Odlar Yurdu

Azərbaycanın çayları

Azərbaycanın ərazisində 8359 çay qeydə alınıb. Onların yalnız 21-nin uzunluğu  100 kilometrdən çoxdur. Çayların orta illik axın həcmi 30,9 kubkilometrdir. Onun 23 kubkilometri  ölkə hüdudlarından kənarda, yalnız 8 kubkilometrə qədəri respublika daxilində formalaşır. 
 
Azərbaycan ərazisində çaylar yağıntının  daha çox düşdüyü orta və yüksək dağlıq ərazilərdə yaranır və mənbəyini əsasən Böyük və Kiçik  Qafqaz dağ silsilələrindən götürür. 
 
Azərbaycan ərazisindəki çaylar  coğrafi mövqeyinə görə dörd qrupa bölünür: 
 
 
1. Böyük Qafqaz sıra dağlarının şimal-şərq yamacındakı  çaylar;
2. Qobustan-Abşeron çayları;
3. Kür-Araz hövzəsi çayları;
4. Cənub zonası çayları. 
 
Kür, Araz və Samur Azərbaycanın ən böyük çayları sayılır. 
 
Kür çayı başlanğıcını Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür, Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olur.  Ümumi uzunluğu 1515 kilometrdir. Bunun 906 kilometri Azərbaycan ərazisindədir. Ölkəmizin iqtisadiyyatı üçün Kürün böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, onu Ana Kür adlandırırıq.
 
Əsasən, yeraltı sular, qar və yağış suları ilə qidalanan  Kür çayından  suvarma məqsədi ilə geniş istifadə olunur. Kür çayı üzərində üzərində Mingəçevir, Varvara, Şəmkir və Yenikənd su elektrik stansiyaları tikilib. Kür həm də respublikamızda  gəmiçilik üçün  yararlı olan yeganə çaydır.
 
Kür çayı kimi, Araz  çayının da mənbəyi Türkiyə ərazisindədir. Başlanğıcını Bingöl silsiləsindən, 2990 metr yüksəklikdən götürən  Araz çayı  Sabirabad rayonunun Suqovuşan kəndində Kürlə birləşir. Araz çayının uzunluğu 1072 kilimetrdir. O, yeraltı sular, qar və yağış suları ilə qidalanır. Üzərində Araz, Mil-Muğan və Bəhramtəpə  su qovşaqları inşa edilib.                                                                                                                                                                                                                                                                                                      
Samur çayı isə mənbəyini  Dağıstan ərazisində 3600 metr yüksəklikdən götürür. Uzunluğu 216 kilometrdir. Abşeronun su ilə təchizatında böyük rol oynayan Samur-Abşeron kanalı suyunu bu çaydan götürür. 
 
Azərbaycanın ərazisindən axan digər əsas çaylar bunlardır: 
Böyük Qafqazın şimal-şərqindən axaraq birbaşa Xəzərə tökülən  çaylar:Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Dəvəçiçay, Ataçay.
 
Qobustan-Abşeron çayları: Sumqayıtçay, Ceyrankeçməz, Pirsaat.
 
Böyük Qafqaz dağlarının  cənub yamacındakı çaylar: Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Şinçay, Kişçay, Daşağılçay, Əyriçay.
 
Şirvan zonası çayları: Əlicançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay. 
 
Kiçik Qafqaz dağlarının şimal-şərq yamacındakı çaylar: Ağstafaçay, Həsənsu, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay.  
 
Kiçik Qafqaz dağlarının  cənub-şərq yamacındakı çaylar: Tərtərçay, Xatınçay, Qarqarçay, Quruçay, Köndələnçay, Həkəri, Bərgüşad, Oxçuçay.
 
Naxçıvan  Muxtar Respublikasının  ərazisindən axan çaylar:  Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay.
 
Cənub bölgəsinin çayları: Viləşçay, Lənkərançay, Astaraçay, Bolqarçay, Təngərud.
 
Azərbaycanın sərhəd çayları: Samur, Mazımçay, Qanıx, Qabırrı, Araz, Bolqarçay, Astaraçay.