Xəbərlər

Şagirdlərin peşə seçimləri ilə bağlı fikirləri müəyyənləşdirilib

Paytaxtda məktəblilər üçün “Uğurlu peşə seçimi” mövzusunda təlim keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində 57 nömrəli tam orta məktəbdə təşkil olunan təlimdə pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak ediblər.

 

Təlim məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara kömək göstərilməsi, övladlarını yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltmək barədə valideynlərin məlumatlandırılması məqsədi daşıyıb.

 

Təlimdə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələlərinə aydınlıq gətirilib. Eyni zamanda, iş və karyera anlayışları, düzgün peşə seçimi prosesinin mərhələləri müxtəlif nümunələr əsasında müzakirə olunub.

 

Daha sonra şagirdlər peşə seçimi ilə bağlı test tapşırıqlarını yerinə yetiriblər. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin gələcəkdə peşə seçimləri ilə bağlı fikirləri müəyyənləşdirilib.