Xəbərlər

Bu Gün Ümumdünya Görmə Günüdür

Hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü qeyd edilir.

 

AZƏRTAC xəbər verir ki, Ümumdünya Görmə Günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə təsis edilib və görmə qabiliyyəti tam məhdud olanların, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.

 

Xroniki korluğa səbəb olan problemlər katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığıdır. Statistikalara əsasən dünyada gözlə əlaqədar yaranan ən geniş yayılmış problemlərə yaş və diabet xəstəliyi də səbəb olur.

 

ÜST-ün məlumatına görə, dünyada təxminən 2,2 milyard insan görmə qabiliyyətindən məhrumdur. Göz xəstəliklərindən əziyyət çəkənlərin sayı isə 19 milyondan çoxdur. Görmə qüsuru olanların 82 faizinin yaşı 50-dən yuxarıdır. Son illərdə bir çox ölkələrdə yaşlılar arasında görmə qabiliyyətini itirənlərin sayı daha çoxdur. Lakin vaxtında müalicə edilməklə korluq hallarının əksər hissəsinin qarşısını almaq olar.

 

Ötənilki statistikaya görə, ölkəmizdə 172, 7 min nəfər göz və göz aparatının xəstəliklərindən əziyyət çəkir. Onların 32, 8 mini 13, 46, 3 mini isə 18 yaşınadək olanlardır.

 

Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.

 

Bununla yanaşı, göz xəstəliklərinin profilaktikası üçün bir sıra qaydaları da unutmaq olmaz. Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə uzun müddət normal görmə qabiliyyətini saxlamaq mümkündür.