliklə, qazlar getdikləri yerə daha az güc sərf etməklə çatırlar. Qazlar tək-tək və ya topa şəklində uçsaydılar, bəlkə də, bu yolun heç yarısını qət edə bilməzdilər.

 

Qazların özünəməxsusluğu bununla bitmir. Qaz dəstəsində ədalətli qaydalar hökm sürür. Belə ki, uçuş zamanı dəstədəkilərin hər biri eyni dərəcədə güc sərf etmək üçün yerini tez-tez dəyişir. Yorulan qaz arxaya keçir, yerini isə ondan sonra gələn qaz tutur. Onlar yerlərini növbəli şəkildə dəyişdiyindən minlərlə kilometr yolu daha az güc sərf edərək uçurlar.

 

Bundan başqa, qazlar çətin anlarında bir-birinə dayaq olurlar. Məsələn, dəstədəki quşlardan biri xəstələnsə, ya da yaralansa, digərləri ona laqeyd qalmırlar. Bu zaman dəstədən iki qaz ayrılıb xəstə quşla qalır. O, sağalana kimi qayğısını çəkirlər. Sağalandan sonra onlar yenidən yollarına davam edir, ya da başqa bir qaz dəstəsinə qoşulurlar. Yeni dəstə də onları məmnuniyyətlə öz sırasına qəbul edir.