Xəbərlər

Cüdo idman növü üzrə respublika birinciliyinin qalibləri mükafatlandırılıblar

Bakı, 22 may, AZƏRTAC

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 14-16 yaşlı idmançılar arasında cüdo idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən birinciliyə 9 çəki dərəcəsi üzrə 200-dək idmançı qatılıb.

 

Yarışın açılış mərasimində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər.

 

Yarışın nəticələrinə əsasən, birinci yeri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, ikinci yeri Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası, üçüncü yeri isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası tutub.

 

Qaliblər kubok və diplomla təltif ediliblər.

 

Yarışın keçirilməsində məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.